Ölkəmizin cənub sərhədlərinə yaxın ərazilərdə Hikmət Mirzəyevin rəhbərliyi altında Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi 2022-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq keçirilir. Təlimlər Müdafiə Nazirliyinin daha öncə təsdiq etdiyi döyüş hazırlıq planına uyğun olaraq həyata keçirilır.
Bunu Teleqraf.com-a hərbi ekspert Ədalət Verdiyev deyib
O qeyd edib ki, müxtəlif qoşun növləri də bu təlimlərdə iştirak edir: “Azərbaycanın cənub sərhədlərində keçirilən bu təlimlər heç bir halda üçüncü ölkəyə qarşı yönəlməyib. Eyni zamanda bunun İranın Azərbaycanla sərhəddə keçirdiyi son hərbi təlimlərlə əlaqəsi yoxdur. Daha öncə də, Azərbaycan Ordusu bu ərazilərdə hərbi təlimlər keçirib”.
Hərbi ekspert hesab edir ki, İranın davranışları qeyri-adekvat olsa da, Azərbaycan qonşularla sülh və təhlükəsizlik şəraitində fəaliyyət göstərir.
Qeyd edək ki, Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb. Təlim çərçivəsində xüsusi təyinatlı bölmələrin müəyyən xüsusi hazırlıqları üzrə ayrıca yoxlamalar keçirilir.