26 Oktyabr 2022 19:04
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ azərbaycanlıları beynəlxalq birliyi Ermənistanı müharibə cinayətlərinə görə cəzalandırmağa çağırır.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, ABŞ-ın müxtəlif ştatlarında yaşayan Azərbaycan icmasının Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlar və İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin bombardman etdiyi Azərbaycan şəhərləri ilə bağlı beynəlxalq ictimaiyyətə müraciətləri davam edir.

"United Charities for Azerbaijan" Xeyriyyə Fondunun rəhbəri Gündüz Tahirli, diaspor fəalı, “Delicious Food” restoranının sahibi Sevda Tahirli, Amerika Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Lalə Rəhimova və diaspor fəalı Günay Əskərovanın adından “Human Rights Watch”, “Freedom House”, “Front Line Defenders”, “Open Society Foundation” və digər beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərdə bildirilib ki, Azərbaycan əsilli amerikalılar Ermənistanın növbəti hərbi cinayətinin ifşası olan Edilli cinayəti qurbanlarının və 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Ermənistan silahlı qüvvələrinin Azərbaycan şəhərlərinə raket hücumları nəticəsində həlak olanların xatirəsini ehtiramla yad edirlər.

Müraciətdə Edillidə aşkar edilmiş qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılara məxsus olduğu, Ermənistan tərəfinin indiyədək 4000-dək azərbaycanlının taleyi və kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırdığı, Ermənistanın II Qarabağ müharibəsi zamanı törətdiyi hərbi təcavüz nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxsin həlak olduğu, 454 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı, mülki infrastruktura ciddi ziyan dəydiyi nəzərə çatdırılıb.

Ermənistan silahlı qüvvələrinin 30 illik işğal dövründə ölkəmizə və xalqımıza qarşı törətdiyi müharibə cinayətlərini bir daha xatırladan soydaşlarımız bildiriblər ki, rəsmi İrəvan müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətməyə çalışır. ABŞ azərbaycanlılarının insanlığa və sülhə qarşı törədilmiş bu cinayətləri hiddətlə pislədikləri, beynəlxalq təşkilatların bu qanlı cinayətlərin törədilməsinə susmasının yolverilməz olduğu, diaspor təşkilatlarının çoxsaylı müraciətlərinə baxmayaraq, müharibə canilərinin indiyədək ədalət məhkəməsi qarşısına çıxarılması istiqamətində əməli addım atılmamasından dərin təəssüf hissi keçirdikləri bir daha vurğulanıb. Azərbaycan əsilli amerikalılar beynəlxalq birlikdən Ermənistanın hərbi cinayətlərinə birdəfəlik son qoyulması, müxtəlif vaxtlarda etnik zəmində törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə görə cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı hüquq müstəvisində təcili tədbirlər görülməsini tələb ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər