16 Fevral 2023 19:59
1 671
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zaur müəllim, ABŞ, Qərb və Rusiya Azərbaycanla Ermənistan arasında sülh məsələsində təşəbbüslərlə çıxış edir. Nə düşünürsünüz prosesdə vasitəçilik etmək istəyən tərəflər qısa zamanda sülhün əldə edilməsində nə dərəcədə maraqlıdır?

- ABŞ və Rusiyanın Azərbaycanla Ermənistan arasında qısa zamanda sülhün əldə edilməsində o qədər də maraqlı olduğu inandırıcı deyil. Əgər onlar həqiqətən də sülh müqaviləsinin imzalanması ilə bağlı səmimi olsaydılar yəqin ki, çoxdan bu baş vermişdi. Sadəcə olaraq Rusiya və ABŞ öz maraqlarını həyata keçirməyə çalışır. Hazırda Cənubi Qafqazda Qərbin geosiyasi varlığı faktoru kifayət qədər genişləndiyindən burada Rusiya ilə ABŞ arasında gərgin mübarizə gedir. Əsas mübarizə meydanı isə hazırkı dövrdə Ermənistandır. Artıq Avropa İttifaqının xüsusi missiyası bir neçə gündən sonra Ermənistanda fəaliyyətə başlayacaq. 200 nəfərdən ibarət olacaq bu xüsusi missiyanın 100 nəfəri Avropa İttifaqının müxtəlif ölkələrindən ibarət polis qruplarından təşkil olunub. Belə olan təqdirdə Rusiya bu regionda sükanı əldən verməmək üçün hərəkətə keçib. Ona görə də, şimal qonşumuz prosesdə daha çox aktiv olmağa çalışır. Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin, bu ayın sonunda isə Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakıya səfəri də buna misaldır. Buna paralel olaraq Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında ardıcıl telefon danışığı baş tutub. Bütün bunlar onu göstərir ki, ortada hansısa ciddi bir proses var.

- Sizcə, bu cür cəhdlər nəticədə sülhün əldə olunmasında nə dərəcədə təsirli olacaq?

- Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün erməni tərəfi Qarabağa dair iddialarından əl çəkməlidir. Ermənistan rəsmi şəkildə bunu təsdiq etməlidir. Amma hazırkı şəraitdə bu heç də real görünmür. Eyni zamanda iki dövlət arasında delimitasiya və demarkasiya məsələləri həll olunmalıdır. İndiki dövrdə isə bu istiqamətdə hansısa bir işlərin görülməsi inandırıcı deyil. Çünki Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra delimitasiya və demarkasiya prosesi başlaya bilər. Belə olduğu halda Azərbaycan da qarşılıqlı olaraq Ermənistanın ərazi bütövlüyünü tanıyacaq. Bu olmadığı təqdirdə heç bir sərhəd dəqiqləşməsindən söhbət gedə bilməz. Bununla yanaşı Azərbaycan Ermənistan ərazisində olan tarixi torpaqları ilə bağlı da haqlı tələblərini ortaya qoya bilər. Bütün bunların fonunda Azərbaycanla Ermənistan arasında sülhün perspektivləri ilə bağlı pozitiv yanaşmalardan danışmaq mümkün deyil.

- Azərbaycanla Ermənistanın birbaşa təmas quraraq sülh müqaviləsi mətni üzərində işləmək ehtimalları haqqında nə demək olar?

- İndi tərəflər arasında bağlı qapılar arxasında danışıqlar gedir. Bölgədə sülhün tərəfdarı olmaq istəyənlər, o cümlədən ABŞ və Rusiya da bu prosesə öz töhfəsini verə bilər. Amma Rusiya və ABŞ tərəfindən verilən açıqlamalarda qarşılıqlı olaraq qısqanclıq hissləri yer alıb. Biri digərinin təşkil etdiyi görüşlərə qarşı açıq tənqidi mövqe sərgiləyir.

- Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın Azərbaycanla sülh sazişi layihəsinə “Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin müzakirəsi məqsədilə beynəlxalq mexanizm yaradılması” barədə fikirləri var. Bu nə dərəcədə real bir yanaşmadır?

- Qarabağdakı ermənilərin hüquq və təhlükəsizlikləri ilə bağlı ifadə əslində geniş mövzudur. Erməni tərəfi əvvəlcə burada hansı məsələlər nəzərdə tutulduğuna aydınlıq gətirməlidir. Burada söhbət Qarabağdakı ermənilərin hüquqlarından və onların Azərbaycanda təhlükəsiz yaşamalarından gedirsə, bu, yerli ermənilərlə müzakirə edilə bilər. Azərbaycanın digər regionlarında olduğu kimi həmin ərazidə yaşayan ermənilər də ölkə vətəndaşlığını qəbul etdikləri təqdirdə təhlükəsizlik və hüquqları təmin olunacaq. Burada əgər hansısa “status”dan, onların Azərbaycan tərkibində “muxtariyyət” və “müstəqil respublika” kimi hüquqlarının ifadə olunmasından gedirsə, təbii ki, bu olmayacaq. Azərbaycan tərəfi bunu heç kəslə müzakirə etməyəcək. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi qətidir.

- Ermənistanda Qarabağla bağlı ikili mövqe nədən ibarətdir?

- Ermənistanın özü Qarabağla bağlı qəti qərar verməyib. Erməni tərəfinin Qarabağla bağlı mövqeyində fikir ayrılıqları var. Nikol Paşinyan ola bilsin ki, Qarabağdakı ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı konkret mövqeyə malikdir. Amma Ruben Vardanyanlar, Ermənistan müxalifəti və Paşinyan hakimiyyətində olan bəzi şəxslər “Qarabağ müstəqil olmalıdır” və “Ermənistana birləşməlidir” kimi absurd fikirlər səsləndirirlər. Ona görə də, bu məsələ ilə bağlı Ermənistan daxilində konsensus olmalıdır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər