25 Oktyabr 09:14
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Türkiyənin paytaxtı Ankarada törədilən terror aktını hansı aspektlərdən şərh etmək olar - Yaxın Şərqdə baş verənlər, ya MHP lideri Dövlət Baxçalının PKK terror təşkilatı və onun lideri Abdullah Öcalana son təklifi baxımından?

- Terror hadisəsinin bu ərəfədə baş verməsi müxtəlif fikirlərin yayılmasına səbəb olub. Çünki bundan bir gün öncə hökumətin ortağı, MHP lideri faktiki dedi ki, PKK-nın həbsdə olan liderini əfv etmək mümkündür, amma onun terror təşkilatını tərksilah olmağa çağırması şərtilə.

Bu çıxış böyük qalmaqala səbəb oldu, heç kim MHP liderindən belə bir addım gözləmirdi. MHP uzun illər PKK və Öcalana qarşı sərt mövqe tuturdu, dialoqa qarşı çıxırdı, amma bu çıxışdan sonra məndə belə bir təəssürat yarandı ki, bu, hakimiyyətin planıdır. Əvvəlcə Baxçalı bu haqda açıqlama verdi. PKK məsələsinin birdəfəlik həllinə girişiblər. Bir dəfə bu məsələ “kürd açılımı” adıyla ortaya atılmışdı, amma nəticəsi olmadı – PKK silahı yerə qoymadı, terrora davam elədi.

Görünür, yenidən bu mövzuya qayıdıblar. Əslində PKK-nın Türkiyə daxilində elə bir gücü qalmayıb, amma Suriya və İraqda gücləri hələ də var. Türkiyəni o narahat edir ki, xarici güclər Suriya və İraqda PKK/PYD/YPG terror təşkilatından öz məqsədləri üçün istifadə edirlər. Üstəgəl, bu gün Yaxın Şərq də qarışıqdır, çağırışı bu baxımdan da ediblər. Bundan sonra belə bir akt baş verdi.

PKK daxilində dialoq əleyhinə olan qüvvələr var, düşünürəm ki, terror aktını onlar həyata keçiriblər. Amma bunun arxasında xarici qüvvələr də ola bilərdi. Məqsəd Türkiyə hökumətinin planlarını pozmaqdır.

Bəllidir ki, bu, bir günün içində planlaşdırılmayıb. Necə ola bilər: MHP lideri çıxış edir, bir gün sonra terror aktı baş verir? Bu, fiziki cəhətdən də mümkün deyil. Belə aktların planlaşdırılması və həyata keçirilməsi aylar-illər alır. Buna görə də, terrorla bağlı planın çoxdan olduğunu düşünürəm, yatmış hücrələrdən istifadə elədilər. Sadəcə məqamını gözləyirdilər.

Bundan sonrakı hadisələr də maraqlı olacaq. Baş verənlər Türkiyənin PKK-nın tərksilah edilməsi ilə bağlı planlarını pozacaqmı? Bununla bağlı ciddi suallar var.

Məncə, Öcaladan əfv olunub öz tərəfdarlarını silahı yerə qoymağa çağırması o demək olmayacaq ki, PKK avtomatik tərksilah olacaq. Dediyim kimi, PKK daxilində də fərqli düşünən qüvvələr var. Məsələn, PKK-nın Qəndil dağındakı lideri Cəmil Bayık bundan öncə açıq demişdi ki, hətta Öcalan nəyəsə çağırış etsə, bu, həmin çağırışın dərhal yerinə yetirilməsi demək olmayacaq. Bayık bu mümkün çağırışı onunla əlaqələndirdi ki, Öcalan Türkiyə hökuməti tərəfindən “girov” saxlanılır.

Öcalan 25 ildir həbsdədir, bu müddətdə PKK daxilində fərqli qüvvələr yetişib. Yəni ümid etmək olmaz ki, Abdullah Öcalan bu çağırışı eləsə, PKK məsələsi birdəfəlik bitəcək. Türkiyə daxilində də belə düşünənlərin sayı az deyil.

- Demək olar ki, Öcalandan Baxçalıya müsbət cavab gəldi. PKK lideri söylədi ki, şərtlər yaranarsa, məsələləri hüquqi baxımdan çözmək olar. PKK-nın siyasi qanadı HDP-DEM də müsbət reaksiya verdi. Amma Qəndil bəyan edir ki, yola Öcalansız da davam edə bilərlər. Durum belədirsə, proses hansı şəkli alacaq?

- Sovet dövründən PKK ilə bağlı Türkiyədəki prosesləri izləyirəm. Gəldiyim qənaət budur ki, PKK-nı yalnız ordu və silahla yox etmək çətindir. Türkiyədə də belə düşünənlər çoxdur. Dəfərlərlə buna cəhd olub.

Bəli, PKK Türkiyə daxilində zəifləyib, amma tam yox olmayıb. Türkiyə Baş Qərargahının keçmiş rəisi 90-cı illərin ortalarında maraqlı bir rəqəm səsləndirmişdi, o demişdi ki, hazırda PKK-nın 5 min aktiv üzvü var, 15 min terrorçusunu da məhv etmişik. Bu o deməkdir ki, hər dəfə terrorçular zərərsizləşdiriləndə yenə onlara qoşulanlar olur. Məsələn, guya Türkiyədə kürdlərin mütləq əksəriyyəti qanunlara hörmət edir? Onların içərisində radikallar da var, gedib dağlarda PKK-ya qoşulurlar. Bu onu göstərir ki, PKK-nı ordu vasitəsilə məhv etmək mümkün deyil.

Başqa addımlar da atılmalıdır. Düşünürəm ki, Türkiyə bu addımları atmaq ərəfəsindədir. İndi HDP və ya DEM-dən də müəyyən çağırışlar ola bilər. Ərdoğan 2000-ci illərin əvvəlində “kürd açılımı” siyasətinə getmişdi. Bu çərçivədə kürdlərin müəyyən hüquqları tanındı, kürd dilində radio-televiziyalar açıldı, məhkəmələrdə kürd dilində özünümüdafiə hüququ verildi və sair. Amma bunlar PKK terrorunu tam aradan qaldırmağa bəs eləmədi. İndi hansı hüquqi addımların atılacağını zaman göstərəcək, yəqin ki, müzakirələr başlayacaq.

Bir başqa məsələ də var: Ərdoğan qarşıdakı seçkiləri də düşünür. Ola bilsin ki, bu seçkilərdə kürdlərin səslərini qazanmağı hədəfləyir. Bu amilin də rolu ola bilər. Önəmlisi terrordan qurtulmaqdır. Çünki bundan Türkiyəyə rəqib və düşmən gözü ilə baxan xarici qüvvələr də istifadə edirlər. Bunu neytrallaşdırmaq lazımdır.

Bəli, Türkiyə daxilində PKK zəifləyib, fəallığı azalıb. Amma son hadisə göstərdi ki, yenə də ölkənin içində müəyyən imkanları var. Suriya və İraqda möhkəm mövqelərə malikdirlər. Əsasən də Suriyada. Bu ölkədə ordu və nəzarət etdikləri geniş ərazilər var, ABŞ da onları dəstəkləyir, silah və pul verir. Xarici mərkəzlərin əllərindən bu aləti almaq lazımdır, yaxın müddətdə Türkiyənin qarşısında duran əsas vəzifələrdən biri bu olacaq.

- PKK daxilindəki qüvvələri anladıq, bəs xarici mərkəzlər kimlərdir?

- Bu baxımdan əsasən ABŞ nəzərdə tutulur, Fransa da aid ola bilər. Çünki Fransanın da PKK və radikal kürdlərə simpatiyaları var. Türkiyədə İsraildən də çox şübhələnirlər. Çünki İsrailin radikal kürdlərlə əlaqələri var və bölgədə “Kürdüstan dövləti”nin yaranmasında maraqlıdır. Düşünürlər ki, “Kürdüstan” İsrailə müttəfiq olacaq.

Üstəgəl, getdikcə İsrailin bölgədə gücü artır, Yaxın Şərqdə bir neçə istiqamətdə müharibə aparır. Buna görə də, Türkiyədə o haqda danışırlar ki, İsrail bölgədə “Kürdüstan” yaratmağa çalışır, bunun qarşısını indidən almaq lazımdır.

ABŞ-a gəlincə, PYD/YPG-ni birbaşa silahlandırır, maliyyələşdirir, əməkdaşlıq edir. PYD/YPG isə faktiki PKK-nın özüdür. Bu təşkilatları vaxtilə PKK yaradıb.

- Görünən budur ki, Qəndil son gəlişmələrdən sonra Öcalanı dəftərdən silir və Türkiyəyə qarşı savaşı davam etdirməkdə israrlıdır. Bu durum Türkiyəyə Suriya və İraqda genişmiqyaslı, bitirici əməliyyatlara başlamağa rəvac verə bilərmi?

- O məsələ maraqlıdır ki, niyə PKK Türkiyənin içində zəif olduğu halda bu məsələ birdən-birə gündəmə gəldi?

Əlbəttə, xarici mərkəzlərin də artan rolu diqqət çəkir. Öcalana gəlincə, 25 ildir həbsdədir, Türkiyənin hakim dairələrində fikirləşə bilərlər ki, artıq cəzasını alıb, yaşı da kifayət qədər çoxdur. Yəqin ki, xəstəliyi də var. Yəqin düşünürlər ki, nə qədər ölməyib, ondan yararlanıb PKK-ya çağırış etdirək. Mümkündür ki, qəndildəkilərin hamısı onu eşitməsin, amma eşidənlər də olacaq. İndi Türkiyə hökuməti bu ssenari üzrə hərəkət eləməyə çalışacaq.

Amma tələb budur ki, Qəndillə də danışıqlar olsun. Yəqin bu yöndə müəyyən addımlar atılacaq, silahı yerə qoymaq üçün hansısa şərtlər irəli sürüləcək.

Dediyim kimi, PKK daxilində müxtəlif istiqamətlər var, təşkilatın birdən-birə silahı yerə qoyacağını düşünmək çətindir. Amma belə məqamlarla bağlı dünyada uğurlu təcrübələr var. Məsələn, Britaniyada uzun illər “Şimali İrlandiya Ordusu” adlı terror təşkilatı vardı, müstəqillik uğrunda savaşırdı, terror aktları törədirdi. Amma indi görürük ki, Britaniyada terror yoxdur. Çünki 1998-ci ildə Britaniya hökuməti razılaşma əldə etdi ki, onlar siyasi fəaliyyətə keçirlər və silahı yerə qoyurlar. Belə də oldu, “Şimali İrlandiya Ordusu” silahları yerə qoydu və ya gizlətdi. Bundan sonra terror aksiyaları baş vermədi, təşkilat üzvləri də siyasi proseslərə qarışdılar.

Dövlət Baxçalının çağırışında da bu məqam var. MHP lideri PKK üzvləri və Öcalana çağırış elədi ki, silahları yerə qoyun, DEM-in sıralarına qoşulun. Məncə, bu, Türkiyə üçün optimal variantdır ki, bununla 80-ci illərdə başlayan terrora son qoyulacaq. Amma son olay göstərdi ki, daxili və xarici qüvvələr bu prosesi pozmağa çalışacaqlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər