26 Avqust 2022 17:29
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və ISESKO-nun xoşməramlı səfiri, birinci xanım Mehriban xanım Əliyevanın ad günüdür. Mehriban xanım Əliyeva doğma Azərbaycanın ən böyük təəssübkeşi, xalqımızın xoşbəxt gələcəyi üçün fədakar çalışqanlığı ilə hər kəsin sevimlisinə çevrilib. O, uşaqdan böyüyə hamının qayğısına qalmaq, cəmiyyətimizdəki problemlərin həllinə öz qətiyyəti və cəsarəti ilə nail olmaq kimi çətin və şərəfli missiyanın neçə illərdir ki, daşıyıcısıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Millət vəkilinə görə, Mehriban xanım Əliyevanın çoxşaxəli ictimai-siyasi fəaliyyəti həyatın demək olar ki, bütün sahələrini əhatə edir: “O qısa dövr ərzində Azərbaycanın ictimai-siyasi həyatına yenilik, müasirlik, fərqlilik, inkişaf və inanılmaz uğurlar gətirib. Bu gün Mehriban xanım vətəndaş həmrəylinin bariz nümunəsinə, mərhəmət və xeyriyyəçilik simvoluna çevrilib. Mehriban xanım Əliyeva vurğulayıb ki, “Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır”. Bu mənada Mehriban xanım Əliyevanın əsas fəaliyyət istiqamətlərindən biri ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatıdır. Azərbaycanın birinci xanımının genişmiqyaslı proqram və layihələrinin sırasında təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək hədəfi xüsusi yer tutur. Heydər Əliyev Fondunun layihələri çərçivəsində minlərlə məktəb, uşaq bağçası və ixtisaslaşdırılıb uşaq məktəbləri tikilib və təmir olunub, yüksək standartlar səviyyəsində təchiz olunub. Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə və proqramlara start verilib”.

Deputat vurğulayıb ki, Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Təhsilə dəstək” layihəsi ölkə miqyasından çıxaraq, beynəlxalq humanitar təşəbbüsə çevrilib: “Belə ki, layihə çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərlə yanaşı, xarici ölkələrdə - Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulub və əsaslı təmir olunub. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələ nəticəsində dağılmış təhsil ocağının əvəzində yeni orta məktəb binasının, Gürcüstanın Dmanisi rayonunda yeni kompüter tədris mərkəzinin, Gürcüstanın Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərində yeni məktəb binalarının inşasını göstərmək olar. Eyni zamanda Gürcüstanın Marneuli şəhərindəki Azərbaycan ümumtəhsil məktəbinin, Tiflisdəki M.F.Axundzadə adına orta məktəbin, Qardabanidəki Azərbaycan məktəbi və Dmanisidəki Azərbaycan beynəlxalq orta məktəbinin, Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki orta ümumtəhsil məktəbinin binasının əsaslı təmir edilməsi belə layihələrdəndir. Bu istiqamətdə görülən işlər Mehriban xanım Əliyevanın xeyirxah və tərəqqipərvər missiyasının bütün dünya insanlarına faydalı olmaq məqsədi daşıdığını göstərir və dünya insanının savadlanmasına xidmət edir. Həmçinin, Mehriban xanımın dəstəyi ilə Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikilib və ya əsaslı təmir edilib.

Tamam Cəfərova bildirib ki, Mehriban Əliyevanın Azərbaycanın xarici siyasətindəki vacib missiyası ölkələrarası dostluq münasibətlərinin qurulmasıdır: “Bununla bağlı Mehriban xanım Əliyevanın Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin birinci xanımları və ya dövlət idarəetməsində yüksək vəzifə tutan xanımları ilə keçirdiyi görüşlər, əməkdaşlıq etdiyi müxtəlif platformalar xüsusi əhəmiyyət daşıyır. Mehriban xanımın bu fəaliyyətini təkcə Azərbaycan dövləti deyil, bizimlə əməkdaşlıqda maraqlı olan xarici ölkə başçıları da qeyd edirlər. Tam əminlikə deyə bilərik ki, mentalitetimizə, milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq ideologiyasına söykənən missiyası ilə bütün dünya azərbaycanlılarının qəlbində xüsusi yeri tutan əziz Mehriban xanım beynəlxalq miqyasda Azərbaycan qadının müsbət obrazını yaradıb. Azərbaycan qadınına xas olan bütün nəcib xüsusiyyətləri özündə əks etdirən Mehriban xanım Əliyevanın səyləri nəticəsində bu gün Azərbaycanda qadın hərəkatı keyfiyyətcə yeni səviyyəyə yüksəlib, ölkənin siyasi sistemində güclü “Birinci Xanım” institutu formalaşıb. Bu mənada Mehriban xanım, “Sizin Mehriban” imzası vətəndaş həmrəylinin bariz nümunəsinə, əsl mərhəmət və xeyriyyəçilik simvoluna çevrilib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər