31 Avqust 2022 14:35
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Razi bəy, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti dəfə Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə görüş gözlənilir. Bundan öncə baş tutan görüşlərin nəticələrinin təhlili və sülh danışıqları üzrə konkret razılaşmanın olması ehtimalını necə dəyərləndirirsiniz?

- Yeni razılaşmalar ola bilər. Azərbaycan Ermənistan dövlət sərhədlərinin delimitasiya və demarkasiyası, Qarabağda hələ də qalmaqda olan separatçıların tərkisilah edilməsi və onların ərazilərimizdən çıxarılması məsələsi həll edilməlidir. Eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret addım atılmalıdır. Bununla da Azərbaycanın Qərb rayonları ilə Naxçıvana birbaşa avtomobil və dəmir yolu əlaqəsinin yaradılması təmin edilməlidir. Bütün bunlar 10 noyabr 2020-ci il razılaşmasında öz əksini tapıb. Azərbaycan tərəfi də Ermənistana məhz sülh müstəvisində proseslərin həlli üçün 5 maddədən ibarət təklif göndərmişdi. Ermənistan da öz növbəsində bunu qəbul etdiyini açıqlamışdı. Bununla yanaşı Ermənistan bundan öncəki 3 Brüssel görüşündə də üzərinə öhdəliklər götürüb. Moskvada olan görüşlərdə də, Ermənistan öhdəlikləri icra edəcəyini açıqlayıb. Amma sonradan bu istiqamətdə heç bir addım atmayıb.

Ona görə də, Azərbaycan 2020-ci il 10 noyabr razılaşmasında nəzərdə tutulan məsələlərin ardıcıllıqla həllində israrlıdır. Erməni tərəfi məhz öz üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə və təxribat xarakterli addımlar atdığına görə Azərbaycan "Qisas" əməliyyatına başladı. Bununla da daha yeni bir situasiya formalaşdı. Laçın şəhəri, Zabux və Sus kəndləri də artıq Azərbaycanın tam nəzarətindədir. Artıq bu məsələ gündəmdən çıxıb. Bununla da Azərbaycan özünün Ermənistanla olan sərhədlərinə tam olaraq nəzarət etməyə başlayıb. Məhz bundan sonra Ermənistanın proseslərdən kənara qaçmaq imkanları qalmayıb. Amma çox təəssüf ki,Ermənistan bu görüşlərdə vəd versə də, Ermənistandakı reallığa uyğun verdiyi sözlərdən, açıqlamalardan imtina etməli olur. Ola bilsin ki, Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel görüşündən sonra da Kremllə danışsın və hətta ora da getsin. Lakin bütün bunlara baxmayaraq dünya ictimaiyyəti Brüssel və Moskva, Azərbaycanın yaratdığı reallığı qəbul edir. Bu, birmənalıdır. Onların da Paşinyana təsir imkanları var və bu, görünür. Ola bilsin ki, bundan öncəki görüşlərdəki razılaşmaların icrası ilə bağlı Paşinyandan tələblər olsun. Sülh razılaşmasının əldə edilməsi Brüssel görüşündə ən vacib addım ola bilər. Gözləntilər odur ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı işlərə başlanılsın. Bununla bağlı Brüssel görüşündə müəyyən bir razılaşma ola bilər. Artıq sülh müstəvisində atılacaq addımlarla bağlı qərarın olması da mümkündür. İki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün hazırlıqlara da start verilməsi gözlənilir. Eyni zamanda bu istiqamətdə hansısa bir sənədin imzalanması da realdır. Yerdə qalan məsələlərin həlli ilə bağlı isə imzalanmış səndələr var. Sadəcə olaraq bu sənədlərin icrası üçün konkret addımların atılması tələb edilə bilər.

- Avropa İttifaqı və Rusiyanın Azərbaycanla Ermənistan arasında münasibətlərdə vasitəçilik missiyası aktiv şəkildə özünü göstərir. Amma ABŞ tərəfindən ATƏT-in Minsk Qrupunun yenidən oyuna daxil edilməsi ilə bağlı cəhdlər var. Ermənistanda siyasi düşərgədə də, Minsk Qrupunun onlar üçün əhəmiyyətsizliyini düşünənlər az deyil. Belə olan halda bu qurumun yenidən reanimasiya edilməsində maraq nədir?

- ABŞ dövlət departamentinin Cənubi Qafqaz və Qarabağ üzrə xüsusi nümayəndə təyin etməsi, Minsk Qrupunu yenidən canlandırmağa çalışması heç də prosesi sülhə aparan yanaşma deyil. Azərbaycan da bunu yaxşı bilir. Dövlət başçısı da bundan sonra Minsk Qrupunun olmayacağını vurğulayıb. 30 il ərzində ATƏT-in Minsk Qrupu Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı heç bir addım atmadı. Ona görə də, Minsk Qrupunun dirildiləcəyi ilə bağlı bir məclisdə Azərbaycan Prezidentinin olacağı mümkün deyil. Eyni zamanda bu qrupunun dirçəldilməsi üçün geniş şəkildə cəhdlərin olacağı da proqnozlaşdırılmır. Bunu Aİ-nin prezidenti Şarl Mişel də yaxşı bilir. Sadəcə olaraq bu Azərbaycanın iştirak etmədiyi platformalarda dilə gətirilə bilər. Eyni zamanda ATƏT-in Minsk Qrupu məsələsinin növbəti dəfə gündəmə gətirilməsi də Brüsselin vasitəçilik roluna kölgə sala bilər.

- Fransa və ABŞ səfirlərinin Şuşaya getməməsi ilə bağlı Azərbaycanın haqlı narazılığı var. Hər iki ölkənin səfirlərinin bu davranışları nədən qaynaqlanırdı?

- ABŞ və Fransa səfirlərinin Şuşaya getməməsi heç bir məntiqlə uzlaşmır. Ən azı bu iki ölkə Azərbaycanın ərazi bütövlüyünü qəbul edir. Ölkəmizin BMT çərçivəsində təsbit edilən sərhədləri də ABŞ və Fransa tərəfindən tanınıb. Ona görə də, Şuşanı Azərbaycanın azad edilmiş digər ərazilərdən ayrı hesab etmək bu iki ölkənin beynəlxalq hüquqa olan hörmtəsizlik kimi də başa düşmək olar. Şuşa Azərbaycanın beynəlxalq hüquqda təsbit edilmiş suveren ərazisidir. Bu şəhərin Xocalıdan, Xankəndidən, Ağdamdan, Cəbrayıldan, Kəlbəcərdən və digər ərazilərimizdən heç bir fərqi yoxdur. ABŞ və Fransa səfirləri digər azad edilmiş ərazilərimizə gedib, Şuşaya getmirlərsə bu prosesi pozmaq anlamında izah edilə bilər. Onların “Minsk qrupunun həmsədri” kimi neytrallıqlarını saxlamaq cəhdləri də uğursuz yanaşmadır. Amma onlar bu şəkildə düşündüklərinə görə, 30 il ərzində münaqişə həllini tapmamışdı. Məhz 30 ildən sonra Azərbaycan özü təkbaşına bu reallığı yaratmağa nail oldu. Əslində hər iki ölkə səfirlərinin bu cür davranışı sülh prosesinə töhfə vermir. Əslində bu cür davranış növbəti dəfə ermənilərin ayağının altına daş qoyur.


Müəllif: Tapdıq Qurbanlı