İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda növbəti dəfə tarixi bir gün yaşandı. Azərbaycan xalqı iki mühüm hadisəni birlikdə qeyd etdi. Oktyabr ayının 20-i tariximizdə Zəngilan rayonunun işğaldan azad olunması ilə yanaşı, qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri və Zəngilan Beynəlxalq Hava Limanının açılışı ilə yadda qaldı. İki qardaş ölkənin Liderləri Zəngilan və Cəbrayıldan dünyaya mühüm mesajlar verdi. Bu mesajlar sülhü, türkün gücünü, birliyini ehtiva edib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, dünyada eyni dilə və soykökə mənsub xalqlar çoxdur:
“Lakin tarixdə Azərbaycan və Türkiyə kimi bir-birinə yaxın dostluq, qardaşlıq münasibətlərinə əsaslanan ölkə görmək mümkün deyil. II Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətləri yeni bir mərhələyə yüksəlib. Vətən müharibəsinin ilk saatlarından Türkiyənin Azərbaycanın yanında olduğunu bütün dünyaya açıq şəkildə bəyan etməsi mühüm önəm kəsb edirdi. Sözsüz ki, Türkiyə kimi güclü bir dövlətin ölkəmizə mənəvi və siyasi dəstək verməsi hər bir azərbaycanlını daha da ruhlandırır. Bütün bu amillər bir daha sübut edir ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Bir il bundan əvvəl əziz qardaşımın iştirakı ilə Füzuli Hava Limanını bir yerdə açdıq, bu gün Zəngilan Hava Limanını açdıq. Yəni, bu, onu göstərir ki, biz bütün xoş günlərdə bərabərik”. Bu mənada iki qardaş Liderin Zəngilan Beynəlxalq Hava Limanının açılışını etməsi ümumhərbi strateji güc daxil olmaqla, digər sahələrdə də uzunmüddətli əməkdaşlıqlara mesaj kimi dəyərləndirilir”.
Millət vəkili hesab edir ki, Türkiyə Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir: “Bu birlik region üçün sülh, sabitlik və davamlı inkişafı ehtiva edir. Sözsüz ki, bəzi kənar və xarici dairələri bu amillər narahat edir. Qardaş Türkiyə prezidenti çıxışında bu narahatlıqların heç məntiqinin olmadığını güclü arqumentlərlə əsaslandırdı. Türkiyə lideri Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dövlətlərin qorxularının da tamamilə əsassız olduğunu bildirdi. Çünki Zəngəzur dəhlizi regionda bütün nəqliyyat-kommunikasiya xətlərinin açılmasına və bölgə dövlətlərinin Naxçıvan vasitəsilə Ermənistana yeni marşrut əldə etməsinə imkan yaradacaq. Zəngilan hava limanının daha bir əhəmiyyəti Zəngəzur dəhlizi ilə birlikdə işləməsidir. Zəngəzur dəhlizi açıldıqdan sonra dəmiryolu və avtomagistrallardan savayı Zəngilan hava limanı hava daşımaları həyata keçirdərək, Naxçıvan eksklavı ilə Azərbaycanın əsas hissəsi arasında yük daşımalarının artırılmasına kömək edəcək. Beləliklə, Zəngilan hava limanı Mehridən keçəcək dəmiryolu və avtomagistralla birlikdə azad edilən əraziləri Naxçıvanla əlaqələndirəcək. Bununla da, Naxçıvan vasitəsilə Azərbaycanın əsas hissəsi Türkiyəyə yeni bir nəqliyyat xətti ilə birləşəcək”.
Tamam Cəfərova qardaş Türkiyənin Azərbaycanın beynəlxalq miqyasda ən mühüm və etibarlı müttəfiqi olduğunu söyləyib: “Rəsmi Bakı və Ankara arasında Şuşa Bəyannaməsinin imzalanması iki ölkə arasında müttəfiqliyin zirvəsi olmaqla yanaşı, dostluq və qardaşlıq münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Bu baxımdan cənab Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının və digər infrastruktur obyektlərinin açılışında iştirak etməsi Azərbaycan və Türkiyə arasında mövcud olan siyasi ittifaqın növbəti təzahürü hesab edilir”.