Azərbaycanla Türkiyə arasında imzalanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən iki ölkə silahlı qüvvələrinin birgə təlimləri icra edilir. Bu təlimlərin keçirilməsi hər il olduğu kimi bu ilin təqvim planına uyğundur. Burada birgə fəaliyyət çərçivəsində müəyyənləşmiş proqrama uyğun olaraq tapşırıqlar icra edilib.
Bunu Teleqraf.com-a Azərbaycan-Türkiyə “Qardaş yumruğu” adı altında keçirilən təlimləri şərh edən hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.
O hesab edir ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin, şəxsi heyəti, döyüş və xüsusi təyinatlı, mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən hərbi təlimlər mühüm əhəmiyyət kəsb edir: "Bakı şəhəri, Cəbrayıl, İmişli, Astara rayonları ərazisində baş tutan bu təlimlərdə qarşıya qoyulan tapşırıqlar yüksək dəqiqliklə icra edilib. Müəyyənləşmiş proqrama uyğun olaraq Azərbaycan Ordusunun quru qoşunları, hərbi hava qüvvələri və xüsusi təyinatlıları, mühəndis, raket və artilleriya qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti ilə birgə müxtəlif təlim, döyüş tapşırıqlarını yerinə yetirib. Təlimlərdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlar zamanı tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant qüvvələrinin endirilməsi üzrə də müxtəlif tapşırıqlar və hədəflər icra olunub”.
Hərbi ekspertə görə, birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyəti zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artılmasına yönəlib: “Bu təlimlərdə ən müasir və arsenala yeni əlavə edilmiş avadanlıqlardan istifadə edilməsi də vacib amil idi. Təlimlərdə II Qarabağ müharibəsində Azərbaycan Ordusunun qazandığı zəngin təcrübə də özünü açıq şəkildə göstərmiş oldu. Sözsüz ki, bu, ilk hərbi təlim deyil. Şuşa Bəyannaməsi ilə müəyyənləşmiş müttəfiqlik haqqında sazişə uyğun olaraq iki ordu arasında müntəzəm olaraq hərbi təlimlər icra edilir. Bu gün Trükiyə ordusu dedikdə Azərbaycan ordusu, Azərbaycan ordusu dedikdə Türkiyə Silahlı Qüvvələrini görmək olur”.
Şair Ramaldanov qeyd edib ki, iki qardaş ölkə ordusunun birgə hərbi təlimlərində qarşıya qoyulan bütün tapşırıqlar icra edilib: “Bu təlimlərin Azərbaycan ərazisinin hansı bölgəsində keçirilməsinin heç kəsə aidiyyatı yoxdur. Öz ölkəmizdə harada hərbi təlim keçirməklə bağlı qərarlar daxili işimizdir. Çünki bu, öncədən planlaşdırılmış təlimlərdir. Təbii ki, bu təlimlərdə daha geniş proqramın icra edildiyini görürük. Bu da müasir döyüşlər üçün xarakterik olan bir haldır. İranın Azərbaycanla sərhəddə təlimlərinə cavab olaraq hərbi təlimlərin keçirilməsi də qanunauyğundur. Bütün dünyada belədir ki, bu cür hallarda qarşı tərəf də adekvat tədbirlər həyata keçirir”.