İşğal dövründə Ermənistan tərəfindən xalqımıza məxsus bütün tarixi və dini abidələrin məhvi, talan edilməsi, vandalizmə, barbarlığa məruz qalması ilə bağlı acı gerçəklik var. Azərbaycan ərazilərində mövcud olan 67 məscid tamamilə dağıdılıb, yalnız iki məscid nisbətən salamat vəziyyətdə qalıb. Erməni barbarlığı tək müsəlman abidələrinə qarşı törədilməyib. Eyni zamanda həmin ərazilərdə mövcud olan alban-xristian abidələri də erməni barbarlığına məruz qalıb. Oradakı bütün alban kilsələri ermənilər tərəfindən özününküləşdirilməyə cəhd edilib. Buna nail olmadıqda isə dağıdıb viran qoyublar. Qarabağda mövcud olan yeganə provaslav kilsəsi də ermənilər tərəfindən tamamilə dağıdılıb, viran edilib.
Bunu Teleqraf.com-a Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, ermənilərin bu cür vandalizm aktları təkcə azərbaycanlılara qarşı olmayıb: “Burada ermənilər digər dinlərin abidələrinə qarşı da analoji barbarlıq həyata keçirib. Amma təəssüflər olsun ki, biz dünya ictimaiyyətinin reaksiyasını görmürük. Əksinə olaraq ermənilərin iddiaları ilə üz-üzə qalmışıq. Onlar iddia edirlər ki, guya Azərbaycan bu əraziləri işğaldan azad edərkən “erməni abidələri”ni dağıdıb. Əslində isə belə bir fakt yoxdur. Çünki bu ərazilərdə heç vaxt ermənilərə aid hər hansı bir dini-tarixi abidə olmayıb. Amma ermənilərin dəyirmanına su tökməyə çalışan bəzi Qərb dairələri nədənsə, hələ də erməni yalanlara inanır və absurd tezislərlə çıxış edirlər. Bu gün bütün dünya görür ki, 30 illik işğal dövründə ərazilərimizdə olan tarixi, dini, mədəni abidələri ermənilər dağıdıb, viran qoyub, mənimsəməyə çalışıb. Azərbaycanda isə hər zaman mədəniyyətə, dini-tarixi abidələrə, eyni zamanda qeyri-dinlərin dəyərlərinə yüksək hörmət olub. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünyada özünün tolerantlığı ilə tanınan ölkədir. Ermənistanda isə tək insanlığa deyil, dini-tarixi abidələrə qarşı terror dövlət səviyyəsində həyata keçirilib. Dünyada mövcud olan tarixi, mədəni, dini abidələrin qorunması üzrə ixtisaslaşmış YUNESKO da çox təəssüf ki, Azərbaycanın çağırışlarına adekvat reaksiya verməyib. Ölkəmiz tərəfindən dəfələrlə bu təşkilat işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparması üçün dəvət olunsa da, hələ də bu məsələyə biganə yanaşırlar. Bu, öz-özlüyündə ikili standartlar, Azərbaycan xalqına, İslam dəyərlərinə məxsus abidələrin ermənilər tərəfindən barbarcasına məhv edilməsinə YUNESKO-nun biganə yanaşması kimi qəbul edilir. Eyni zamanda digər beynəlxalq qurumlar da bu məsələyə heç bir reaksiya vermir. 10 min kv km ərazidə Azərbaycana məxsus məscidlər, dini abidələr dağıdılıb, təhqir edilib. Bu abidələrin içərisində ermənilər tərəfindən donuz, inək saxlanılıb”.
“Ermənilər xalqımızın heysiyyətinə toxunmaq üçün məscidlərimizi murdarlayıb”
Komitə üzvü hesab edir ki, məscidin, kilsənin müqəddəs bir yer olduğunu bilərək ermənilərin məhz bu cür çirkin əməllərə əl atması tamam başqa mətləblərdən xəbər verir: “Ermənilər məhz Azərbaycan xalqının heysiyyətinə toxunmaq üçün məscidlərimizdə bu cür vəhşilik, barbarlıq törədiblər. Haqlı olaraq Azərbaycan xalqı beynəlxalq qurumlardan, dünya ictimaiyyətindən bu məsələlərlə bağlı adekvat reaksiyaların verilməsini gözləyir. Erməni tərəfi xaricdə yalan və absurd təbliğat aparmağa çalışır. Bunu tez-tez Qərb mediasında da görmək mümkündür. İddiaları da guya hansısa bir “erməni abidəsi”nin dağıdılmasıdır. Təəccüblüdür ki, bunu az qala böyük ajiotajla qarşılayanlar da az deyil. Guya ki, Azərbaycan ərazilərində “erməni kilsələri” dağıdılır. Amma bizə məxsus abidələrin ermənilər tərəfindən dağıdılmasına heç bir reaksiya yoxdur. Bu da sözsüz ki, ikili standartların, qərəzli yanaşmaların göstəricisidir. II Qarabağ müharibəsindən sonra Ermənistanın bu cür “təbliğat” aparması heç bir məntiqə, fakta əsaslanmır. Amma buna baxmayaraq biz də əlimizdən gələn işləri görməliyik ki, belə yalan xəbərlər yer almasın. Diplomatik kanallar, parlament və digər sahələrin təmsilçiləri bu cür hallara qarşı barışmaz mövqe sərgiləməlidir. Çünki bu gün bir sıra dövlət və təşkilatlar növbəti dəfə Ermənistanı dəstəkləməyə can atır. Təəssüf ki, yenə də Azərbaycanın haqq səsini eşitmək istəməyən qüvvələr var. Amma bu reallıqdır ki, bütün bəşəriyyətə və azərbaycanlılara qarşı ən iyrənc vəhşiliyi, barbarlığı ermənilər törədib. Ermənistan dövləti də bu cinayətlər görə cavab verməlidir. Bizim tələbimiz odur ki, beynəlxalq hüquq müstəvisində belə hallara qarşı konkret mövqe ortaya qoyulsun və ermənilərin əməllərinə layiqli qiymət verilsin. Eyni zamanda erməni yalanlarını ifşa etmək üçün də fəaliyyətimizi davam etdirməliyik. Bununla bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi də qarşıya qoyulan mühüm vəzifələrdəndir”.
"Ermənilər yəhudilərə qarşı da barbarlıq edib"
Millət vəkili bildirib ki, tarixə nəzər salsaq, VII-VIII əsrdən Qafqaz Albaniyasının mövcudluğundan sonra məhz bu ərazidə yayılmış xristian dini və bu dinə aid kilsələrə rast gəlmək mümkündür: “İslamdan əvvəl burada mövcud olmuş dinlərə məxsus abidələr erməni barbarlığının qurbanı olub. Halbuki 1836-cı ilə kimi Qafqaz Albaniyasına məxsus kilsələlər, abidələr öz profillərinə uyğun fəaliyyət göstərib. Alban abidələrini isə ermənilər məhz işğal dövründə saxtalaşdırıb, özününküləşdirməyə çalışıb. Edə bilmədiklərini isə dağıdıb, məhv ediblər. Burada söhbət dağıdılmış onlarla kilsədən gedir. İslam abidələri ilə bağlı məscidlərin ermənilər tərəfindən dağdıldığını deyiriksə, bunu da vurğulamalıyıq. Əslində bu gün ermənilərin özününkü kimi qələmə verməyə çalışdıqları kilsələr albanlara məxsusdur. Təəssüf ki, bunun hamısını ermənilər saxtlaşdırıblar. Xocavənddə, Laçında olan Qafqaz Albaniyası dövründə aid kilsələr ermənilər tərəfindən saxtalaşdırmaya məruz qalıb. Bütün bunlar onu göstərir ki, ermənilər barbarlığı tək İslam dininə qarşı deyil, özlərinə din qardaşı hesab etdikləri xristianlara qarşı da ediblər. Faktlar var ki, ermənilər bu ərazidə mövcud yəhudilərə qarşı da eyni analogiyadan çıxış edərək barbarlıq edib. Dünya ictimaiyyəti birmənalı olaraq bilməlidir ki, ermənilərin bu siyasəti tək azərbaycanlılara qarşı deyil. Onlar bütün dünyanı hədəf seçiblər. Çünki ermənilər özlərindən başqa heç kəsi qəbul etmək istəmir. Ona görə də, ermənilərin bu yanaşmasına reaksiya verməlidir. Bu hallara qarşı çıxmadıqca ermənilər çirkin niyyətlərini bundan sonra da davam etdirəcəklər”.
“Şuşa, Suqovuşanda məscidlərimiz bərpa edilir”
Ceyhun Məmmədov bu gün işğaldan azad edilən ərazilərimizdə bərpa edilən dini-tarixi abidələrin yenidən öz tarixi görkəminə qayıtması üçün Azərbaycan dövləti tərəfindən görülən işlərdən də bəhs edib: “Heydər Əliyev Fondu tərəfindən bu gün işğaldan azad edilən ərazilərmizdə, Ağdam, Şuşa, Suqovuşan, Qubadlı Zəngilan və digər bölgələrimizdə məscidlərimiz bərpa edilir, yenidən qurulur. Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən azad edilmiş ərazilərimizdə yeni məscidlər də tikilir. Artıq qısa müddətdə Azərbaycan dövləti tərəfindən bu ərazilərdə geniş-quruculuq abadlıq işlər icra edilir. Dövlətimiz tərəfindən aparılan quruculuq-bərpa işləri tək müsəlman abidələrini əhatə etmir. Şuşada, Hadrutda, Suqovuşanda olan kilsələr dövlətin himayəsi altında təmir-bərpa işlərincə cəlb edilib. Hazırda Heydər Əliyev Fondu tərəfindən Şuşada məscidlər təmir və bərpa edilir. Prezident İlham Əliyevin siyasətində milli-mənəvi dəyərlərimizə, onların qorunmasına xüsusi diqqət və qayğı mövcuddur. Hadrutda, Suqovuşanda, Zəngilanda tikilən yeni məscidlər Azərbaycan dövlətinin öz tarixinə dininə olan yüksək hörmət və ehtiramının bariz nümunəsi hesab edilir. Ölkəmizdə bir çox dini və tarixi abidələrimiz Heydər Əliyev Fondu tərəfindən himayəyə götürülüb. Müdrik və uzaqgörən siyasi xəttə uyğun olaraq burada böyük quruculuq-abadlıq işləri həyata keçirilib. Bu da sözsüz kli, Prezident İlham Əliyevin eyni zamanda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xalqımızın milli- mənəvi dəyərlərinə olan diqqət və qayğısının ən yüksək göstəricisidir. Bütün bu amillər Azərbaycanın dövlət siyasətində milli-mənəvi dəyərlərimizin qorunması, dini-tarixi abidələrimizə olan diqqət-qayğının prioritet istiqamətlərdən olduğunu bir daha təsdiqləmiş olur”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" istiqamətində hazırlanıb.