18 Oktyabr 2022 17:42
2 698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fərid müəllim, İranın son zamanlar Azərbaycanla bağlı siyasətində narazılığa səbəb olan müəyyən məqamlar var. Sizcə, indiki halda cənub qonşumuzun bu davranışlarının arxasında hansı amillər dayanır?

- İran və Azərbaycan arasında bir sıra fundamental məsələlər var. Bu, 90-cı illərdən davam edir. İran millətçilərinin Azərbaycanla bağlı müəyyən tarixi iddiaları ilə bağlıdır. Digər bir məsələ İran daxilində olan milli azlıqlarla bağlı olan faktlardır. Halbuki İran hökuməti öz ərazisində ancaq xristian azlıqları tanıyır. Bu ölkədə müsəlmanlar arasında azlıq konsepsiyası mövcud deyil. Azərbaycan isə hər zaman İranın ərazi bütövlüyünə hörmətlə yanaşıb və onu tanıyıb. İran da rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. II Qarabağ müharibəsindəki qələbə ilə bağlı İran hökuməti Azərbaycanı təbrik etmişdi. Amma burada geosiyasi faktorları da unutmaq olmaz. Bu mənada İranın İsraillə olan münasibətləri və bunun fonunda Azərbaycanın İsraillə olan əlaqələri burada gündəmdə olan məsələdir.

- İranın erməni sevgisini necə izah etmək olar?

- Təbii ki, Azərbaycanın da bu kimi məsələlərdə qarşılıqlı iddiaları var. Daha çox bu İranın Ermənistana olan siyasəti və əlaqələri ilə bağlıdır. Çünki İran özünün müsəlmanların müdafiəçisi adlandırsa da, Ermənistan Azərbaycanın ərazilərini işğalda saxladığı dönəmdə bu ölkə ilə iqtisadi, hümanitar əlaqələrini kəsməmişdi.

- Azərbaycanın geosiyasi münasibətlərində İran özü üçün hansı narahatedici məqamlar axtarmağa çalışır?

- İran-Azərbaycan münasibətlərində tarixi, geosiyasi, iqtisadi məsələlər də mövcuddur. Ötən əsrin 90-cı illərində İran məhz ABŞ-ın və Böyük Britaniyanın Xəzər dənizində işləməsinə etiraz edirdi. Ona görə də bu münasibətlərə kompleks şəkildə yanaşmaq lazımdır. Amma Azərbaycan hər zaman münasibətlərə xüsusi önəm verib. İranla ölkəmiz arasında bir sıra iqtisadi layihələr icra edilib. İndiki halda isə İranla Azərbaycan arasındakı gərginliyin II Qarabağ müharibəsində qazanılmış qələbədən qaynaqlandığını düşünmək olar. Çünki Azərbaycanın tarixi qələbəsi İran üçün böyük sarsıntı oldu. Digər məsələ geosiyasi amillərlə bağlıdır. İran-İsrail qarşıdurması və İran daxilində olan proseslər də burada nəzərdən qaçmamalıdır. Ona görə də bu cür məsələlər İranı ciddi narahat edir. Eyni zamanda bu regionda Azərbaycan və Türkiyə arasında güclənən ikitərəfli əlaqələr, müttəfiqlik münasibətləri İranı həddən artıq narahat edən amillər sırasındadır.

- Ermənistanla bağlı son günlər gedən proseslərə də toxunmanızı istəyərdim. Prezident İlham Əliyev Astanada üçtərəfli razılaşma ilə Ermənistanın üzərinə düşən öhdəliklərdən boyun qaçırması fonunda Azərbaycanın ata biləcəyi adekvat addımlardan bəhs etdi. Belə olan halda yenidən sərhəddə gərginlik ola bilərmi?

- Azərbaycanla Ermənistan arasında nəzərdə tutulmuş məsələlərin həlli ilə bağlı bir çox detallar gündəmdədir. 10 noyabr 2020-ci ildə əldə edilmiş razılaşmanın 9-cu bəndində yer alan iki mühüm məqamı da yaddan çıxartmaq olmaz. Bu ilk növbədə ermənilərin dəhliz faktını inkar etməsi ilə bağlıdır. Çünki qarşı tərəf iddia edir ki, burada dəhliz sözü yoxdur. Amma dəhlizin mənası burada tam şəkildə öz əksini tapıb. Bu, insanların və yüklərin maneəsiz hərəkəti ilə bağlı olan məsələlərin həmin bənddə yer alması faktıdır. İkinci məsələ isə təhlükəsizliklə bağlıdır. Çünki həmin dəhlizdəki təhlükəsizlik məsələsini Rusiyanın sərhəd xidmətinin əməkdaşları təmin edəcək.

- Erməni tərəfinin Azərbaycanın Naxçıvanla əlaqəsini təmin etmək üçün təklif etdiyi 3 keçid məntəqəsi ilə bağlı açıqlaması var. Bu təklifin əsas mahiyyəti nədən ibarətdir?

- Həmin açıqlaması əslində tam aydınlaşdırılmalıdır. Çünki burada əsas məsələ həmin 3 yolda təhlükəsizliyin təminatıdır. Ona görə də bu, əslində qeyri-real bir təklifdir. Təklifin əsas mahiyyəti Ermənistanın bundan boyun qaçırmaq istəyi ilə bağlıdır. Amma üçtərəfli bəyanatın 9-cu bəndinə görə, Ermənistanın burada öhdəliyi var. Bu baxımdan da Azərbaycan tərəfi olaraq bu təklifi qəbul edə bilmərik. Çünki burada bir sıra suallar var. Burada Naxçıvana gedəcək ən qısa yol keçmiş sovet dövründə mövcud olmuş dəmir yoludur. Bu dəmir yoluna paralel də avtomobil yolu inşa etmək olar. Bununla da müvafiq qaydada təhlükəsizliyi təmin etmək mümkündür.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər