İndiki şərtlər daxilində təhlükəsizliyin əsasında rifah, güclü iqtisadiyyat dayanır. Bir bölgə iqtisadi baxımdan inkişafa nail olubsa, təhlükəsizlik məsələsi də ön plana çıxır. Ermənistan Qarabağ bölgəsini istismar etməklə, şəhərləri dağıtmaqla, hətta evlərin qapı-pəncərələrini yağmalamaqla ciddi inam böhranı yaradaraq qeyri-sabitliyə gətirib çıxarmışdı. Hazırda Azərbaycan Qarabağı təhlükəsizlik, sabitlik adasına çevirməkdədir. Bunu sivilizasiyanın, mədəniyyətin yüksəlişi kimi qiymətləndiririk.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar deyib.
"Türkiyə və Azərbaycan iki qədim, alicanab dövlət kimi döyüşüb kürəyini yerə vurduğumuz Ermənistana əl uzadıb ayağa qaldırmağa çalışır. Biz sabitlik, sülh istəyirik. Bunun necə ediləcəyimizi bilirik, amma kimsə sülh və sabitlikdən məmnun deyilsə, bizim edə biləcəyimiz çox şey yoxdur. Yəni onlar, işğaldan talanlardan, torpaqlarımızı dağıtmaqdan qidalanırlarsa, təbii ki, onlara qarşı mübarizəmizi davam etdirəcəyik", - Ağar qeyd edib.
Onun sözlərinə görə, Türkiyə Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır: "Lakin heç cür gərçəkləşməyən bir reallıqdır. Bunun səbəbi Ermənistanın asılı dövlətə çevrilməsidir. Çünki ayaqda qalmaq üçün xarici dəstəyə ehtiyacı var. Əlbəttə, əl açana salfet verərlər. İrəvan Türkiyə və Azərbaycanın sabitliyini pozmaq istəyən dövlətlərin oyuncağı olmaqda davam edir. Bundan xilas olmadığı üçün də problem qalır. Uzatdığımız əli tutmursa, bununla bağlı bizim edə biləcəyimiz çox şey yoxdur. Öz mübarizəmizi aparmalıyıq".