Avropa İttifaqının mülki missiyasının Ermənistan ərazisinə gəlişi və orada baş verənlər böyük bir oyunun tərkib hissəsidir. 40 nəfərlik misiyanın üzvlərinin sayının daha sonra 400 nəfərə çatdırılacağı ilə bağlı fikirlər var. Bu, əslində prosesin uzanmasına hesablanmış addımdır. Oktyabrın 21-dən 27-ə qədər, bir həftə ərzində Aİ-nin qiymətləndirmə komissiyası bu ərazidə olacaq. Onlar ayrı-ayrı yerlərə baxış keçirib qiymətləndirmə aparacaqlar. Bura nə lazımdır və nə tələb olunur məsələsini qaldıracaqlar. Fakt isə odur ki, bu missiyanın da məqsədi sülh prosesini mümkün qədər uzatmaqdan ibarətdir.
Bunu Teleqraf.com-a hərbi ekspert Üzeyir Cəfərov deyib.
O hesab edir ki, ATƏT-in Minsk qrupunun 28 il ərzində bivec funksiyasını Azərbaycan cəmiyyəti görüb:
“Aİ-nin bu missiyası da iki aylıq üçün nəzərdə tutulsa da, sonradan onun vaxtını uzatmaqla da bağlı məsələ qaldıra bilərlər. Əslində isə erməni tərəfi səmimi şəkildə sülh müqaviləsinin imzalanmasına tərəfdar olsa idi, bu cür missiyalara ehtiyac qalmazdı”.
Hərbi ekspertin fikrincə, Aİ-nin missiyasının Ermənistan ərazisində olduğu bir dövrdə onların növbəti dəfə Kəlbəcər və Daşkəsən istiqamətində atəşkəsi pozması açıq təxribat mahiyyəti daşıyır:
“Görünən odur ki, Ermənistan 2020-ci ildəki ağır məğlubiyyəti, 2022-ci ilin sentyabrındakı növbəti zərbəni hələ də həzm edə bilmir. Məhz bu səbəbdən də erməni tərəfi daxili auditoriya üçün hansısa bir hesabat vermək məqsədilə növbəti təxribata əl atır. Ona görə də təxribatlar bundan sonra da davam edəcək. Noyabrın ortalarına qədər biz belə təxribatları görə bilərik. Çünki Aİ-nin missiyası 24 saat erməni əsgərinin yanında dayanıb, onun davranışlarını izləmir. Ona görə də bu cür məsələlərdə Aİ-nin missiyasının görəcəyi konkret bir iş yoxdur”.