XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurub. Ümummilli lider Heydər Əliyev də vurğulamışdır ki, “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırımı kimi insanlıq tarixinə düşmüş bu qanlı olaylarla müqayisə oluna bilər. XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 31 il ötür: “Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etsələr də, şəhəri tərk edən əhali pusquya salınıb, Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən atəşə tutularaq qətlə yetirilib, sağ qalanlar isə əsir götürülüb.
Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak olub. Yalnız çox az sayda əhali Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bilib”.
“Xocalı soyqırımı bəşər tarixinə amansız, qəddar terror aktıdır”
Deputat deyib ki, Xocalı soyqırımı bəşər tarixinə amansız, qəddar terror aktı kimi daxil olub: “Soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70-i yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qaldı. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi, onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə valideynlərindən birini itirdi.
Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb. Bu ermənilərin Azərbaycan xalqına qarşı XX sərdə törətmiş ən qanlı soyqırım aktlarından biri idi.
Beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilib və 1951-ci il yanvarın 12- dən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunub.
Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunub. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıb”.
“200 il ərzində erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti”
Millət vəkili bildirib ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanıb:
“1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. Bundan əlavə azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini göstərib. Vurğulanıb ki, “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Erməni vandalları tərəfindən törədilmiş dəhşətli soyqırım aktı həmin dövrdə dünyanın aparıcı qəzetlərində də əksini tapıb.
İngiltərənin "Faynenşl Tayms qəzetinin 9 mart 1992-ci il tarixli sayında qeyd olunub ki, “ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar”. Bundan başqa, Xocalı faciəsindən sonra o dəhşətli hadisələri lenta alan Livanlı kinooperator təsdiq etdib ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.
Əlbəttə, bu kimi onlarla fakt sadalamaq olar. Bütün bunlar erməni vandalizminin ifşa olunması və dünyaya çatdırılması baxımından mühüm faktlardır”.
“Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir”
Parlamentari hesab edir ki, hazırda bu soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib:
“Eləcə də, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılıb. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesi uğurla davam etdirilir. Bu işdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir.
“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir.
Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan "Justice for Khojaly" informasiya portalı təbliğat və maarifləndirmə işlərində geniş istifadə oluna bilər”.
“Xocalı şəhidlərinin qanı yerdə qalmadı”
Tamam Cəfərova vurğulayıb ki, Prezident İlham Əliyevin dediyi kimi, “Xocalı şəhidlərinin qanı yerdə qalmadı”:
“2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “Dəmir Yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.
Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir.
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilib. Yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları iştirak edib. Siyasi dialoqun təzahürü olaraq yürüşdə dövlət rəsmiləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların nümayəndələri də iştirak edib.
Xocalı soyqırımı qurbanları başda olmaqla, bütün şəhidlərimizi hörmət, minnət və şükranlıqla anırıq. Allah rəhmət eləsin! Ruhları şad olsun!"