22 Avqust 2022 20:58
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Aydın müəllim, artıq Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış ermənilər çıxarılır. Amma biz yenə də vandalizm, düşmənçiliyin davam etməsini ehtiva edən mövqelərə rast gəlirik. Belə olan halda bu cür “düşüncə” ilə yüklənmiş toplumla qısa zamanda sülhə nə dərəcədə inana bilərik?

- Yaddan çıxarmayaq ki, Ermənistan 30 il bizim torpaqlarımızı işğalda saxlamış bir dövlətdir. Unutmayaq ki, Ermənistanda yaşayan cəmiyyət yüz illərlə Azərbaycan və Türkiyə torpaqlarına iddia edən, onun tarixini, mədəniyyətini mənimsəməyən çalışan bir toplumdur. Bunun qısa bir zamanda dəyişəcəyinə inanmaq düzgün deyil. Azərbaycan özünə hesabat verirdi ki, Ermənistandan torpaqları ancaq güc yolu ilə almaq olar. Bu baş verdikdən sonra məğlub olan tərəf heç də real nəticəni asanlıqla qəbul etməyəcək. Bu gün Ermənistan daxilində çox mürəkkəb və ziddiyyətli proseslər gedir. Demək olmaz ki, Ermənistan artıq ayılıb və Azərbaycanın ərazi bütövlüyünü tanıyır. İnanmaq olmaz ki, bu dövlət Azərbaycana qarşı törətdiyi vəhşiliklərə görə, üzr istəyəcək və müvəqqəti olaraq rus sülhməramlılarının nəzarətində olan ərazilərimizdən qoşunlarını aslanlıqla çıxaracaq.

- Ermənistan razılaşmanın bəndlərindən yayınarsa, Azərbaycanın sərt addımları ilə qarşılaşa bilərmi?

- Azərbaycan bu prosesləri ancaq özünün gücü hesabına həyata keçirir. Əgər Azərbaycanın güclü dövləti, iqtisadiyyatı, ordusu, diplomatiyası olmasa idi, Ermənistanı həqiqətə məcbur etmək mümkün olmayacaqdı. Digər tərəfdən güclü xalq inamı, liderin olması, xalqın öz rəhbərinə inanması, onun apardığı siyasətin milli maraqlara cavab verməsi hər gün həyatda real nəticələrə gətirib çıxarır. Azərbaycan dövləti Ermənistanı ərazi bütövlüyümüzü tanımağa və beynəlxalq hüquq normalarına uyğun normal qonşuluq münasibətləri qurmağa məcbur edir. Bəlkə də dünyanın hansısa bir regionunda bu proseslər könüllü sürətdə öz ölkəsinin, xalqının gələcəyini düşünərək gedir. Amma Ermənistan nümunəsində fakt ondan ibarətdir ki, ancaq bu ölkənin qarşısına güc, birlik qoymaqla Azərbaycan özünün ərazi bütövlüyünə və suveren hüquqlarının bərpasına nail olur. Dövlət başçısının hər çıxışında biz bu qətiyyəti, siyasəti görürük.

- 10 noyabr razılaşmasının 6-cı bəndinin icrası ilə bağlı indiki mənzərəni necə şərh etmək olar?

- Laçın və onun ətrafındakı kəndlərin boşaldılması heç də asanlıqla başa gəlmir. Ora cəmisi 30 il bundan öncə qeyri-qanuni köçürülmüş insanlar həmin kəndlər üçün artıq yalançı bir tarix uydururlar. Orada olan zəif infrastrukturu belə dağıdaraq, ərazini məhv etməyə çalışırlar. Görünən mənzərə odur ki, Azərbaycan bu regiona da dağıdılmış vəziyyətdə daxil olacaq. Amma bununla belə bizə öz torpağımız lazımdır. O torpağı Azərbaycan xalqı özünün bacarıqlı lideri ilə bərpa edəcək. Bu ərazilərə yenidən həyat qayıdacaq. Burada ağıllı kənd, şəhər modeli işləyəcək. Bu gün bütün Azərbaycan laçınlılarla birlikdə sevinir. Bir neçə gündən sonra biz Laçında, Zabuxda, Susda bayraqlarımızı ucaldacağıq.

- Növbəti azad edilmiş ərazilərimizdə yenidən erməni təxribatı, mina və digər təhlükələrlə üzləşməq baxımından real mənzərə nədən xəbər verir?

- Gözləniləndir ki, həmin ərazilərdə minalanmış sahələrə, təxribatlara rast gələk. Kim qarantiya verə bilər ki, evini yandırmayıb gedən erməni o evdə hansısa partlayıcı bir qurğu qoymayıb? Bir toplum ki, qanunsuz yaşadığı yerdən gedəndə sanitar qovşağı söküb aparsın bunlardan nə gözləmək, danışmaq olar? Bütün bunların fonunda sözsüz ki, qələbə bizimlədir. Biz qələbəni qazanıb torpağımıza qayıdırıq. Həmin torpağın əsl sahiblərinin biz olduğunu hər kəsə göstərəcəyik.

- Erməni cəmiyyəti 30 il hakimiyyətlərinin bu ərazilərdə nə işlə məşğul olduğunu və Azərbaycanın isə cəmi iki ildə gördüyü işləri müqayisə edir. Bu müqayisələri nə qədər qüsürsüz hesab edirsiniz?

- Sosial şəbəkələrin erməni seqmentində az-çox real düşünməyi bacaran ermənilər öz hakimiyyətlərinə müraciətlər edib, 30 il o torpaqlarda nə etdiklərinin hesabatını istəyir. Azərbaycan isə iki il tamam olmamış bir böyük beynəlxalq aeroport tikib istifadəyə verib. Bir beynəlxalq aeroportun tikintisi isə davam edir. Kəndlər, şəhərlər bərpa edilir, yollar çəkilir. Biz Zabux kəndindən yayılan görüntülərə nəzər saldıqda oradakı evlərin səliqəsiz tikildiyini, kommunikasiyaların həddən artıq zəif olduğunu, yolun olmadığını, insanların üst-başından oradakı kasıbçılığın üzünü görürük. Ermənilərin yaşamış olduğu Zabux kəndi ilə Zəngilanın Ağalı kəndini müqayisə etsək yerlə-göy qədər fərqin olduğunu görərik. Ağalı kəndi Azərbaycanın gücünün, müasirliyinin güzgüsüdür. Zabux isə Ermənistanın əldə edə biləcəyi maksimum bir nəticədir. Ölkəmiz torpaqlarının tam bərpa edilməsində qətiyyətlidir. Dövlət başçısının çıxışları ordumuzun onun tapşırığı ilə yeri gəldikdə Qisas əməliyyatlarını icra etməsi, diplomatiyadakı qələbəmizlə Azərbaycan ərazi bütövlüyünü tam təmin edəcək. Suveren hüquqlarımız bütün Azərbaycan ərazisində mütləq işləyəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər