17 Oktyabr 2022 10:39
2 335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- ABŞ Ermənistan-Azərbaycan prosesində fəallığını artırıb. Artıq dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə görüşlər də keçirilib. Sizcə, Amerikanın vasitəçilik səyləri nə vəd edir?

- Düşünürəm ki, ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş nazir Nikol Paşinyanla danışması, iki ölkə arasında rəsmi sülh müqaviləsinin bağlanması məqsədi ilə Bakı və İrəvan arasında aparılan danışıqlara kömək etməyə çalışması çox yaxşı haldır.

İllərdir məhz bu cür əlaqənin tərəfdarıyam və ya ən azı vaxtaşırı telefon zəngləri və ictimai bəyanatlar vasitəsilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan və Ermənistana davamlı sülhə nail olmaqda köməklik göstərdiyini bildirirəm. Dövlət katibinin fəaliyyətinin səviyyəsi gözlədiyimdən də artıq idi. Amma hesab edirəm ki, indi Avropa İttifaqının, xüsusən də Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin bu qədər aktivliyi Azərbaycan və Ermənistanın sülh razılaşması əldə etməsini görmək istəyənlər üçün yaxşı inkişafdır.

Mən bunun olacağını təxmin etmirəm, çünki Paşinyanın siyasi rəqibləri bir çox hallarda münaqişənin davam etməsini istəyirlər və biz hamımız bilirik ki, keçmişdə Azərbaycan və Ermənistan sülhə yaxın olanda zorakılıqlar və hətta 1990-cı illərin sonlarında o vaxtkı baş nazirə qarşı parlamentdə sui-qəsdlər olub. Lakin düşünürəm ki, həm ABŞ, həm də Aİ-nin vasitəçilikdə yardım etməsi Paşinyanın öz rəqiblərinə və bütün erməni həmvətənlərinə həm ABŞ, həm də Aİ tərəfindən güclü təzyiq altında olduqlarını və buna görə də sülhə doğru irəliləmək lazım olduğunu söyləməyi asanlaşdırır.

- Diqqətçəkən məqamlardan biri də budur ki, ABŞ bölgəmizdə indiyədək görülməmiş formada aktivlik göstərir. Bunun səbəbləri nə ilə əlaqəli ola bilər?

- Dəqiq desək, Bayden administrasiyasının indiki aktivlik səviyyəsi indiyədək görülməmiş formada deyil, lakin keçmişdəkindən daha yüksək səviyyədədir. Yada salaq ki, hələ 2001-ci ildə o zamankı dövlət katibi Kolin Pauell Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyevi və o vaxtkı Ermənistan prezidenti Robert Köçəryanı Florida ştatında bir neçə günlük danışıqlarda qəbul etmiş və bu danışıqlar Vaşinqtonda prezident Buşla görüşlərlə davam etmişdi. Heydər Əliyev və Köçəryan prezident Buşla gizli görüşmüşdü.

O vaxtdan bəri ABŞ hökumətinin bu qədər yüksək səviyyədə iştirakı yox idi, çünki açıq deyim ki, tərəflər razılığa kifayət qədər yaxınlaşmamışdılar. Ona görə də hesab edirəm ki, ABŞ hökumətinin bu cür yüksək səviyyədə fəalllığının səbəbi Azərbaycan və Ermənistanın indi həqiqətən sülh sazişinə doğru irəliləməsidir.

Azərbaycan bu münaqişənin hərbi mərhələsində açıq-aşkar qalib gəldi, demək olar ki, bütün ərazi bütövlüyünü bərpa etdi və Paşinyan atəşkəs bəyanatı imzalayaraq mahiyyətcə eyni şeyi etdi və bütün Ermənistan qoşunlarını Azərbaycan ərazisindən çıxarmaq öhdəliyi götürdü. Bu, prezident Bayden və dövlət katibinin çox məhdud vaxtlarını bəlkə də müsbət nəticə vəd edən bir şey üçün istifadə etməyə fürsət yaratdı. Onların bu cür aktivliyinin səbəbi budur.

Strateji baxımdan Vaşinqton münaqişənin irəliləməsini və yenidən qeyri-sabitliyi ehtiva edən müharibənin başlamasını istəmir, eyni zamanda, nəhayət, uzunmüddətli razılaşmanın əldə olunması üçün fürsəti ələ keçirmək arzusundadır. Düşünürəm ki, Aİ Əliyev və Paşinyana Praqada həm Şarl Mişel, həm də Fransa prezidenti Emmanuel Makronun köməyi ilə verdiyi bəyanatlarla bağlı həqiqətən kömək etdi.

Bəyanatlarda mahiyyətcə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı və Azərbaycan Aİ-nin Azərbaycan və Ermənistan arasındakı beynəlxalq sərhəd boyunca monitorinq missiyası tətbiq etməsinə razı oldu. Missiyanın məqsədi gərginliyi azaltmaq, hər iki tərəfin beynəlxalq sərhədin demarkasiyası ilə bağlı razılığa gəlməsini və sülh müqaviləsinin əldə olunmasını asanlaşdırmaqdır.

- Ötən günlərdə Ermənistanı müstəqillik günü münasibətilə təbrik edən ABŞ Prezidenti Co Bayden təbrik məktubunda "Dağlıq Qarabağ xalqı" ifadəsinə də yer verdi. Bəs Amerika prezidenti niyə Azərbaycan üçün qəbuledilməz olan belə bir ifadəyə yer verdi?

- Mən artıq hökumət təmsilçisi deyiləm, ona görə də prezident Baydenin Ermənistanı müstəqillik günü münasibətilə təbrik edərkən və təbrik məktubunda “Dağlıq Qarabağ xalqı” ifadəsini istifadə edərkən nə düşündüyünü bilmirəm. Təcrübəmə əsasən, təxmin edirəm ki, həmin məktub Ermənistan liderinə ünvanlanıb, ona görə də çox güman ki, Bayden nəzakətlə erməni liderinin qəbul edəcəyi terminologiyadan istifadə edib. Amma sualınızın mahiyyətini başa düşürəm.

Hesab edirəm ki, ABŞ Azərbaycanla Ermənistan arasında vasitəçiliyə kömək etmək istəyirsə, Azərbaycanın bu ifadəni olduqca etirazla qəbul edəcəyini nəzərə alaraq belə bir ifadə işlətməsi faydasız idi. Əgər mən hələ də hökumətdə olsaydım və ABŞ-ın Cənubi Qafqaz ölkələri ilə münasibətlərinə nəzarət etsəydim, hesab edirəm ki, bundan daha yaxşı ifadə tapa bilərdim.

- Rusiya ABŞ və Avropa Birliyinin vasitəçilik səylərini "prosesə müdaxilə" və "prosesi pozmaq" kimi dəyərləndirir. Görünən budur ki, Rusiya Qərbin fəallığına razı deyil. Belə olan halda Rusiya Qərbi prosesdən uzaq tutmaq üçün hansı addımları ata bilər? Yaxud Rusiya Qərbin önünə keçmək üçün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını öz vasitəçiliyi ilə tezləşdirə bilərmi?

- ABŞ və Aİ-nin Azərbaycan və Ermənistana sülh müqaviləsi imzalamağa kömək etməsindən söhbət gedəndə Rusiyanın hər hansı prosesə müdaxilə etməsi və ya hər hansı prosesin pozulmasından danışması mənə faciəvi şəkildə gülməli gəlir. Bu, bir növ Rusiyanın hər hansı bir ölkənin başqa ölkənin daxili işlərinə qarışmasını rədd etməsini, ancaq sonra Ukraynanı iki dəfə və Gürcüstanı bir dəfə işğal etməsini əks etdirir.

Bütün bunlar göstərir ki, rus diplomatiyası ziddiyyətdən diplomatik vasitə kimi çox makiyavelist (emosional soyuqluq, əxlaqi məsələlərə laqeydlik kimi xüsusiyyət ilə xarakterizə olunan psixoloji vəziyyət - red.) şəkildə istifadə edir və məncə, Rusiyadan kənarda bir çox insanlar bu cür diplomatiyanı etibarsız hesab edirlər. Rus diplomatlar üçün bir-birinə yalan danışmaq tamamilə normaldır, necə ki, mənim Rusiyada yaşadığım dövrdəki təcrübəmə görə, rus xalqı hər zaman bir-birinə yalan danışır və onlar bu barədə heç nə düşünmürlər.

Belə olan halda, Azərbaycan və Ermənistan liderlərinin belə vasitəçiliyi qəbul etdikləri müddətdə Rusiya Aİ və ABŞ-ı vasitəçilik prosesindən kənarda saxlamaq üçün heç nə edə bilməz. Rusiya öz sözlərinə uyğun yaşamalı, daxildə öz problemlərindən narahat olmalı, başqa ölkələrin işlərinə qarışmamalıdır.

Əgər Bakı və İrəvan Aİ və ABŞ-ın iştirakını qəbul etsə, Rusiya isə buna mane olmağa çalışsa, Rusiya Azərbaycanla Ermənistan arasında bu sülh prosesinə müdaxilə etmiş olur. Ona görə də Rusiya prosesi dayandıra bilməz. Ancaq əksinə, Rusiya ABŞ və Aİ-nin bu müsbət diplomatik addımlarını rəqabət kimi görsə və iki tərəfə sülh razılaşmasına nail olmağa kömək etsəydi, çox yaxşı olardı. Minsk qrupunda amerikalı həmsədr kimi öz təcrübəmdən deməliyəm ki, Rusiya o dövrdə ardıcıl olaraq müsbət və konstruktiv rol oynayıb. Təkcə mənim rusiyalı həmsədr və səfir həmkarım Yuri Merzlakov deyil, həm də xarici işlər naziri Lavrov və hətta o vaxtkı prezident Medvedyev kimi yüksək səviyyəli liderlər yaradıcı idilər və prosesin irəliləməsinə kömək edirdilər. Onlar hər iki tərəfə yumşaq diplomatik təzyiq göstərməyə və prosesə bacardıqları qədər dəstək verməyə çalışırdılar.

Rusiya dinc, təxribatçı olmayan qonşusunu işğal etdiyinə və beynəlxalq hüququ bu qədər pozduğuna görə, nəinki özünü mükəmməl vasitəçi olmaqdan çəkindirir, həm də prosesdə heç bir rolu olmadığı halda vasitəçilik prosesini ləngitməyə çalışır. Mən hesab edirəm ki, bu, son nəticədə Rusiya üçün əks-məhsuldar olacaq, çünki mən Rusiyanın Qarabağ münaqişəsini birdəfəlik həll etmək istədiyini düşünməsəm də, Rusiya yenidən Azərbaycan və Ermənistan arasında müharibə görmək istəmirdi və indi də istəmir.

Beləliklə, sizin də təsvir etdiyiniz kimi bu davranış Rusiya üçün əks-məhsuldardır.

- Həm Bakı, həm də İrəvandan verilən son açıqlamalarda sülh müqaviləsinin ilin sonunadək imzalanacağı mesajı verildi. Sizin bu haqda fikriniz necədir?

- Bakı və İrəvan ilin sonuna qədər sülh sazişi imzalamağa ümid edirlər, lakin bunu proqnozlaşdırmırlar. Hesab edirəm ki, hazırda müzakirə etdiyimiz ABŞ və Aİ-nin bu aktiv vasitəçiliyi və həm İlham Əliyevin, həm də Nikol Paşinyanın sülh müqaviləsini imzalamaq üçün aydın iradəsi ilə bu, tamamilə mümkündür. İlin sonuna qədər bunun tamamilə həyata keçirilə biləcəyini düşünmürəm, ancaq proses nə qədər sürətlə getsə, uğur şansı da bir o qədər yüksək olar.

Çünki bu, Ermənistandakı sülh əleyhdarlarına bəlkə də Rusiyanın təşviqi və yardımı ilə müdaxilə etmək üçün daha az vaxt verir. Sürətli gediş yaxşıdır və ilin sonuna qədər razılaşma mümkündür, lakin Ermənistan müxalifətinin Rusiyanın dəstəyi ilə prosesə mane olmağa çalışmasından çox şey asılı olacaq.

- İran da fəal olmağa çalışır. Tez-tez sərhədlərin dəyişdirilməsi ehtimalına etirazlarını bildirir. Üstəgəl, Azərbaycana yönəlik hərbi təhdid mesajları verir. Bəs İran nə istəyir, ümumiyyətlə, İranın burada edə biləcəyi bir şey varmı?

- Məncə, İran Azərbaycanla sərhəddə sakitlik, sabitlik və təbii ki, sərhədin daimi olması və heç bir problem yaranmaması istəyir. Mən İranın Azərbaycana qarşı əvvəlki hərbi təhdidlərinin əsl hücum təhdidləri olduğunu düşünmürəm. Fikrimcə, İran öz qoşunlarını Azərbaycanla sərhəd bölgəsinə yerləşdirəndə həm də buna siqnal verirdi: Şimali İranla sərhəddə yerləşən böyük əksəriyyəti etnik azərbaycanlılar olan öz vətəndaşlarına işarə etdi ki, onlar Azərbaycanın Ermənistana qarşı hərbi qələbəsini hansısa şəkildə dəstəkləyəcək və ya onun yaratdığı iğtişaşları qızışdıracaq hərəkətlərə çalışmamalıdırlar.

Xatırlayıram ki, mən hələ 2011-ci ildə səfir olanda İranın şimalında, Təbrizdə, futbol matçlarında və küçələrdə etnik azərbaycanlılar Azərbaycandakı azərbaycanlılarla həmrəylik ifadə edirdilər. Azərbaycan xalqı ilə İrandakı etnik azərbaycanlıların son onilliklər və hətta əsrlər boyu təkamül yolunda böyük fərqlər var. Amma onlar hələ də etnik cəhətdən eynidir, necə ki, mən polyak-amerikalıyam və Polşada baş verənlərə əhəmiyyət verirəm və Polşanın nailiyyətləri ilə fəxr edirəm, amma mən amerikalıyam. Yəni Azərbaycan əsilli iranlılar son nəticədə iranlıdırlar, ancaq onların Azərbaycanda baş verənlərdən narahat olduqlarını başa düşmək olar.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər