12 Avqust 2022 13:45
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçın şəhəri, Zabux kəndi ətrafında qanunsuz məskunlaşmış insanların qaldırdığı məsələlərin arxasında heç bir ciddi amil dayana bilməz. Bu sadəcə olaraq emosional reaksiyadır. İndi 30 il öncə bura qanunsuz olaraq köçürülmüş insanlar oranı tərk etmək istəmirlər. Ola bilsin o adamlar burada böyük “ümidlər” və “vədlərlə” yerləşdirilmişdi. Amma indi onlar həmin ərazidən çıxmalıdır. Ermənistan dövləti isə hələlik onlara nə yer təklif edir, nə də ki qalacaqları bir yerləri var. Onların talelərinin də necə olacağı bilinmir.

Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri hesab edir ki, onların indiki halda Azərbaycan Ordusuna qarşı müqavimət göstərmək üçün heç bir imkanı və şansı yoxdur: “Ona görə də, bu gün Laçın şəhəri, Zabux və ətraf ərazilərdən köçürülən erməni əsilli insanların qaldırdığı hay-küy acizlikdən başqa bir şey deyil. Artıq Laçından kənarda keçəcək yeni yol var. Bu yola da artıq dəhliz demək olmaz. Çünki dəhliz başqa bir anlayışdır. Dəhliz bir dövlətin ərazisində başqa bir dövlətin nəzarət etdiyi ərazi deməkdir. Faktiki olaraq isə yeni yol Azərbaycan dövlətinin nəzarətində olacaq. Burada sadəcə olaraq ermənilər Azərbaycan kəndlərindən kənar keçməklə Qarabağa gedib-gələ biləcəklər. Əslində yeni Laçın yolu ilə dəhliz anlayışına da son qoyuldu. Dünyanın heç bir yerində dəhliz anlayışı yoxdur. Ermənistana gəldikdə dəhliz olmur, Azərbaycana gələndə necə dəhliz ola bilər? Ona görə də Laçından kənardan yeni bir yolun çəkilməsi əslində bu dəhliz oyununu birdəfəlik aradan qaldırmış oldu”.

Sərdar Cəlaloğlu Naxçıvanla Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizi ətrafında yaranan məsələlərə də münasibət bildirib:

“Bunu Laçın yolu ilə heç cür müqayisə etmək düzgün deyil. Ermənistan ərazisindən keçəcək dəhliz tarixi Azərbaycan topağıdır. Yüz il öncə ruslar qeyri-qanuni olaraq bizdən bu ərazini alıb ermənilərə verib. Zəngəzur tarixi Azərbaycan ərazisidir. Orada cəmi 40 km-lik bir yol var. O yoldan həmçinin ermənilər də istifadə edəcək. Burada isə dəhliz anlayışı qalacaq. Çünki Azərbaycanın bir ərazisi başqa bir ərazisi ilə faktiki olaraq birləşmiş olur. Bu olmasa tarixi Zəngəzur Azərbaycan qaytarılmalı və Naxçıvanla birbaşa əlaqə qurulmalıdır. Bu məsələdə pozucu mövqedən çıxan dövlətlərin mövqeyi isə qəbul edilmir. İran kimi dövlətlərin isə bu məsələdə hay-küy yaratması yersizdir. Burada əsas aparıcı dövlətlər Türkiyə və Rusiyadır. İran isə sadəcə olaraq bu proseslərə qoşulmaq istəyir. Hətta ermənilər İrana müraciət etmədiyi halda onlar Ermənistanın “maraqlarını” müdafiə edir. Bundan öncə də İran Ermənistandan keçəcək yolla bağlı “sərt” mövqe sərgiləmişdi. Amma bunun əksinə olaraq Nikol Paşinyan hava sərhədlərini açmışdı. Bundan sonra Azərbaycan sərbəst şəkildə Naxçıvanla hava əlaqəsi qura bildi. Ona görə də İranın vermiş olduğu “bəyanatların” hamısı beynəlxalq hüquqa ziddir”.


Müəllif: Tapdıq Qurbanlı