Bu gün Azərbaycan regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul edilir. Ölkəmizin II Qarabağ müharibəsində əldə etdiyi zəfər, ərazi bütövlüyümüzün təmin edilməsi artıq yeni bir reallıq yaradıb. Bu reallığı dünya birliyi görür və qəbul edir. Çünki Azərbaycanın formalaşdırdığı mühit regional və qlobal miqyasda sülhü, əməkdaşlığı, qarşılıqlı əlaəqlərin inkişafını təşviq edir. Bu mənada Azərbaycanın son illər Avropa, xüsusən də Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığında yeni imkanlar açılıb. Sözsüz ki, bu əməkdaşlıq energetika sahəsində daha geniş aspektlərdə inkişaf edir. Azərbaycan Prezidentinin Serbiyaya səfəri, orada yüksək səviyyədə qarşılanması və göstərilən münasibət ölkəmizə verilən qiymətin bariz nümunəsidir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Onun fikrincə, bu il oktyabrın 1-də Prezident İlham Əliyev Yunanıstan-Bolqarıstan Qaz-İnter-Konnektorunun açılışı mərasimində iştirakı zamanı Serbiya Prezidenti Aleksandar Vuçiç tərəfindən yüksək hörmət və ehtiram göstərilməsi, səsləndirilən fikirlər mühüm əhəmiyyət kəsb edir:
“Serbiya prezidenti həmin tədbirdə Azərbaycan Prezidentinə Avropada olan yüksək münasibətdən, onun lider kimi bacarığından bəhs etmişdi. Bu sözsüz ki, Azərbaycan-Serbiya münasibətlərində əlaqələrin bundan sonrakı inkişafı üçün vacib önəmə malik bir mövqe idi. Çünki qarşılıqlı maraqlara xidmət edən əməkdaşlıq səmimi münasibətlər səviyyəsində qurulanda əldə edilən nəticələr daha uğurlu olur”.
Millət vəkili Azərbaycan-Serbiya münasibətlərinin qurulmasından 25 il ötdüyünü bildirib:
“Bu illər ərzində ölkələrimiz arasında münasibətlər inkişaf edən xətlə davam edib. 1997-ci ilin avqust ayının 21-də Azərbaycanla Serbiya arasında başlanan ilk diplomatik münasibətlər indiki mərhələdə özünün ən yüksək pilləsinə çatıb. İki ölkə arasında ən müxtəlif sahələri əhatə edən 44 sənəd imzalanıb. Ölkə başçısının bu səfəri zamanı da çox mühüm istiqamətləri əhatə edən əməkdşalıq sənədləri imzalanıb. İmzalanan sənədlər, atılan addımlar Azərbaycan-Serbiya arasında strateji müttəfiqlik səviyyəsində inkişafa xidmət edir. Azərbaycan dövləti, onun Lideri hər zaman tərəfdaşlığa böyük önəm verib. Heç təsadüfi deyil ki, Serbiya lideri Prezident İlham Əliyevin sözünə hər hansı imzadan daha çox inandığını bildirib. A.Vuçiç deyib: "O, nəyi deyirsə, mənim üçün kifayətdir, bilirəm ki, bu, belə də olacaq. Bu, bizim üçün həqiqətən də vacibdir”.
Sevinc Hüseynova Prezident İlham Əliyevin Serbiyaya səfəri zamanı mətbuatla bəyanatla çıxış edərkən mühüm məqamlara toxunduğunu bildirib:
“Dövlətimizin başçısı Serbiya və Azərbaycanın bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə etdiyini vurğulayıb. Eyni zamanda ölkələrimizin suverenliyi, ərazi bütövlüyünün qarşılıqlı surətdə dəstəkləndiyini qeyd edilib. Burada beynəlxalq təşkilatların çıxarmış olduğu qətnamələrin icra vəziyyətinə diqqət çəkən ölkə başçısı bir çox hallarda bu məsələdə 10 illərlə heç bir addımların atılmadığını deyib. Amma bunun əksinə olaraq isə bir çox hallarda bu qətnamələrin bir neçə günə icra edildiyi bildirilib. Sözsüz ki, bütün bunlar ikili yanaşmalardır. Bu amillər beynəlxalq təşkilatların ikili standartalardan hələ də qurtulmadığını göstərən vacib faktlardır. Azərbaycan isə özü təkbaşına məhz beynəlxalq təşkilatların çıxarmış olduğu qətnamələri icra edib. Bununla da beynəlxalq hüquqa olan münasibətini ortaya qoyub. Ona görə də, bu gün Azərbaycana Avropa və digər məkanlarda böyük hörmət və qidqqət mövcuddur”.