İran heç vaxt Azərbaycana qarşı düzgün siyasət yürütməyib. Ona görə də, İranın bütün davranışları bizə bəllidir. 44 günlük Vətən Müharibəsində əldə edilən tarixi zəfərdən sonra İran Azərbaycan qarşı daha aqressiv siyasət yürütməyə başlayıb. Bu da onunla bağlıdır ki, İran öz qonşuluğunda güclü Azərbaycanın olmasını arzulamır. 30 ilə yaxın Azərbaycan torpaqları Ermənistan tərəfindən işğalda saxlanılanda İran bununla bağlı konkret mövqe ortaya qoymadı. Özünü İslam dövləti adlandıran İran Ermənistan tərəfindən məscidlərin, minarələrin, dini ibadət ocaqlarının, İslam dəyərlərinin məhv edilməsinə, təhqir olunmasına sadəcə göz yumdu.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O hesab edir ki, Tehran rejimi azərbaycanlılara, müsəlmanlara qarşı ermənilərin soyqırımı, hərbi cinayətlər törətdiyi vaxtda da buna heç bir reaksiya verməyib: “Molla rejimi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra ölkəmizə qarşı olan məkirli xislətini nümayiş etdirməyə başladı. İşğaldan azad edilmiş ərazilərə qardaş Türkiyə prezidentinin səfəri, hörmətli Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevlə Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının açılışında iştirakı, verdikləri mesajlar, görünür, İran narahat edir. Çünki İran nədənsə Azərbaycan-Türkiyə birliyini sanki özünə qarşı yönəldiyini düşünür. Amma bunun əksinə iki qardaş dövlətin birliyi bölgədə sülhə, əməkdaşlığa, təhlükəsizliyə mühüm qarant rolundadır”.
Millət vəkilinə görə, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi fonunda qlobal miqyasda mövqeyinin güclənməsi də İranın narahatlığına səbəb olub: “Ona görə də, İran son dövrlər Araz çayı ətrafında uğursuz hərbi təlimlər keçirir. Bununla Azərbaycana qarşı əzələ nümayiş etdirməyə cəhd edir. Sözsüz ki, Azərbaycan assimmetrik olaraq İranla sərhəddə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) təlimlərinin keçirir. İran unutmamalıdır ki, onun qarşısında ərazi işğal edilmiş, zəif bir Azərbaycan mövcud deyil. Bu gün 44 gündə tarixi zəfərə imza atmış, özünün iqtisadi, siyasi, hərbi potensialına arxalanaraq inkişaf edən və günü-gündən güclənən Azərbaycan var. İran və onun himayə etdiyi Ermənistan bu məqamlara ciddi şəkildə diqqət etməlidir. Eyni zamanda Azərbaycanın Türkiyə kimi müttəfiqi var ki, iki qardaş ölkə arasında imzalanmış Şuşa Bəyannaməsi bu əlaqələrin ən yüksək səviyyəsi hesab edilir. Bu baxımdan Azərbaycanla təzyiq və hədə dilində danışmaq niyyətinə düşənlər qarşılarında hansı gücün olduğunu da unutmamalıdır”.
Aqil Məmmədovun fikrincə, İran əslində öz daxilində formalaşdırdığı həyat tərzinə görə utanc keçirməlidir: “İşləri, gücləri siğə, pulla namaz, geyimə, saç düzümünə polis nəzarətini həyata keçirmək olan İran rejimi başını qaldırıb kənarda gedən dəyişiliklərə baxsa daha yaxşı olar. Bu günlərdə İran parlamentinin spikerinin Azərbaycana planlaşdırılan səfəri də təxirə salındı. Faktiki olaraq İran tərəfi son anda səfərdən imtina etdi. Bunun əksinə olaraq İran rəsmilərinin Ermənistanla qarşılıqlı səfərlərinin sayı artır. Ermənistanın baş naziri Nikol Paşinyanın İrana son səfəri ona az qala “əziz bir qonaq” kimi qucaq açılması təsadüfdən baş verən hadisələr deyil. İran rejiminin əli müsəlmanların qanına batan Ermənistan rəsmilərinə qucaq açması onların köhnə adətidir. Ona görə də, İranın son zamanlar Azərbaycanla bağlı aqressiv siyasəti məhz onun qorxu və təlaşından formalaşan davranışı kimi də izah olunur”.