25 Oktyabr 10:54
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistan tərəfi Azərbaycanın BMT qətnamələri əsasında Qarabağda hərbi əməliyyatlar apardığını etiraf edib. Bu, Azərbaycana əlavə hansı hüquqi-siyasi üstünlüklər qazandıra bilər?

- BMT-nin 1992-1993-cü illərdə qəbul edilmiş qətnamələrində Azərbaycanın ərazi bütövlüyü keçmiş Dağlıq Qarabağ regionu ilə birlikdə öz əksini tapıb. Həmin qətnamələrdə də qeyd edilib ki, erməni hərbi birləşmələri heç bir ilkin şərt olmadan bu ərazilərdən çıxarılmalıdır. Bu mənada BMT qətnamələri heç də adi bir sənəd deyil. Ona görə də, Azərbaycanın ərazi bütövlüyünü tanıyan məlum qətnamələr hüquqi-siyasi gücə malikdir.

- Bu, eyni zamanda işğal faktının qəbul edilməsi kimi də izah edilə bilərmi?

- Burada erməni tərəfinin əsassız yanaşmaları var. Hətta iddia edirlər ki, Ermənistan Azərbaycanla birbaşa müharibəyə başlamayıb. Amma Azərbaycan tərəfi bunu tam şəkildə sübut edib. Eyni zamanda Avropa Məhkəməsində bu məsələ öz əksini tapıb. Açıq şəkildə qeyd edilib ki, keçmiş Dağlıq Qarabağda başlayan işğal siyasətinin və separatizm hərəkatının arxasında məhz Ermənistan dayanıb. Çünki orada Azərbaycana qarşı döyüşən hərbiçilər Ermənistan ordusunun əsgərləri olub. Həmçinin maliyyələşmə birbaşa Ermənistan büdcəsindən həyata keçirilib.

- Təzminat məsələsində Ermənistanın son etirafları nə dərəcədə təsirli görünür?

- Artıq Ermənistan siyasi rəhbərliyi Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edir. Dünya birliyi, beynəlxalq hüquq da bu əraziləri Azərbaycanın ərazisi daxilində tanıyıb. Bu mənada atılacaq addımlar beynəlxalq hüquqa əsaslanır.

- Ermənistan tərəfi indi daha çox sülhdən danışır. İrəvanı bu məsələdə tələsdirən səbəblər nədir?

- Azərbaycanın sülhlə bağlı şərtləri tam aydındır. Ermənistan Konstitusiyası dəyişdirilmədən bu mümkün olmayacaq. Konstitusiyanı dəyişməyin isə iki yolu var. Birinci Amerika variantıdır. Burada konstitusiyaya əlavələr və düzəlişlər etməklə məsələ həll olunur. Digər variant isə yeni konstitusiya mətninin hazırlanmasıdır. ABŞ nümayəndəsi də bu günlərdə regiona gəlmişdi. O da sülh məsələsinə görə bölgədə idi. Sadəcə olaraq erməni tərəfi indi sülhdən daha çox danışmaqla “topu” Azərbaycana atmaq istəyir. Elə bir görüntü yaradırlar ki, guya onlar sülhə hazırdır və s. Amma fundamental məsələlər həll olunmadan bu mümkün deyil.

- Konstitusiya dəyişikliyində Ermənistan hansı varianta daha yaxındır?

- Erməni tərəfi 2027-ci ildə konstitusiya dəyişdirilməsi üçün komissiya yaradıb. Ona görə də, görünür onlar yeni bir mətn hazırlayır. Bu da referendum yolu ilə qəbul edilən bir məsələdir.

- Belə çıxır ki, sülhdən danışılsa da, 2027-ci ildən tez hansısa bir sənədi imzalamaq mümkün olmayacaq?

- Əgər tərəflər hansısa bir mətn üzərində razılığa gəlsə, ilkin sülh sənədini paraflamaq olar. Sənədi paraflayıb bir kənara qoyub mümkün zamanı gözləməklə bağlı razılıq əldə edilə bilər. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar çıxarıldıqdan sonra yekun sülh sənədinə imza atılacaq.

- Qarabağ işğalda olan dövrdə Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı dəyişilik tələbi necə qeyd edilirdi?

- O dövr də belə tələblər var idi. Hətta bunun əsasında Azərbaycan Ermənistanı Beynəlxalq Məhkəməyə vermişdi. Çünki Ermənistan iddia edirdi ki, guya onların bu konfliktə aidiyyatı yoxdur. Uydururdular ki, bu, Dağlıq Qarabağda yaşayan ermənilərin işidir. Guya onlar öz müqəddəratını təyin etmək uğrunda mübarizə aparır və s. Amma Azərbaycan tərəfi olaraq biz bununla bağlı hüquqi sənədləri ortaya qoyurduq. Mənim Xarici işlər naziri olduğum dövrdə açıq şəkildə bu sənədləri beynəlxalq ictimaiyyətə təqdim etdik ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası var. Eyni zamanda Ermənistan dövlət büdcəsindən Qarabağdakı separatçılara pul ayrılır. Bunu daha sonra hamı gördü. Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində heç vaxt Qarabağdakı separatçılarla danışıqlar aparmayıb. Bunun Minsk qrupunun üç üzvü (ABŞ, Rusiya, Fransa) da təsdiq edir. Danışıqlar Azərbaycanla Ermənistan arasında gedirdi. Bu elə məsələnin mahiyyətini göstərir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər