19 Fevral 2023 09:04
1 484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Sərdar bəy, erməni tərəfi mümkün sülh müqaviləsinin mətninə Qarabağ ermənilərinin tühlükəsizliyi və hüquqları ilə bağlı müddəanın da salınması fikrindədir. Sizcə, bu nə dərəcədə mümkündür?

- Ermənistanın bu iddiaları Azərbaycanın daxili işlərinə qarışmaq deməkdir. Eyni zamanda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında erməni tərəfi maraqlı deyil. Onlar çalışırlar ki, bu məsələni Rusiya-Ukrayna müharibəsi başa çatana qədər yubatsınlar. Ona görə də erməni tərəfi öncədən Azərbaycanın qəbul edə bilməyəcəyi müddəaları mümkün sülh mətninə salmağa çalışır. Beləliklə də vaxt qazanacaqlarını düşünürlər. Çünki bu cür absurd iddialar ortaya atılan zaman Azərbaycan tərəfi haqlı olaraq adekvat mövqe sərgiləyir. Bu da nəticədə müəyyən bir vaxt çərçivəsində olur. Ermənistan da bununla prosesdə özləri üçün optimal hesab etdikləri vaxt qazanmaq kimi imkan əldə edir. Bu dəqiqə onların əsas diqqəti Rusiya-Ukrayna müharibəsinə yönəlib. Rusiya müharibədən məğlub çıxsa, sözsüz ki, Ermənistan fərqli bir siyasi xətt yürütmək niyyətindədir. Bununla da onlar Avropaya üz tutacaqları qənaətindədirlər. Məhz bunun fonunda Avropadakı müəyyən güclərin dəstəyi ilə də Azərbaycan qarşı istifadə etməyi düşünürlər.

- Azərbaycanın öz ərazisi daxilində olan məsələ ilə bağlı Ermənistan və digər tərəflərlə hansısa bir mazakirə aparması müzakirə mövzusu belə deyil...

- Nəinki Ermənistan, heç bir dövlət Qarabağ məsələsi ilə bağlı Azərbaycanla hansısa bir müzakirə apara bilməz. Bu, Azərbaycanın daxili işidir. Beynəlxalq hüquqda separatizmin kök saldığı ərazilərlə bağlı konkret mövqe var. Belə olduğu halda kimsə bizə bu məsələdə təzyiq göstərə bilməz. Ümumilikdə isə bu cür məsələlərlə bağlı Azərbaycana hər hansı bir təzyiq edilsə, ölkəmiz başlıca şərti kimi analoji olaraq Fransada baskların, Marselin, İspaniyada Kataloniyanın, ABŞ-da Texasın müstəqillik əldə edə bilməsini önə çəkəcək. Bizə qarşı bu cür yanaşmalara məhz belə bir rakursdan cavab veriləcək. Ona görə də, Azərbaycan höküməti Qarabağla bağlı məsələnin qəti şəkildə Ermənistanla imzalanacaq sülh müqaviləsinin şərtlərinə daxil olmasına imkan verməyəcək.

- Ermənistanın qardaş Türkiyədəki zəlzələ fonunda münasibətləri bərpa etmək cəhdləri var. İndiki halda Qərbi Ermənistana dəvət edən Paşinyan iqtidari NATO üzvü olan Türkiyə ilə də münasibətləri qurmaq fonunda Rusiyaya hansı mesajları vermək niyyətindədir?

- Əslində Türkiyə ilə sərhədlərin açılması hələlik mümkün deyil. Bu, Ermənistandan gələn hümanitar yardım üçün müvəqqəti olaraq açılmışdı. Ermənistanın bunun fonunda Avropa ölkələri ilə əlaqələri daha da sıxlaşdırmaqda məqsədi Rusiyanı neytrallaşdırmaqdan ibarətdir. Erməni tərəfi Rusiyanın getdikcə zəifləyən nüfuzu müqabilində başqa bir gücə sığınmağa cəhd edir. Bu sırf erməni xisləti ilə bağlıdır. Onlar vaxtilə Osmanlıya da ona görə də, xəyanət etdilər ki, fransızlar onlara dövlət yaratmağı təklif etmişdi. Görünür Cənubi Qafqazla bağlı fransızların ermənilər üçün yeni bir təklifi var. Bu baxımdan ermənilər Rusiya kimi ağalarına qarşı çıxırlar.

- İranın davranışlarını indiki mərhələdə necə şərh etmək olar? Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan İran bölgədə yaranacaq mümkün kommunikasiya əlaqələrini bloklamaqla nəyə nail olmaq istəyir?

- Fakt odur ki, Ermənistanın iki böyük dostu var. O Fransa və İrandır. Onlar düşünürlər ki, bölgə dövləti kimi İranın Azərbaycana olan münasibətindən istifadə edəcəklər. Məhz İranın anti-türk siyasətinə görə, onlar burada böyük bir dayaq tapacaqlarına inanırlar. Ona görə də, bu gün İrandan Azərbaycana və Türkiyəyə qarşı bir kart kimi istifadə etmək istəyirlər. Amma ermənilərin də öz siyasi gələcəyini İranla bağlamasına səmimi yanaşmaq olmaq. Çünki onlar riyakar xalqdır. Bilirlər ki, İran bütün dünya dövlətləri tərəfindən təklənib. ABŞ-ın, Avropanın İrana münasibəti birmənalı deyil. Ona görə də, İranla Ermənistanın uzun müddətdə sabit müttəfiq obraznda qalması mümkün deyil. Ermənistan özü üçün əsas müttəfiq kimi Fransanı seçib. Sadəcə olaraq ermənilərin anti-türk mövqeyi onların maraqlarına cavab verdiyi üçün İranla daha sıx əlaqələr yaradırlar.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər