Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, Luis Bono ABŞ Dövlət Departamenti Cənubi Qafqaz üzrə yeni baş müşavir təyin edilib. Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel isə L.Bononu ATƏT-in Minsk qrupunun həmsədri kimi mövcud olmayan “Dağlıq Qarabağ” probleminin həllində daha “məhsuldar” olacağını açıqlayıb. Sözsüz ki, bu paradoksdur. Sizcə, ABŞ-ın hər addımda ölmüş “Minsk qrupu”nu xatırlatmaqda, gündəmə gətirməkdə məqsədi nədir?
- Təəssüflər olsun ki, proses məhz bu cür gedir. Belə yanaşmaları də görürük. Çünki gündəmdən çıxmış məsələlərlə bağlı fikir mübadiləsi aparılır. ATƏT-in Minsk qrupunun olmayan fəaliyyəti təhlil olunur və bu gündəmə gətirilməyə çalışılır. Bütün bunların hamısı Qərbin bu istiqamətdə yaranmış reallığı sona kimi qəbul etməməsindən qaynaqlanır. Digər tərəfdən isə Qərbin Azərbaycanla yeni formalaşacaq münasibətlərinin cizgilərini də burada sezmək olur. Çünki II Qarabağ müharibəsindən sonra yeni bir Azərbaycan mövcuddur. Bu eyni zamanda yeni reallıq, yanaşma deməkdir. Artıq bütün tribunalarda Qarabağ ifadəsi işlədilir. “Dağlıq Qarabağ” anlayışı mövcud deyil. İndi Qarabağ iqtisadi zonası var. Amma bəzi beynəlxalq təşilatlarda Qarabağ əvəzinə “Dağlıq Qarabağ” ifadəsi işlədilir. Bu isə açıq şəkildə ikitərəflilikdən qaynaqlanır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bəyanatlarında Qarabağ ifadəsindən istifadə edir. Amma bəzi Qərb dövlətlərində hələ də “Dağlıq Qarabağ “ifadəsindən istifadə olunur. Sözsüz ki, bu proses bundan sonra da davam edəcək.
- Azərbaycanın etirazına və ortaya qoymuş mövqeyə, yeni yaranmış situasiyaya baxmayaraq israrlı şəkildə bu məsələni istismar siyasi davranış qaydalarına nə dərəcədə uyğundur?
- Bu prosesə o vaxta qədər davam edəcək ki, onlar məsələnin hansı tərzdə həll olunmasını, burada iştirakları istiqamətində işlər görülsün. Bu məhz o dövrə qədər davam edəcək. Ona görə də, belə məsələlərin olması gözləniləndir. Ən əsası odur ki, bu gün Azərbaycanın mövqeyinin nəzərə alınması və alınmaması ilə bağlı mümkünsüzlüyü dərk edirlər. Əvvəllər belə hal yox idi. ATƏT-in Minsk qrupu çərçivəsində çalışırdılar ki, bizə hansısa məsələləri təlqin etsinlər. Amma indi vəziyyət başqa cürdür. Azərbaycanın mövqeyi mütləq nəzərə alınmaqla bundan irəli gələn öz maraqlarını təmin etmək istəkləri reallaşa bilər. Ona görə də, həmin qurumların bəzilərini tam şəkildə gündəmə gətirməyə cəhdlər edirlər Tarixin arxivinə göndərilmiş bu strukturları real fəaliyyətdə olan kimi təqdim etmək sadəcə olaraq mənasızdır.
- Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistanın son davranışları ilə bağlı açıq şəkildə xəbərdarlıq edib. Avropa İttifaqının Ermənistana missiya göndərməsi və bunun fonunda anti-Rusiya ritorikasına istiqamətlənmiş prosesə davam edir. Belə olduğu halda Rusiya tərəfindən reaksiyalar necə olacaq?
- Rusiya Ermənistana bu cür xəbərdarlıq etməklə əslində açıq mesajla müraciət edir. Regionda mövcud reallıqları nəzərə almamaq təbii ki, hansı nəticələrə gətirib çıxarar, bunu hər kəs görür. Artıq bu reallığı mütləq ki nəzərə almaq lazımdır. Bunu nəzərə almayan başqa bir reallıq axtaran ciddi problemlərlə üzləşəcək. Bu mənada Ermənsitan Azərbaycanla mümkün sülh müaqviləsindən imtina etməklə, təxribatlara əl atmaqla, üzdə qərbyönümlü görünməklə heç nəyə nail olmayacaq. Avropa İttifaqının Ermənistana göndərilən missiyanın tərkibində fransalı jandarma qüvvələrinin dəvət olunması ilə bağlı qərarlarla Ermənistanın özünü mürəkkəb və çətin vəziyətə salmasının şahidiyiq. Bu istiqamətdə siyasəti davam etdirən Ermənistanın belə davranışları onu öz dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qoyacaq. Bu təhlükələrə razı olmayan Ermənistan üçün yeganə çıxış yolu Azərbaycanla sülh müqaviləsi bağlamasıdır. Əslində bu reallığı dərk etmək Ermənistan üçün hava, su kimi vacibdir.