15 İyul 2022 16:00
1 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış

1988-ci ildə Azərbaycanın Yuxarı Qarabağ bölgəsində növbəti erməni separatizmi baş qaldırdı. Keçmiş SSRİ rəhbərliyinin problemə qeyri-obyektiv yanaşması, separatist çağırışları dəstəkləməsi bölgədə etnik münasibətlərin kəskinləşməsinə səbəb oldu. Bununla da Qarabağda yeni münaqişə ocağı yaranmış oldu və dərinləşən münaqişə böyük itkilərlə, dağıntılarla nəticələndi. 1992-1993-cü illər ərzində Azərbaycan ərazisinin 20%-i Ermənistan tərəfindən işğal edildi. Etnik təmizləmə nəticəsində həm Ermənistan ərazisindən, həm də Qarabağ bölgəsindən bir milyonadək soydaşımız qovularaq qaçqın və məcburi köçkünə çevrildi. 30 ilə yaxın aparılan sülh və nizamlanma danışıqları heç bir nəticə vermədi.

2020-ci ilin iyul ayında Azərbaycanın Ermənistanla sərhəd olan Tovuz bölgəsinə hücumlar təşkil olundu. Həmin il sentyabrın 27-də işğal olunmuş Azərbaycan ərazilərində, qoşunların təmas xəttində yenidən gərginlik yaratmağa cəhdlər edən Ermənistan tərəfi bu dəfə Azərbaycan Ordusunun əks-hücum əməliyyatları ilə qarşılaşdı. 44 gün sürən əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın işğal altında qalan ərazilər azad edildi.

Fəlsəfə və Sosiologiya institutun aparıcı elmi işçisi, Fəlsəfə doktoru, dosent Ağasəlim Həsənov Teleqraf.com-a bildirib ki, işğaldan azad edilmiş ərazilərdə kiçik istisnalar olmaqla bütün infrastruktur, tarixi mədəniyyət abidələri, məscidlər tamamilə dağıdılıb, təbii sərvətlər istismar edilib və ekoloji terror həyata keçirilib.

O, həmin əraziləri erməni vandalizminin əsl mahiyyətini göstərən açıq muzey adlandırıb: "Belə bir şəraitdə Qarabağın dirçəldilməsi, orada bərpa-quruculuq işlərinin aparılması, gələcəkdə əhalinin həmin bölgədə dayanıqlı məskunlaşmasını təmin etmək olduqca böyük aktuallıq kəsb edir. Lakin məcburi köçkünlərin geri dönüşü və bölgədə dayanıqlı məskunlaşmanın reallaşması həllini gözləyən bir sıra problemlərdən əhəmiyyətli dərəcədə asılıdır".

Ekspert qeyd edib ki, işğala son qoyulduqdan sonra minalanmış ərazilər bölgədə əsas təhlükə mənbəyi kimi qalır: “Beynəlxalq hüquqa görə, müharibə başa çatdıqdan sonra minalanmış ərazilərin xəritəsi qarşı tərəfə verilməlidir. Lakin İkinci Qarabağ savaşından məğlub ayrılan Ermənistan hələ də bu şərtə əməl etməyib. Minalanmış sahələrin xəritəsinin verilməməsi isə hərbi cinayət sayılır. Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməlidir. Çünki tərəflər arasında məlum 10 Noyabr razılaşması var ki, bu da münaqişənin dayandırılmasını şərtləndirib. Bu bəyanata müvafiq olaraq minalanmış ərazilərin xəritəsinin təqdim olunması ilə bağlı hər hansı bir məqam mövcud deyil. Amma sənədin mahiyyəti minalı ərazilərin xəritəsinin təqdim olunmasını da özündə ehtiva edir. Tərəflər razılıq əldə edib ki, əhalinin əvvəllər yaşadığı ərazilərə qayıdışı təmin olunsun. Məhz bu məqam insanların öz evlərinə təhlükəsiz qayıtmasına təminat tələb edir. Təhlükəsizlik üçün də ilkin addım ərazilərin minalardan təmizlənməsidir. Ona görə də Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etməlidir”.

Ağasəlim Həsənov işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi infrastrukturun tamamilə dağıdılmasına da diqqət çəkib: “Bu ərazilərdə tarixi mədəniyyət abidələri, məscidlər dağıdılıb, təbii sərvətlər qanunsuz şəkildə istismar edilib və təbiətə qarşı ekoloji terror həyata keçirilib. Hazırda məcburi köçkünlərin Qarabağa qaydışını mümkünsüz edən bir reallıq ortadadır. İşğaldan azad edilmiş ərazilər erməni vandalizminin əsl mahiyyətini göstərən açıq muzeydir. Belə bir şəraitdə Qarabağın dirçəldilməsi, orada bərpa-quruculuq işlərinin aparılması, gələcəkdə əhalinin həmin bölgədə dayanıqlı məskunlaşmasını təmin etmək olduqca böyük aktuallıq kəsb edir. Azərbaycan dövləti Qarabağda sosial-iqtisadi infrstrukturun yenidən qurulması üçün ciddi addımlar atır və məcburi köçkünlərin Qarabağa geri dönüşü dövlət üçün prioritet təşkil edir.

Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmaya dair dövlət tərəfindən çoxçeşidli layihələrin icrasına başlanılıb. İlk növbədə, geri dönəcək əhalinin sayının dəqiq müəyyənləşdirilməsinə ehtiyac yaranıb. Çünki məcburi köçkünlər arasında bəzi obyektiv səbəblərdən geri dönməyəcək əhalinin olacağı təxmin edilir. Elə bu səbəbdən də, məcburi köçkünlər arasında sosioloji sorğunun keçirilməsi zərurəti yaranıb. Bu məqsədlə dövlət başçısının sərəncamı ilə yaradılmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı” nəzdindəki İdarələrarası Mərkəzin “Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupu” yerli və xarici mütəxəssisləri cəlb etməklə sistemli araşdırmalar aparır”.

Müsahibimiz vurğulayıb ki, Azərbaycanın dünyaya nümunə ola biləcək birgəyaşayış modeli mövcuddur: “Post-konflikt dövründə Qarabağda birgəyaşayış problemi, Xocalı, Xankəndi və yaxın ətraf kəndlərə azərbaycanlı əhalinin geri dönüşü təmin olunmalıdır. Konstitusiyamızın 25-ci maddəsinə əsasən, dövlət tərəfindən irqindən, milliyyətindən, dinindən, dilindən, etnik mənşəyindən və digər fərqliliklərdən asılı olmayaraq, bütün vətəndaşların hüquq və azadlıqlarına hörmət ifadə olunur. Vətəndaşların irqi, dini, etnik mənsubiyyəti əsasında hüquq və azadlıqlarının məhdudlaşdırılması ciddi formada qadağan edilib. Konstitusiyanın 44-cü maddəsinə görə, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır; heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. Belə bir şəraitdə istənilən Azərbaycan vətəndaşının hər hansı ayrı-seçkiliyə məruz qalması bağlı iddialar əsassızdır və Azərbaycanın dünyada nümunə ola biləcək birgəyaşayşış modeli mövcuddur. Əslində, Xankəndi, Xocalıdan olan köçkünlərin geri dönüşünə və onların ermənilərlə birgəyaşayışına mane olan yalnız erməni tərəfidir.

Qeyd edim ki, Azərbaycan polietnik ölkədir və burada yaşayan digər xalqlar ölkənin bərabərhüquqlu vətəndaşlarıdır. Milli azlıqlar və etnik qruplar Azərbaycan əhalisinin 9,4%-ni təşkil edir. Belə ki, respublika əhalisinin 2,2%-ni ləzgilər (178,000 nəfər), 1,34%-ni ruslar (119,300 nəfər), 1,35%-ni ermənilər (120,7 min nəfər), 1,26%-ni talışlar (101,8 min nəfər), 0,10%-ni yəhudilər (8,9 min nəfər), 0,07 %-ni kürdlər (8,1 min nəfər), 0,56 %-ni avarlar (50,9 min nəfər), 0,02 %-ni xınalıqlar (3,2 min nəfər), 0,43 %-ni mesheti türkləri (43,3 min nəfər), 0,25 %-ni tatarlar (30 min nəfər), 0,24%-ni ukraynalılar (29 min nəfər), 0,12%-ni saxurlar (10,9 min nəfər), 0,11%-ni gürcülər (9,5 min nəfər), 0,03 %-ni udinlər (3,1 min nəfər) və digər etnik qruplar təşkil edir. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan türkləri əhalinin 90%-dən çoxunu təşkil edir.

Azərbaycanda milli azlıqların öz milli mədəni mərkəzlərini, assosiasiyalarını və digər təşkilatları yaratmalarına tam təminat verilir. Hazırda Azərbaycanda fəaliyyət göstərən onlarla milli-mədəni mərkəz var. Eyni zamanda milli azlıqların kompakt yaşadıqları ərazilərdə klub tipli həvəskar cəməyyitlər, milli və dövlət teatrları, həvəskar assosiasiya və maraq klubları fəaliyyət göstərir.

Milli azlıqların dilində onlarla qəzet və jurnal çap olunur, radio və televiziya proqramları translyasiya edilir. Respublika radio stansiyasında kürd, talış, gürcü, rus və erməni dillərində dövlət büdcəsindən maliyyələşən verilişlər yayımlanır.

Azərbaycanın dövlət strukturlarında da milli azlıqlar geniş təmsil olunurlar. Milli azlıqların kompakt yaşadığı ərazilərdə onların nümayəndələri yerli hakimiyyət orqanlarında və digər dövlət strukturlarında aparıcı rola malikdirlər.

Göründüyü kimi, Azərbaycan etnik münasibətləri tənzimləmək üçün multikultural siyasət həyata keçirir və bu, öz ifadəsini müxtəlif etnik qruplara dövlət tərəfindən göstərilən mənəvi və maddi dəstəkdə tapır. Dövlət onları etnik, dini, dil və mədəni ayrı-seçkilik olmadan cəmiyyətə inteqrasiya etməyə çalışır.

Bütün bu qeyd olunanlar göstərir ki, Azərbaycanda yaşayan digər xalqların hüquqları dövlət tərəfindən qorunur və onların öz dillərini, mədəniyyətlərini inkişaf etdirməsi üçün lazımi şərait yaradılıb”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə Teleqraf.com-a hazırda Azərbaycanın Böyük Qayıdış mərhələsində olduğunu bildirib.

Deputat Azərbaycanda bu istiqamətdə ciddi addımlar atıldığını diqqətə çatdırıb: “Vətən müharibəsindəki qələbədən sonrakı dövrdə dövlət tərəfindən çox ciddi addımların atıldığına və tədbirlərin görüldüyünə şahidik. Hazırda işğaldan azad olunmuş ərazilərdə 12 istiqamətdə yol çəkilişi həyata keçirilir. Eyni zamanda burada su, təbii qaz təchizatı ilə bağlı mühüm işlər görülür, dəmir yolu xətləri çəkilir. Bu tədbirlər ən sürətli formada həyata keçirilir.

Burada mina təhlükəsi zaman-zaman problemlər yaradır. Minatəmizləmə Agentliyi, eləcə də müvafiq dövlət qurumları bununla bağlı çox ciddi tapşırıq və göstərişlər verib. Mina təmizləmə prosesi ayrı-ayrı dövlət qurumları tərəfindən çox sürətli şəkildə aparılır”.

Deputat işğaldan azad olunmuş ərazilərdə “Ağıllı kənd” layihələri ilə bağlı çox mühüm işlərin görüldüyünü də vurğulayıb: “Artıq Zəngilanın Ağalı kəndində bu layihə uğurla icra olunub. Yaxın vaxtlarda digər bölgələrimizdə də bu layihələrin icrası və tezliklə yekunlaşması nəzərdə tutulur. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tez bir zamanda Qarabağı dünyanın ən abad və gözəl məkanlarından birinə çevirəcək.

Burada eyni zamanda iqtisadiyyatın dirçəldilməsi, kənd təsərrüfatının inkişafı, yeni sənaye müəssisələrinin yaradılması ilə bağlı sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir.

İşğaldan azad edilən bu torpaqlarda abadlıq və quruculuq işləri ən müasir memarlıq üslubunda, dünyada mövcud olan ən innovativ texnologiyaların tətbiqi ilə aparılır. Dövlət üçün hazırda ən prioritet məsələlərdən biri Böyük Qayıdışın çox qısa vaxtda icra olunmasıdır. Vətəndaşlarımız tezliklə bu bölgələrə köçürüləcək.

Bir çox dövlətlərdən fərqli olaraq, Azərbaycan bütün bu işləri öz gücü hesabına edir. Əslində Azərbaycana yardımlar edilməlidir, amma biz bunu görmürük. Burada söhbət 10 min kvadrat kilometr ərazidən gedir. Hansı ki, ermənilər onu vəhşicəsinə və barbarcasına dağıdıblar. Əlbəttə, Ermənistan bütün bunlara görə cavab verməlidir və verəcək. Ermənistan Azərbaycana təzminat ödəməlidir.

Bu gün bizim qarşımızda duran ən önəmli məsələlərdən biri ilkin sülh müqaviləsinin bağlanmasından, kommunikasiya xətlərinin bərpa olunmasından və bu ərazilərdə insanların yaşaması üçün hər cür infrastruktur yaradılmasından ibarətdir. Bu gün bunu Azərbaycan dövləti edir və gələcəkdə də edəcək. Əminik ki, qarşıdakı illərdə bizi daha böyük uğurlar və qələbələr gözləyir”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Yeganə Oqtayqızı