1 İyun 2022 21:47
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zahid müəllim, Brüsseldə verilən qərarla Ermənistanda küçələrdəki etiraz arasında paralellik aparılsa, Avropa İttifaqının real təzyiq imkanlarını necə dəyərləndirmək olar?

- Avropa Birliyinin bilavasitə Ermənistana 32 il bundan öncədən fərqli olaraq real təzyiq və təsir mexanizmləri var. O dövrdə həqiqətən də Sovetlər Birliyinin dağılması fonunda işlək rıçaqlar ermənilərin əlində idi. Bu gün də onlar müxtəlif Qərb institutlarında mühüm mövqe tutur, qərarvermə proseslərinə təsir göstərir, Azərbaycanla bağlı informasiya məkanını zəhərləyirlər. Başqa bir tərəfdən kütləvi olaraq ermənilərin bu regionu tərk etməsi fonunda orada sanki alternativ ikinci bir məkan yaranır. Yəni həmin insanlar bir sosial qrup halında o ərazilərdə lokal mövqe tuturlar. Sanki real coğrafi Ermənistan başqa məkanda yaranır. Ona görə də, görürsünüz, Rusiyanın içərisində, Şimalı Qafqazda, Amerikanın Kaliforniya ştatında, yaxud Belçikanın lokal bir ərazisində, Almaniyada da həmçinin belə bir durum var.

Avropa Birliyinin son il yarım ərzində, xüsusilə də Şarl Mişelin liderliyi altında apardığı danışıqları ona görə faydalı hesab edirik ki, onlar bölgə dövlətlərinin mənafelərinə zərbə vuraraq, onları sıxışdırıb meydandan çıxarmaq vasitəsi ilə özlərini aparıcı güc sahibi olmağa çalışmırlar. Ən azı bu, hələ ki belə bir səviyyədə deyil. Digər tərəfdən əsas maliyyə kütləsi Brüsseldədir. Ermənistanda revanş götürməyə çalışan hər hansı təşkilat, partiya, hərəkat və yaxud fərdi şəxslər yaxşı dərk edirlər ki, xalq onlardan torpaq və “status”dan daha çox özlərinin real dolanışığını tələb edir. İndi onlara çörək Qarabağdan şirin olub. Ermənilər başa düşürlər ki, onlar xüsusi bir imtiyazı hərbi meydanda itiriblər.

- Sizcə itirilmiş “status” niyə ermənilər üçün ölüm kimi hesab edilir? Bu, düşüncə problemidir, yoxsa barışmamaq psixologiyasından qaynaqlanır?

- “Status”suz erməni ölümə məhkum deyil axı...Ona görə də, delimitasiya və demarkasiyaya sadəcə sərhəd əməliyyatı, hansısa nişanlama prosesi kimi baxmaq olmaz. Doğrudur, Mqer Qriqoryanla Şahin Mustafayev bundan öncə də işçi komissiyanın rəhbərləri idilər. İndi onlar həm də bilavasitə bu komissiyada görüşə başlayıblar. Bunun Brüssel görüşündən sonra dərhal reallaşması özü-özlüyündə onun sübutudur. Tərəflər xüsusilə də Azərbaycan, Rusiya-Qərb və yaxud Rusiya digər dövlətlər arasındakı konfiliktdən faydalanmır. Biz görürük ki, həqiqətən də Avropa Birliyi Qarabağın Azərbaycan ərazisi kimi tanınmasına görə Ermənistana təzyiq edir. Burada yalnız etnik ermənilərdən söhbət gedir. Buna görə də ictimai fikrə təsir göstərən, ictimai rəy “liderləri” sayılan ermənilərin hamısının mövqeyindən məsələ ilə bağlı Nikol Paşinyan üzərinə hücumlar var. Öz xalqının əslində gələcəyini 30 il bundan öncə daha dəqiq görən, düşünən və indi ağlaya-ağlaya onların Qarabağ ətrafı əraziləri tutmaqla faciəni doğurdunuz sözünü açıq mətnlə söyləyən Levon Ter-Petrosyan bu aksiyaların mitinqlərin nələrə səbəb olacağını bir daha bəyan edir.

- Bu günlərdə Ermənistan baş nazirinin ölkə parlamentindəki etirafı da ona ünvanlanan ittihamlara cavab kimi izah olunur. Faktiki olaraq Paşinyan özündə öncəki iqtidarı Madrid prinsipləri ilə Qarabağdan imtinada günahlandırır...

- Paşinyanın ötən günlərdə emosional formada Madrid prinsiplərinin 1991-ci ildəki referendumun üzərindən xətt çəkdiyini və bundan öncə hakimiyyətlərin erməni xalqına hansı zərbələri vurduğunu deməsi bir çox mətləblərə geri dönüş etdi. Bu onu sübut edir ki, Azərbaycanın 1993-cü ildən sonrakı hakimiyyət liderliyini üzərinə götürən ulu öndər Heydər Əliyev və o cümlədən bu qələbənin real olaraq hərbi və siyasi meydanda müəllifi İlham Əliyev də bütün diplomatik, siyasi raundlarda həmişə ölkəmizin mənafeyini yüksək tutub. Ona görə də, artıq irəliyə doğru böyük tarixi addım atılıb. Sərhəd Komissiyaların yaradılmasını illər ərzində ağlımıza belə gətirə bilməzdik. Prosesin özü ermənilərlə kommunikasiyaların açılması demək deyil. Bundan sonra görüşlərin nə qədərki Moskvadan sonra Brüsseldə keçiriləcəyi bəllidir. Lakin nəhayət İrəvanda, Zəngəzurda, yaxud elə Şərqi Zəngəzurda bu görüşün keçirilə biləcəyi düşüncəsindəyik. O halda ki, bunlar anlasınlar komissiyanın tərkibinə baxdıqda Gədəbəydən, Tovuz-Qazax və yaxud digər ərazilər üzrə də prosesə bilavasitə müdaxilə imkanında dövlət qurumlarının təmsilçiləri yer alıb. Onlar hansı xəritələrlə necə işləməyi profesionallıqla bilirlər. Ermənilər məhz bundan narahatdırlar ki, xüsusilə də Qazax və digər ərazilərdə Azərbaycan özünün tarixi mövqelərini bərpa edəcək. Yanaşmalar məhz bu cürdür. Sərhəd razılaşdırma prosesi uzun zaman çəkə bilər. Amma mübahisəsiz olan koordinat sistemləri yetərincə çoxdur. Məhz ona görə də bu, özlüyündə ermənilərlə sərhəd tanıma hadisəsindən daha çox bir-birini tanıma, qəbul etmə, dinc yanaşı yaşamanın bir formulunu meydana gətirmə hadisəsidir. Bu, yalnız mexaniki bir proses deyil. Onsuz da bir çox dövlətlər, hətta Qərb arealında ayrı-ayrı ölkələr arasında sərhədləri sona qədər tanıtdırmaq mümkün olmur. Bizim bölgədə də bu faktlar yetərincə çoxdur. Keçmiş sovet ərazilərində hələ də buna görə gərginlik yaşanır. Bu mənada biz Rusiya-Ukrayna məsələsindən bəhs etmirik. Ona görə bölgəni yenidən inşa etmək, qurmaq formalaşdırmaq, tarixi bir prosesdir. 300 illik dönəmdə ermənilərlə nəhayət savaşsız yaşamaq fərqli bir sülh erasına daxil olmaq hadisələri gerçəkləşə bilər.

- Sizcə, biz Ermənistanla imzalanacaq müqavilələrə nə dərəcədə etibar edə bilərik? Həqiqətənmi sənədlər tankların, topların, erməni avantürasının gələcəkdə qabağını ala bilər?

- Bu, əsla belə deyil. Biz məğlubiyyət dönəmindən bu cür uğurlu, ən yüksək coğrafi, hərbi iqtisadi yüksəkliklərə qalxmışıq. Buna nail olmuşuqsa, gələcəkdə həmişə ermənilərdən öndə olacağıq. Onların bizi başqa bir formada üstələməsi qeyri-realdır. Son 300 illik tarixdə ermənilər heç zaman indiki qədər zəif, acınacaqlı vəziyyətə düşməyiblər. Azərbaycan dövləti isə xalq, ordu və birinci şəxs amilində heç zaman indiki qədər güclü olmayıb. Üç parametrin hamsının yerində olması vacib idi. Qarşı tərəfin üç amil üzrə geri olan durumu məhz indiki dövrdə özünü göstərməkdədir.

- Ermənistandakı aksiyalar nə dərəcədə inkişaf edib böyüyə bilər?

- 90-cı illərdə Razdan meydanında yüz minlərlə şəxs "biz çörək yox, Qarabağ istəyirik" deyirdi. İndi isə məhz Ermənistanda yaşayan ermənilərə dünya erməniçiliyindən bu hadisələri siyasi biznesə döndərən, siyasi korrupsiya ilə məşğul olan və hakimiyyət uğrunda mübarizə yolunda insanları istismar edən qüvvələri vurğulamırıq. Bu gün Ermənistanda meydana çıxan insanlar başa düşürlər ki, övladlarını səhəri gün əllərindən alıb səngərə göndərəcəklər. Ona görə də, ictimai təzyiq silahları işə salınsa da yüz minlərin müqabilində bu gün meydanlarda min nəfərlər Paşinyan hakimiyyətini devirmək gücündə deyil. Lakin qəsdlər hər zaman mümkündür. Bu, realdır və proseslərin içərisində o qüvvələrin olduğunu Paşinyan özü də söylədi. Ermənistandakı bütün nəqliyyat sistemlərini ona görə iflic etdilər ki, Paşinyana qarşı silahlı basqını törətsinlər. Hələ ki, proses hərbi qüvvələrin müdaxiləsi olmadan dinc məcrada keçir. Amma istənilən halda qan tökülə bilər. İndi isə erməni xalqı, siyasətçiləri biri digərinin qanını tökməkdədir. Burada Azərbaycan iştirak etmir. Bu baxımdan əldə edilən razılaşmalar böyük bir prosesin parçasıdır. Ən sonda əldə ediləcək razılaşmalar, sənədlər, qətiyyən yalnız Ermənistanla bağlanan sülh müqaviləsi olmayacaq. Bu, bölgə, dünya üçün fərqli bir dönəm və eradır. Hazırkı qlobal təhlükəsizliyin ən ağır vəziyyətində bəlkə də dünyanın özü üçün yaxşı bir xilas, çıxış yolu formulasıdır.


Müəllif: Tapdıq Qurbanlı