44 günlük müharibə baş verib və Ermənistan məğlub olub. Daha sonra üçtərəfli bəyanat hazırlanıb və imzalanıb. Ermənistan da üçtərəfli bəyanatda qarşısında qoyulan öhdəlikləri yerinə yetirməlidir.
Bu fikirləri Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
Zərdüşt Əlizadə qeyd edib ki, öhdəliklərin birincisində Ermənistan Azərbaycan ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyır: "Bunun üçün də sülh müqaviləsi imzalanmalıdır. Amma Ermənistan bunu müxtəlif bəhanələrlə uzadır. İkincisi, sərhədlərin delimitasiya və demarkasiyası üçün komissiya yaradılıb, onun indiyə qədər üç iclası keçirilib. Amma bu komissiyanın işini müntəzəm qaydada hər gün aparmaq lazımdır. Bunun üçündə oturub işləməlidirlər, mütəxəssislər cəlb olunmalı, sərhədə yaxın icra qurumlarının nümayəndələri dəvət edilməlidir və s. Amma İrəvan bu məsələni yubadır.
Üçüncüsü, bütün yollar açılmalı idi. Ermənilər Azərbaycan ərazilərini işğal etdikdən sonra Horadizdən Mincivana qədər olan yolu, 45 kilometlik Mehri dəmiryolunu sökərək iranlılara satdılar. Müharibə oldu və qərar verildi ki, yollar bərpa olunsun. Azərbaycan hazırda Horadizdən Mincivana olan yolu sürətlə çəkir. Amma Ermənistan öz ərazisində olan 42 kilometlik yolu çəkmir. Hərçənd Avropa İttifaqı bildirir ki, bu yolun çəkilməsi üçün sənə maliyyə ayıracağam. Amma işə başlamayıblar. Bunun bir səbəbi də Rusiyadır”.
Əlizadə qeyd edib ki, Rusiya erməni hökumətindən bu yola nəzarəti ona verməyi tələb edir: “İrəvan da deyir ki, sizə baza, iqtisadiyyatın mühüm sahələrini vermişik, heç olmasa bu yola nəzarət özümdə qalsın. Ruslar da deyir ki, yox, verməlisən. Çünki sanksiyalardan sonra Rusiya üçün əsas dəmiryolu çıxışı əsasən Azərbaycan, Ermənistan və Türkiyə üzərindən olacaq. Ona görə də, yolu hüquqi baxımdan nəzarətə götürmək istəyir. Ermənilər isə buna müqavimət göstərir. Azərbaycan Ermənistana deyir ki, sən sərhəddə nöqtəni göstər, mən dəmiryolunu və şose yolunu ora qədər çəkim. Bundan sonra sən də öz ərazindən Naxçıvana qədər yolu çəkərsən. Nə delimitasiya, nə sülh müqaviləsi, nə də nəqliyyat yollarının açılması məsələsində Ermənistan öz öhdəliklərini yerinə yetirir. Azərbaycan da haqlı olaraq bundan narazıdır”.
Politoloq əlavə edib ki, Azərbaycan tərəfi xoş sözlə deyir, Ermənistan isə başa düşmür: “Bu halda Azərbaycan bir zərbə vurur, Ermənistan anlamalı olur. Bu məntiqlə Azərbaycan tərəfi indiki siyasətində haqlıdır. Erməni tərəfi xoş sözü, beynəlxalq hüququ anlamır. Səbəb bu qədər sadədir. Azərbaycan xoş məram nümayiş etdirir, Ermənistan isə bəhanələrlə öhdəliyindən qaçır, onu yerinə yetirmir. Nəticədə də indiki vəziyyət yaranır”.