“Şuşanın işğalından sonra kritik həddə daxil olan siyasi mübarizə faktiki olaraq Azərbaycanın Ermənistanla həmsərhəd olan ərazilərini müdafiəsiz qoymuşdu. Belə bir vaxtda Laçın rayonu da kifayət qədər ciddi təhlükə qarşısında qalmışdı. Könüllü dəstələrin müdafiə qabiliyyətinə malik olmamaları, digər tərəfdən ərazilərdən hərbi dəstələrin çıxarılaraq Bakıda siyasi hakimiyyət uğrunda mübarizə üçün istifadə məqsədi ilə gətirilməsi, son nəticədə Laçının işğalına səbəb oldu. Faktiki olaraq Laçının işğalı separatçı, terrorçu bölgənin Ermənistanla tam əlaqələrinin qurulmasına və bundan sonrakı proseslərdə Azərbaycanın da əks-hücum imkanlarının kifayət qədər azalmasına zəmin yaratdı”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Həmin dövrü xatırlayan analitik prosesləri kompleks şəkildə dəyərləndirib: “Yanlış siyasət, mərkəzi hakimiyyətin zəif olması, siyasi proseslərə təsir göstərmək imkanlarının məhdudluğu, eyni zamanda yanlış yürüdülən beynəlxalq siyasət nəticə etibarilə Azərbaycanı ən önəmli strateji əhəmiyyət kəsb edən bir rayonunun da işğalına gətirib çıxardı.
Proseslərə bugünkü kontekstdən yanaşsaq, əgər doğru bir strategiya seçilsəydi, reallıqlar nəzərə alınsaydı, emosional müstəvidə deyil, siyasi hədəflər müəyyənləşdirilərk strateji kontekstdən bir davranışlar ortaya qoyulsaydı, şübhəsiz ki, Azərbaycan ərazilərinin işğalı olunmasının qarşısını almaq mümkün idi. O cümlədən Laçın rayonunun da işğala məruz qalmaması mümkün idi. Bütün bu problemin aradan qaldırılması üçün Azərbaycan dövləti təxmin 28 il zaman sərf etdi. Bu müddət ərzində ölkəmiz həm beynəlxalq, həm də ordu quruculuğu müstəvisində mövqelərini möhkəmləndirərək torpaqların işğaldan azad edilməsinə nail oldu”.
Elçin Mirzəbəyli artıq Laçına qayıdış prosesinə hazırlıqların getdiyini də deyib: “Laçının mərkəzi yaxın bir neçə gün ərzində orada məskunlaşmış ermənilərin çıxması nəticəsində tamamilə Azərbaycanın nəzarətinə keçəcək. Artıq Laçın rayonundan olan həmvətənlərimiz öz doğma ata-baba yurdlarına qayıtmağa hazırlaşırlar.
Şübhəsiz ki, hər şeyi obyektiv dəyərləndirmək və tarixin dərslərindən düzgün nəticə çıxarmaq lazımdır. Qənaətimcə, tarixin dərslərindən düzgün nəticə çıxardığımız üçün Azərbaycan Ermənistan üzərindəki qələbəsini təmin etməyi bacarıb”.