23 May 2022 13:56
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşün yekunlarına dair açıqlanan məsələlər qarşıda duran prinsiplərin həlli istiqamətində ciddi xarakterə malikdir. Artıq üçüncü dəfə baş tutan görüş ümumilikdə 5 saat çəkib və bir sıra vacib məsələlər üzrə ilkin razılıq əldə edilib. Müzakirələr Azərbaycanın prinsipial mövqeyi əsasında keçirilib. Bu mənada görüşdə “Dağlıq Qarabağ” ifadəsi işlədilməyib. “Status” və başqa məsələlərə isə ümumiyyətlə yer verilməyib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Onun fikrincə, Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə səslənən məsələlərə isə dövlətimizin mövqeyi aydındır:

“Bununla bağlı Azərbaycan tərəfindən həmişə bəyan edilib ki, ölkə ərazisində dinc yaşayan ermənilərin təhlükəsizliyə təminat verilir. Həmçinin hümanitar sahədə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi də müzakirə edilən məsələlər sırasında olub. Eyni zamanda tərəflər Azərbaycan Ermənistan sərhədində Sərhəd Komissiyalarının ilk birgə iclasının keçirilməsini razılaşdırılıb. Bu komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq”.

Millət vəkili kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə razılığın əldə edilməsinən bəhs edib:

“Bu baxımdan sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılığa gəlinməsi də çox vacib məsələlərdir. Bütün bunların fonunda Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması ilə bağlı razılıq əldə olunub”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər