27 Sentyabr 2022 15:05
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində ordumuzun rəşadəti, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan qələbə qazandı və tarixi ədalət bərpa olundu. Ordumuz şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Anım Günündə də bütün xalıqmız şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edir.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyəti dövründə problemin həllinə yox, dondurulmasına çalışıb: “Minsk qrupu işğalçıya, işğala məruz qalmış tərəfə eyni münasibət bəsləyib. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalıb. Beynəlxalq birlik bu sənədlərin icra olunması üçün Ermənistana heç bir təzyiq göstərməyib. Ermənistan isə işğalçı siyasətinə uyğun ərazilərimizdə təxribatlar törədib. 2016-cı il Aprel və 2020-ci il Tovuz döyüşləri zamanı Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vuraraq ona öz gücünü göstərmişdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı. 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədildi, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu. Nəticədə hərbi qulluqçular ilə yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə Bəyanat imzaladı. Bu, əslində, Ermənistanın kapitulyasiyası idi”.

“Dini, tarixi, mədəni abidələrin dağıdılmasına beynəlxalq ictimaiyyət reaksiya vermədi”

Milli Məclisin deputatı Ceyhun Məmmədov əsrlər boyu ermənilərin azərbaycanlılara qarşı bir sıra vandalizm aktları törətməsindən bəhs edib: “27 sentyabr 2020-ci ildə Ermənistanın növbəti məkrli niyyətinin qarşısı qətiyyətlə alındı. Tarixdə ilk dəfə torpaq itirmədik, uzun illər işğal altında qalan torpaqlarımızı azad etdik. 27 sentyabrla başlayan Zəfər yolumuz 8 noyabrda Şuşada üçrəngli Azərbaycan bayrağının dalğalanması ilə yekunlaşdı. Bundan sonra xalqımız qalib və müzəffər xalq kimi yaşamağa başladı. Artıq qovuşduğu torpaqlardan Azərbaycan xalqını heç bir qüvvə çıxara bilməyəcək”.

Deputat hesab edir ki, bugünkü müstəqil, inkişaf etmiş, azad Azərbaycan Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizə, xalqımıza göstərdiyi qayğının nəticəsində formalaşıb: “Azərbaycanda ordu quruculuğu böyük inkişaf yolu keçib. 30 il əvvəl ölkəmizdə nizami ordu yox idi, lakin hazırda Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Artıq Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli Azərbaycan bayrağının ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərində dalğalanması çox qürurvericidir. Son 30 il ərzində ölkəmiz dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. İşğal edilmiş ərazilərdə etnik təmizləmə aparılmasına, dini, tarixi, mədəni abidələrin dağıdılmasına, yaşayış məntəqlərinin viran edilməsinə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi reaksiyalar göstərilməmişdi. Münaqişənin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi ola bilərdi, lakin bu təzyiqlər reallaşmadı, ikili standartlar öz sözünü dedi. Bütün bunların nəticəsində 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan güc vasitəsilə həll etdi. Azərbaycan Qarabağ münaqişəsinin həlli, eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrinin icra olunmaması ilə bağlı yükü götürmüş oldu. Bu zəfərdə payı olan bütün əsgərlərimiz, zabitlərimiz bizim qürur yerimizdir. Bizə bu zəfəri bəxş edən şəhidlərimiz daim qəlbimizdə yaşayacaq, onlar heç zaman Azərbaycan xalqı tərəfindən unudulmayacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

“Vətən Müharibəsi Ermənistanın işğal faktına, separatizmə, vandalizmə qarşı ən layiqli cavab oldu”

YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova qeyd edib ki, artıq ikinci ildir 27 sentyabr tarixi rəşadətli və müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə Anım Günü günü kimi qeyd olunur: “Bu Sərəncam Prezidentin torpaqlarımızın azadlığı uğrunda böyük şücaət göstərmiş, bayrağımızı işğaldan azad edilən torpaqlarda dalğalandırmış və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizə, əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq imzalanıb. Bu, şəhidlərin ruhlarına və onların ailələrinə, doğmalarına, bütövlükdə isə Azərbaycan xalqına ən ali ehtiramın göstəricisidir. Xalqımız bundan sonra da hər zaman Anım Gününü böyük ehtiramla yad edəcək, öz şəhidlərinin ruhu qarşısında baş əyəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsi son 200 il ərzində mərhələlərlə azərbaycanlılara, xalqımıza qarşı yönəlmiş işğalçılıq siyasətinə, Avroasiya məkanında uzunmüddətli münaqişə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminə son qoydu: “Bununla da Ordumuz XXI əsrin müasir müharibəsinin aparılması taktika və strategiyasını yaratdı. Hazırda dünyanın ən inkişaf etmiş ölkələri bunu hərbi dərsliklərə salaraq öyrənirlər. Həmçinin Vətən müharibəsində onilliklərlə səbrlə qəlbində torpaq nisgilini saxlayaraq rəhbərinin lazım bildiyi zaman onun ətrafında sıx birləşərək, ən ümdə olan arzusuna nail olmasının nümunəsini yaratdı. Azərbaycan əsgəri isə XXI əsrin bir etalon əsgəri nümunəsini göstərdi. Eyni zamanda, Vətən müharibəsində əldə olunan qələbə ilə erməni təbliğat maşınının 200 il ərzində yaratdığı miflər, “böyük Ermənistan” xülyası, “ermənilərin döyüşkən xalq olduğu” haqqında uydurmaları da param-parça oldu”.

Sevinc Hüseynova hesab edir ki, 2016-cı il aprel, 2020-ci ilin Tovuz döyüşləri və nəhayət Vətən Müharibəsi Ermənistanın işğal faktına, separatizmə, barbarlığa, vandalizmə qarşı ən layiqli cavab oldu: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ədalət bərpa olundu. Bununla da, Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Qələbəmizin əldə olunmasında mühüm amillərdən biri də tarixi şəhərimiz olan Şuşanın işğaldan azad edilməsi oldu. 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya göstərdi. Düşmən torpaqlarımızdan qovuldu, tarixi ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq”.

“Azərbaycan özünün hərbi gücü ilə döyüş meydanında bütün stereotipləri sındırdı

Milli Məclisin deputatı Aqil Məmmədov hesab edir ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının mübarizə əzmini, işğal faktı ilə heç vaxt barışmamaq prinsipinin göstəricisi idi: “Xalq-iqtidar birliyi, güclü ordu tandemi nəhayət döyüş meydanında işğalçının məğlub edilməsi ilə bitdi. Ermənistan ordusunun “məğlubedilməzliyi” haqqında uydurulan miflər darmadağın edildi. Azərbaycan əsgərinin rəşadəti qarşısında erməni əsgəri ancaq qaçmaqla xilas ola bildi. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan özünün dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü təmin etdi. BMT Təhlükəsizlik Şurasının ərazilərimizin erməni silahlılarından boşadılması ilə bağlı qətnamlərini Azərbaycan təkbaşına icra etdi”.

Deputat bildirib ki, ki, 30 ilə yaxın münaqişənin tənzimlənməsində vasitəçi olan qurumların heç bir fəaliyyət göstərməməsi və bunun əksinə olaraq işğalçıya dəstək olmaları xalqımızın haqlı narazılığı ilə qarşılanırdı: “Ona görə də, Azərbaycan xalqı pozulmuş hüquqlarının bərpasını ancaq Ali Baş Komandanın qətiyyətindən, Ordumuzun gücündən gözləyirdi. Çünki ATƏT-in Minsk Qrupu kimi tarixin arxivinə göndərilmiş təşkilatlar ancaq status-kvonun saxlanılmasına çalışıb. Amma Azərbaycan özünün hərbi gücü ilə döyüş meydanında bütün sterotipləri sındırdı. Qalib Azərbaycan əsgəri üçrəngli bayrağımızı Şuşada dalğalandırmaqla yeni bir tarix yazdı. Bu, eyni zamanda yeni bir reallıq idi. Bu reallığın müəllifi Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Məhz bu uğurlu strategiya bölgədə sülhü, təhlükəsizliyi, əməkdaşlığı ehtiva edir. Azərbaycanın müharibədən dərhal sonar Ermənistana təklif etdiyi 5 bənddən ibarət sülh konsepsiyası da bir-birinin ərazi bütövlüyünü, sərhədlərini tanımaq və beynəlxalq hüquqa əsaslanan münasibətlər formalaşdırmağa hesablanıb. Amma çox təəsüf ki, özünün işğalçı, təxribatçı və təcavüzkar mahiyyətindən imtina edə bilməyən Ermənistan ona uzanan sülh əlini tutmaq üçün cəsarət tapmır. Bunun əksinə təxribatlara əl atır ki, bu da qarşı tərəfə böyük itgilər hesabına başa gəlir”.

Aqil Məmmədova görə, Azərbaycan özünün malik olduğu imkanlarla bu bölgədə söz sahibidir: “Cənubi Qafqazda sülh strategiyası üçün ölkəmiz açıq mövqe ortaya qoyub. Bu bölgədə mövcud olan digər dövlətlərin də qarşılıqlı maraqlar müstəvisində inkişafına hədəflənib. Bütün bunlar onu deməyə əsas verir ki, bu regionun çox böyük işıqlı gələcəyi var və burada əsas təkanverici qüvvə Azərbaycandır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər