6 Sentyabr 2022 09:14
1 511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq diplomat, politoloq Fikrət Sadıqov Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Xankəndidəki separatçıların “xarici işlər naziri” David Babayan ABŞ-a gedəcək. Babayanın Konqresdə çıxış edəcəyi gözlənilir. Sizcə, separatçıya Konqresdə çıxış etməyə icazə verənlər bununla Azərbaycana hansı mesajı ötürmək istəyirlər?

- Birinci dəfə deyil ki, belə hal baş verir. Son illərdə separatçıların nümayəndələri dəfələrlə Fransa və ABŞ-a gediblər. Amma onları Amerikada hansısa bir otaqda üçüncü dərəcəli konqresmenlər qəbul ediblər. Ermənistan da bunu gurultulu şəkildə qələmə verirdi ki, guya onlar Konqresdə çıxış ediblər, görüşüblər, fikir mübadiləsi aparıblar və s. Düşünmürəm ki, Babayan indiki vəziyyətdə ABŞ Konqresi qarşısında çıxış edərək geniş mühazirə söyləsin. Bu, sadəcə bir oyundur.

Bunun arxasında rəsmi Vaşinqtonun dayandığını düşünmürəm. Amerikada kifayət qədər Azərbaycan əleyhinə olan qüvvələr var. Həmin qüvvələr Azərbaycana o mesajı vermək istəyirlər ki, sən müharibədə qalib gəlmisən, öz ərazilərini bərpa etmisən, amma bununla hər şey bitməyib. Təbii ki, bunlar boş ifadələrdir. Düşünmürəm ki, bunlar Azərbaycan tərəfindən ciddi qəbul olunur.

- Ermənistan xarici işlər naziri Ararat Mirzoyandan sonra müdafiə naziri Suren Papikyan da ABŞ-a gedib. Ermənistandan Amerikaya sıxlaşan səfərlər, üstəgəl, Vaşinqtonun İrəvandakı diplomatlarının sayını artırması o ehtimalı yaradır ki, Ağ Ev bu ölkəni Rusiyanın təsir dairəsindən çıxarmaq üçün hərəkətə keçib. Bu belədirmi, belədirsə, Rusiyanın buna cavabı necə ola bilər?

- Paşinyan 2018-ci ildə hakimiyyətə gələndə Avropa İttifaqı və NATO-ya üzvlüklə bağlı gurultulu bəyanatlarla çıxış edib. Amma bunların hamısı puça çıxdı. Çünki müəyyən müddətdən sonra başa düşdü ki, Ermənistan Rusiyanın boyunduruğundan çıxa bilməyəcək. Son hadisələr də bunu sübuta yetirdi. Rusiya Ermənistanı müdafiə etmədi. Təsadüfi deyil ki, ermənilərin xarici ölkələrdəki diaspor təşkilatlarının rəhbər şəxsləri və nümayəndələri Rusiyanı təhqir edirlər. Onlar bildirirlər ki, Rusiya müharibədə Ermənistana kömək göstərmədi, baş verənlərə göz yumdu və s.

Ermənistan Qərblə Rusiya arasında çabalayır. Ermənistan görür ki, Rusiyanın başı Ukraynada qarışıb, bundan istifadə edərək, Qərbdəki mövqelərini gücləndirsin. Bu addımlar da rəsmi səfərlərdən, müəyyən razılaşmalardan başlayır.

Hər halda Ermənistanın Qərbdəki bu anlaşmaları Azərbaycana təhlükə yaratmayacaq. Əgər söhbət Rusiyadan gedirsə, o, bu cəhdlərə qarşı hər şeyi edə bilər. Ermənistanın Rusiyadan enerji asılılığı var, bütün dəmir yolu şəbəkəsi də rusların əlindədir. Rusiyanın Ermənistana qarşı hərbi, siyasi və iqtisadi təsir rıçaqları kifayət qədər çoxdur. Bu rıçaqlardan Ermənistana qarşı istifadə edə bilər.

- Maraqlıdır ki, Avropa Birliyi bölgə ilə bağlı prosesdə birləşdirici rolda göründüyü halda ABŞ da bir o qədər pozucu təsir bağışlayır. Məsələn, Ukrayna, Gürcüstan və digər məsələlərə yanaşmada müttəfiqlik edən Avropa Birliyi və ABŞ niyə bura gələndə fikir ayrılığına düşürlər?

- Əlbəttə, Avropa İttifaqı və ABŞ partnyor və müttəfiqdir. Onların bir çox xarici siyasət prioritetləri üst-üstə düşür, bu, reallıqdır. Amma görünür, bir sıra məsələlərlə bağlı onların fərqli fikirləri də var. ABŞ özünü superdövlət sayaraq, hesab edir ki, onun buradakı müəyyən addımları Avropa İttifaqından üstün olmalıdır.

Fikir verin ki, ABŞ hələ də Minsk qrupu ilə bağlı rəsmi bəyanatlar verir, dövlət katibi hansısa diplomatı həmsədr təyin edir. Amma Avropa İttifaqı ABŞ-dan fərqli olaraq, daha yumşaq mövqedə dayanır. Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüşlər keçirilir. Şarl Mişel Azərbaycana kifayət qədər loyal və normal münasibət bəsləyir.

Fərqli yanaşmalar göstərir ki, Avropa İttifaqının enerji baxımından Azərbaycandan asılılığı daha çoxdur. Təbii ki, Brüssel Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu nəzərə alır və bundan irəli gələn addımlar atır.

- Azərbaycan və Ermənistan liderlərinin Brüsseldəki görüşündən sonra erməni mətbuatı maraqlı iddia ilə çıxış edib. Paşinyanın adından yayılan bu iddiada bildirilir ki, ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalana bilər. Siz bu ehtimalı nə qədər mümkün hesab edirsiniz?

- Ermənistandan ziddiyyətli bəyanatlar gəlir. Bir tərəfdən Paşinyanın adından belə bəyanat verilir, digər yandan Təhlükəsizlik Şurasının katibi Qriqoryan Xankəndiyə gedir. Düzdür, Qriqoryan sonradan üzrxahlıq edir, amma onlar elə zənn etməsinlər ki, bu uşaq söhbətidir. Qriqoryan rəsmi şəxsdir və Xankəndiyə də dövlətin təmsilçisi kimi gəlib. Özü də başa düşür ki, Xankəndi Azərbaycan ərazisidir, bunu da dünyanın bütün dövlətləri tanıyır.

Təbii ki, sülh sazişi gec-tez imzalanmalıdır. Hiss edirəm ki, Brüssel də bunda maraqlıdır. Şarl Mişelin bununla bağlı bəyanatları var. Hətta Brüsseldə razılıq da əldə olunub ki, xarici işlər nazirləri görüşüb, bunun layihəsini müəyyən edərək dövlət başçılarına təqdim etsinlər. Bu proses gedir. Amma görünür, Ermənistan rəhbərliyi xüsusən də daxildə müəyyən problemlərlə üzləşir. Ermənistanın daxili siyasi vəziyyəti qeyri-stabildir, Paşinyana qarşı çıxış edən qüvvələr kifayət qədərdir. Görürük ki, Moskvadan bir oliqarx da Xankəndiyə gələrək Paşinyana qarşı çıxış edir. Düşünürəm ki, rəsmi İrəvan bu amilləri nəzərə alaraq, belə ziddiyyətli davranışlar sərgiləyir və bəyanatlar verir.

- Bəs Azərbaycan Ermənistanın bu ziddiyyətli davranışlarına nə qədər dözəcək?

- Biz onların heç bir hərəkətinə dözmürük, hər bir addımlarına adekvat cavab veririk. Kəlbəcər və sərhədin digər istiqamərlərindəki təxribatlarının heç biri cavabsız qalmayıb. Onlar bir təxribat törədirlərsə, biz buna beşqat cavab veririk. Həm diplomatik, həm də hərbi müstəvidə bütün təxribatları cavabsız qalmır. Eyni zamanda, rəsmi bəyanatlar səviyyəsində öz xəbərdarlığımızı çatdırırıq.

Düşünmürəm ki, sülh sazişi təkcə Azərbaycana lazımdır. Bunda ermənilərin özləri maraqlı olmalıdırlar. Çünki qapalı bir vəziyyətdə yaşayırlar. Ermənistan Türkiyə ilə danışıqlara başlasa da, hələ də real nəticəyə gəlib çatmayıb. Azərbaycanla Türkiyə onlara əl uzadır, alicənablıq nümayiş etdirir. Əslində bunda onların özləri maraqlı olmalıdırlar.

Sülh sazişinin yaxın gələcəkdə imzalana biləcəyini düşünmürəm. Amma Ermənistan özünü sivil dövlət kimi aparsa və təxribatlarla məşğul olmasa, təbii ki, sülh sazişini nəinki ilin axırına, hətta bundan da tez imzalamaq olar. Biz sülhdə maraqlıyıq. Amma Ermənistan sülh sazişinin imzalanmasında, eləcə də Zəngəzur dəhlizinin açılmasında bizdən də maraqlı olmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər