Hələ hərb elmi elə bir faktı sübut etməyib ki, hansısa bir ordu müharibədə ağır zərbə alsın və qısa bir müddətdə onu yenidən bərpa etmək mümkün olsun. Bu vəziyyətdən sonra həmin ordunun hansısa döyüş gücünə malik olması mümkün deyil. Hərb elminin formal olaraq əlifbası odur ki, ordunu yaratmaq olar. Amma həmin ordu ən azından təlim, hazırlıq və döyüş taktikası keçməlidir ki, ondan istifadə etmək mümkün olsun.
Bunu Teleqraf.com-a hərbi ekspert Üzeyir Cəfərov deyib.
O hesab edir ki, ermənilər II Qarabağ müharibəsindən ötən iki il ərzində ciddi hərbi təlimlərdə iştirak etməyib: “Ola bilsin ki, onlar hansısa təlimlərdə müşahidəçi kimi iştirak ediblər. Bu baxımdan erməni silahlı qüvvələrinin son dövrlər Kəlbəcər, Laçın, Tovuz, Gədəbəy və digər istəqamətlərdə atəşkəsi pozması başqa məqamlardan xəbər verir. Onlar sözsüz ki, bu təxribatlarla heç nəyə nail ola bilmir. Bu, sadəcə ürəkbulandırıcı haldır. Eyni zamanda bu cür hallar Ermənistanın necə qeyri-ciddi dövlət olduğunu bir daha təsdiqləyir”.
Hərbi ekspertin fikrincə, erməni tərəfi öz adlarına atdıqları imzalara heç vaxt hörmət etməyib: “Azərbaycan tərəfi olaraq biz də belə məsələlərdə bir qədər daha sərt mövqe sərgiləməliyik. Ölkəmizlə sülh şəraitində yaşamaq istəyini bildirib bunun ardınca təxribata əl atmaq heç bir məntiqlə izah oluna bilməz. Rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən də mövqelərimizə atəş açılır. Bu faktları açıq şəkildə vurğulamaq lazımdır. Hətta "Qisas" əməliyyatı vaxtı belə bizə qarşı ittihamlar eşidilirdi”.