“Brüssel görüşündə müəyyən irəliləyişlər var. Bunun fonunda biz görürük ki, Xankəndində təxribatlar baş verir. Sonuncu dəfə rus sülhməramlıların mayoru Fominin başçılığı ilə ermənilər Xankəndində akademik Saxarovun şərəfinə abidə ucaldıblar. Bu azmış kimi abidənin üzərində təhlükəli yazı yazılıb, ermənilərə məsləhət görülür ki, ürəkli olsunlar. Mən hesab edirəm ki, bu təxribatdır və məqsəd yenidən Ermənistan-Azərbaycan münasibətlərini qızışdırmaq, gərginlik yaratmaqdır”.
Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.
O əlavə edib ki, rus sülhməramlıları öz statuslarından çıxış etmir:
“Əslində Brüsseldə razılaşdırılan məsələlərdən biri yaxın günlərdə sərhəd komissiyalarının iclasının keçirilməsidir. Brüsseldə İlham Əliyevin qazandığı ən mühüm qələbə bəyanat, açıqlama və razılaşmalarda “Dağlıq Qarabağ” ifadəsinin, "status" sözünün olmamasıdır. Yəni Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi ermənilərin də hüquqları müzakirə edilib. Yəni bizdə yaşayan erməni etniklərin hüquqları digər etniklərimizin hüquqlarından fərqli olmayacaq. Bizdə də bütün insanların hüquqları qanunla qorunur, təhlükəsizliyi yüksək səviyyədə təmin edilir”.
Nuriyev qeyd edib ki, Rusiya bu razılaşmanın həyata keçməməsi üçün çalışacaq:
“Yəqin ki, təxribatlar olacaq, ruslar seyrçi mövqedə qalmamaq üçün çalışacaq. Amma başqa yol da yoxdur. Ermənistan Azərbaycanla Naxçıvan arasında dəhlizi açmalı olacaq. Nəzərə almaq lazımdır ki, Rusiya indiyə qədər çox şey istəməyib. Bizim başqa şansımız yoxdur, məcburuq ki, yaradılan yeni imkanlardan istifadə edək”.