Jurnalist Elçin Alıoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri növbəti dəfə Zəngəzur dəhlizinə qarşı olduqlarını bildirib. Səfir Ermənistanın da adından danışıb və bunun ermənilərin də maraqlarına uyğun olmadığını deyib. Sizcə, İran dəhlizin açılmasına necə mane olacaq?
- Ümumiyyətlə, İran diplomatlarının son açıqlamalarını oxuduqca, düşünürəm ki, bunları yalnız psixiatr və ya psixiatriya sahəsi üzrə mütəxəssislər şərh edə bilərlər. Qəti fikrim belədir ki, Zohuri son illərdə İran diplomatiyasının yetişdirdiyi ən uğursuz və ən savadsız diplomatlarından biridir.
Birincisi, Ermənistanda səfir olmağın özü bir Allah qarğışıdır. İkincisi, adam söyləyir ki, “bəzi kiçik dövlətlər”in dediklərinə fikir vermirlər və onlar “İran kimi bir qüdrətli dövlət”in siyasətini dəyişə bilməzlər. Heç bir “kiçik dövlət” İranın siyasətini dəyişdirmək fikrində deyil.
Zohurinin bu diplomatik etikadan kənar küçə söhbətləri etməsinin səbəblərini də bir kənara qoyuram, adam İsrail, Azərbaycan və Britaniyanı hədələyir, özü də bilmədən İran siyasətinin fiaskosunu nümayiş etdirir. Çünki “İran” adlanan dövlət, hansı ki, Tehran Respublikasıdır, düşünür ki, Ermənistanla müttəfiq olarsa, hansısa geosiyasi dividentlər və ya uğurlar əldə edə bilər. Əslində, bu belə deyil.
İranın ən çox qıcıqlandığı və İrandan qıcıqlanan dövlətlərdən biri olan Fransa Ermənistana 128 hərbçi göndərmək niyyətindədir. Fransalı hərbçilər Ermənistan və Azərbaycan arasındakı mübahisəli sərhəd boyunca yerləşəcəklər. Onların da təxminən 31 nəfəri Fransa jandarmasının mənsublarıdır: 4 polkovik, 6 mayor, qalanları da kapitan və baş leytenant rütbəsində olan zabitlərdir.
Zohuri daha sonra açıq hədəyə keçir ki, bu, İranın “qırmızı xətt”idir. Başa düşürəm, İrandakı ayətullahlar, mərceyi-təqlidlər, höccətülislamlar üçün islami sözlərdə, təfsirlərdə “qırmızı xətt” adlı anlayışlar var. Amma bu dini anlayışı siyasətə gətirmək yolverilməzdir. Zohurinin açıqlamaları sayıqlama, diplomata yaraşmayan ifadələr, primitiv düşüncələr və onun analitik səviyyəsinin sıfırın altında olduğunu göstərən sözlərdir.
- Bəs Azərbaycanı özünə “təhlükə” kimi görən İran Ermənistanın Avropa Birliyi və Fransanın “mülki missiya”sını bölgəyə gətirməsinə niyə müsbət yanaşdığını bildirir? Halbuki həm Avropa Birliyi, həm də Fransa Qərbdə İrana qarşı formalaşmış bloka daxildir.
- Məsələ budur ki, Zəngəzur dəhlizi İranın bir çox geosiyasi və iqtisadi layihələrinin məhvi deməkdir. Birincisi, İran Çin və Hindistandan malları Ermənistan və Gürcüstan üzərindən Rusiya və Avropaya çıxarmağı düşünürdü. Zəngəzur dəhlizi bu projelərin üstündən xətt çəkdi. Digər yandan, Zəngəzur dəhlizi işə düşdükdən sonra İranın Rusiyaya çıxışları faktiki olaraq qapanır.
İran onu da gözəl anlayır ki, Zəngəzur dəhlizi işə düşdükdə transregional güc kimi Azərbaycanın imkanları, perspektivləri və potensialı daha da artacaq. İrana görə, Azərbaycan “əbədi və bitməyən təhlükə”dir. “İran” adlanan dövlət, yəni Tehran Respublikası heç vaxt istəmir ki, ölkəmiz hansısa sahədə irəli getsin. Sözdə bizimlə əməkdaşlıq edirlər, amma İran daim bizim haradasa səhvə yol verməyimizi və zəifləməyimizi gözləyən ölkədir.
Əslində, Zohuri İranda “Xarici İşlər Nazirliyi” adlanan qurumun niyyətini göstərir. Çünki digər ölkələrdən fərqli olaraq, İranda Xarici İşlər Nazirliyi müstəqil siyasət yürüdən və qərar verən təşkilat deyil.
İran Xarici İşlər Nazirliyi ölkənin dini lideri Əli Xameneyi və onun xarici siyasət məsələləri üzrə müşaviri Vilayətinin göstərişlərini yerinə yetirən qurumdur. Yəni İran xarici işlər naziri Abdullahiyan faktiki olaraq XİN başçısı yox, icraedici menecerdir. Ona görə də Zohurinin dediklərini ciddiyə almıram. O, sadəcə Tehranın Azərbaycana qarşı hədələrini translyasiya edir.
- Rusiyanın İran-Azərbaycan gərginliyinə münasibətdəki “səssizliyi” də diqqət çəkir. Necə düşünürsünüz: Rusiya bu məsələyə yanaşmada kimin tərəfində dayanıb?
- Rusiya üçün İran strateji tərəfdaş, partnyor və Yaxın Şərqin problemlərinə nəzarət etməsi üçün bir rıçaqdır. Rusiya İrandan, İran da Rusiyadan asılıdır. Rusiya bizə nə qədər yaxın olduğunu göstərməyə çalışsa da, çox maraqlıdır ki, İranla Azərbaycan arasındakı münasibətlər maksimal gərginlik və sərinlik səviyyəsində olsun. Bunu da ona görə istəyir ki, gərginlikdən istifadə edərək, tərəflər arasında “moderator” kimi danışıqlar apara, bununla da özünə gəlirlər əldə edə bilsin.
- Zohuri Ermənistanı Təbriz şəhərində (Güney Azərbaycan) konsulluq açmağa çağırıb? Maraqlıdır ki, Təbrizdə konsulluq açmaq İrəvan və ya Tehranın nəyinə lazımdır?
- Məsələ aydındır və bu, bir daha İran rəhbərliyinin primitiv düşündüyündən xəbər verir. İranın rəhbərliyi gözəl bilir ki, Təbriz bizim üçün nə deməkdir. Bunu qəsdən, bilərəkdən rəsmi Bakını qıcıqlandırmaq və onu emosional cavab verməyə sövq etmək üçün edir. Gözəl bilirlər ki, bu qərar Azərbaycan vətəndaşları arasında hansı reaksiyanı doğuracaq, sosial şəbəkələrdə hansı müzakirələrə səbəb olacaq. Biz isə soyuqqanlı davranmalıyıq.
Təbrizdə Ermənistan konsulluğu açılacaq. Təbriz olmasa, Urmiya və Ərdəbildə olacaq. Yəni illah ki, Güney Azərbaycanın şəhərlərindən birində Ermənistana konsulluq açacaqlar. Dediyim kimi, məqsədləri bizi qıcıqlandırmaq və əsəbləşdirməkdir. Bu, fars diplomatiyasının köhnə üsuludur, dəyişməyib və dəyişən də deyil. Farsların özlərinin də dediyi kimi, qozbeli qəbir düzəldər. Qozbel İran hakimiyyətini də ancaq siyasi qəbir düzəldə bilər, başqa çarəsi yoxdur.