“Öncədən də deyirdim ki, bu münaqişə əvvəl-axır həll ediləcək. Faktiki olaraq Ermənistanla Azərbaycan arasında mübahisə doğuracaq məsə qalmayb. Sadəcə sərhədi müəyyən edərək onu qurmaq lazım gələcək. Sülh müqaviləsini bağlayacaqlar, bunun ikinci yolu yoxdur. Daha doğrusu sülh sazişinin imzalanmaması Ermənistanın məhv olması deməkdir”.
Bunu Teleqraf.com-a sabiq təhsil naziri Firudin Cəlilov deyib.
Sabiq nazir bildirib ki, Xankəndi ilə bağlı məsələ hələ ki mürəkkəbdir, amma sistemli işləmək lazım gələcək:
“Bunun üçün ciddi təbliğat qrupları yaratmaq lazımdır, orada yaşayan ermənilərlə söhbətə, təbliğata ehtiyac var. Eləcə də bizim keçmiş köçkünləri öz ata-baba torpaqlarına qaytarmaq lazımdır. Eyni zamanda Qarabağdakı ermənilərlə danışmaq, onları inandırmaq lazımdır ki, 1988-ci ilə qədər Azərbaycanda necə yaşamısınızsa, yenə də eyni cür yaşaya biləcəksiniz. Nəzərə almaq lazımdır ki, 30 il əvvəllə müqayisədə indi Qarabağdakı ermənilər zəlil gündə yaşayırlar. Qısacası belə yollarla onlarla danışmalıyıq. Onlar bizim vətəndaşlarımızdır. Əlbəttə, mən sadəcə orada yaşayan erməniləri deyirəm, cinayətkarları nəzərə almıram. Sadə, silahsız və Azərbaycana qarşı cinayət əməli törətməyən ermənilərlə silah gücündə danışası deyilik. Deyilməlidir ki, Azərbaycanın tərkibində bu cür - gözəl şəkildə yaşamağa davam edəcəksiniz”.
Firudin Cəlilov deyib ki, Ermənistanda olan revanşistlər və Xankəndidəki separatçılar hələlik Köçəryan-Sərksiyanı dəstəkləyirlər:
“Məncə, sülh sazişindən sonra da onlar sakit durmayacaqlar. Bu məqamı nəzərə almaq lazımdır. Bəli, onlar Azərbaycana qarşı heç nə edə bilməzlər. Sadəcə prosesi uzada bilərlər. Çünki indilikdə onların Xankəndinə əli çatır, aranı qarışdırmaq imkanları var”.