16 Avqust 2022 13:45
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq bazarında qiymətlərin sürətlə artmasına gətirib çıxarıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin altı ayında taxlın qiymətində 100 dollar bahalaşma qeydə alınıb. Azərbaycanda öz növbəsində ərzaqlıq buğdanın 70%-ni idxal hesabına ödəyir. Sözsüz ki, ölkəmizə idxal edilən məhsulun qiymətinin artması daxili bazarlarda da artıma gətirib çıxarır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, son dövr Ukrayna taxılının dünya bazarına çıxarılması ilə bağlı əldə olunmuş razılığın icrası qlobal taxıl bazarında sabitlik yaradıb:

“Təbii ki, bu, yaxşı haldır. Azərbaycan idxal etdiyi taxılın 95%-ni Rusiyadan tədarük edir. Rusiya ilə idxalımızla bağlı heç bir çətinliyimiz olmadığından taxıl idxalçıları ölkəmizin təlabatını ödəyə biləcək qədər taxıl ehtiyatı yaradıb. Ölkəmizdə mövcud taxıl ehtiyatı, idxalla bağlı çətinlik yoxdur.

Eyni zamanda dünya bazarlarında taxılın qiymətinin sabitləşməsi prosesi gedir. Hazırda isə ölkəmizdə taxıl yığımı mövsümü başa çatmayıb. Azərbaycanın ən çox taxıl aldığı ölkə olan Rusiyada bu il bol məhsul qeydə alınır.”.

Millət vəkili hesab edir ki, ölkəmizdə un və un məhsulların qiymətlərinin artmasına ən çox təsir göstərən amil qlobal bazarlarda baş verən artımlardır: “Amma qlobal taxıl bazarlarında qiymətlərdə sabitliyin formalaşması və bəzi hallarda azalmaların baş verməsi yaxın müddətdə qiymət artımının olmayacağı haqqında fikir yürütməyimizə imkan verir. Hətta yenidən qiymət artımı baş verərsə belə hökumət əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti tədbirlərin icrasına başlayacağı da şübhəsizdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər