7 Dekabr 2022 09:05
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Rusiya son günlərdə Qarabağda fəallığını artırıb. Azərbaycanın bu ərazisində bütün son təxribatlarda Rusiyanın bölgədəki sülhməramlılarının adı hallandırılır. Bu müəmmalı fəallığı necə izah etmək olar?

- Rusiya həmişə olduğu kimi, yenə də qeyri-səmimidir, üzdə bir söz deyir, arxada başqa hərəkət edir. Ya da Lavrovun dili ilə Qarabağın Azərbaycan ərazisi olduğunu deyir, amma bu məsələnin həllini qeyri-müəyyən müddətə təxirə salmağı vurğulamaqdan çəkinmir. Üstəgəl, sülhməramlı adı altında bölgədə mövcud olan qüvvələrin toponimlərimizi saxtalaşdırması, guya bunun günahının Rusiya Müdafiə Nazirliyində olması ilə bağlı yaydığı fikir də Moskvanın qeyri-səmimiliyinə daha bir misaldır. Rusiya sözün həqiqi mənasında bölgədə sülhyaratma prosesini bloklamaq üçün əlindən gələni edir. Həmişə qarşıdurma yarada biləcək bəyanatlara imza atır. Rusiya bölgədə qalmaq və öz strateji maraqlarını həyata keçirmək üçün əlindən gələni etməyə çalışır.

Rusiya bölgədə məğlub olmuş durumdadır, buradakı maraqlarını qoruya bilmir. Artıq Ermənistan ondan üz döndərib, Azərbaycan isə onunla elə də yaxın münasibətlər saxlamır. Rusiya ilə münasibətlərimizdəki gərginlik elementləri aydın hiss olunur. Üstəgəl, Azərbaycanın Avropa Birliyinə meyllənməsi də faktdır və açıq formada nəzərə çarpır.

- Noyabrda Avropa Birliyinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməli idi. Amma Ermənistanın Fransanı prosesə cəlb etmək istəyinin Azərbaycan tərəfindən rədd edilməsi səbəbindən görüş baş tutmadı. Bu fonda isə Brüssel prosesi dalana dirənmiş kimi görünür. Sizcə, bu yöndə nə vaxt fəallıq görə bilərik?

- Danışıqlar prosesi gündəmdən çıxarılmayıb. Sadəcə Azərbaycan Fransa və Ermənistanın Fransa üzərindən spekulyasiya cəhdlərinə görə dekabrın 7-nə nəzərdə tutulmuş görüşdən imtina etdi. Amma bu, bütövlükdə danışıqlardan imtina etmək demək deyil. Bu məsələyə yenidən qayıdılacağına şübhə etmirəm. Çünki heç kim Rusiyanın prosesi təkbaşına aparmasına izin verməz, tərəflərin özləri də bunu istəmirlər.

- ABŞ isə Moskva və Brüsseldən kənar proses yaratmağa, hətta bu məqsədlə liderlərin Vaşinqtonda görüşünü təşkil etməyə çalışır. ABŞ-ın bu məqsədlə ATƏT-in imkanlarından istifadə etmək səyləri də diqqətdən yayınmır. Bəs ABŞ nəyə nail ola bilər?

- Məncə, ABŞ təkbaşına hərəkət etmək istəsə, uğur qazana bilməyəcək. Amerika yalnız Avropa Birliyinə dəstək verəcəyi təqdirdə, nələrisə ərsəyə gətirə bilər. Amerikanın Qafqazda marağı var, Rusiyanı buradan vurub çıxarmaq və bölgədəki maraqlarını qorumaq istəyir. Amma bunun üçün yetəri qədər resursunun olub-olmadığını demək çətindir. Üstəgəl, Avropa Birliyi olmadan bunu reallaşdırmaq tamamilə mümkünsüz görünür.

- Azərbaycan bölgədə durumun kövrək olduğu bu günlərdə ilk dəfə olaraq, İranla sərhədlərində Türkiyə ilə hərbi təlimlərə başladı. Hətta hər iki ölkənin müdafiə naziri təlimləri izlədi. Sizcə, belə bir təlimin keçirilməsini zərurətə çevirən əsas amillər hansılardır?

- Möhtəşəm təlimlərdir. Türk F-16-ları Azərbaycan hava qüvvələrinin hərbi təyyarələri ilə təlimlərdə iştirak etdilər. “Türk Şahinləri”nin də Azərbaycana gələcəyi gözlənilir. Sözsüz ki, Türkiyə və Azərbaycanın bütün qoşun növlərinin iştirakı ilə keçirilən bu birgə təlimlər çox ciddi faktordur.

Dünənə qədər gəvəzə-gəvəzə danışan, danışanda da ağzına çullu dovşan sığmayan İranın bundan sonra sakitləşməsi dövrü başlayacaq. Bir neçə il bundan əvvəl də Azərbaycanı təhdid edəndə təkcə “Türk Şahinləri”nin Bakıya gəlməsi və İran sərhədlərinə doğru uçması mollaların iştahlarını və yersiz ümidlərini dərhal küsdürdü. Bunun indi də baş verəcəyini deyə bilərik. Zənnimcə, həm İran, həm də son zamanlarda onda dəstək verməyə başlamış Rusiya, eləcə də kiçik Ermənistan “Qardaş Yumruğu”nun bu gücündən özləri üçün ciddi nəticələr çıxaracaqlar.


Müəllif: Mənsur Rəğbətoğlu