26 Fevral 2023 09:05
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı baş verib. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

“Xocalı faciəsi yalnız Holokost soyqırımı ilə müqayisə oluna bilər”

O qeyd edib ki, həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, 155 nəfərin taleyi isə hələ də məlum deyil: “Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.

Bu baxımdan da təkcə xalqımıza qarşı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayət olan Xocalı soyqırımının ildönümü Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən ürəkağrısı ilə qeyd edilir. Xalqımızın XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər.

Dəhşətli faktdır ki, soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olub. “Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnaməsi ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilib və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə növbəti hərəkətləri bildirir”.

“Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildi”

Professor bildirib ki, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması yalnız ulu öndər Heydər Əliyevin ölkəyə ikinci dəfə rəhbərliyindən sonra baş verdi: “Məhz həmin vaxtdan başlayaraq dünya azərbaycanlıları və Azərbaycan hökuməti erməni millətçilərinin Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu, Xocalı şəhidləri qarşısında hər birimizin vətəndaşlıq və insanlıq borcumuzdur.

1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etdi. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildi. O, hər zaman bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olduğunu qeyd edirdi.

Prezident İlham Əliyev Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi olduğunu daima vurğulayır. Dünya bu acı həqiqəti bilməli və insanlığa qarşı törədilən bu fakt öz hüquqi qiymətini almalıdır. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir”.

“Leyla xanım Əliyevanın təşəbbüsü ilə...”

Komitə sədri vurğulayıb ki, “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib: “Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri var.

Fond Xocalı soyqırımı ilə əlaqədar xarici ölkələrdə layihələr həyata keçirir. Məqsəd bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması və erməni vəhşiliklərini əks etdirən materialların beynəlxalq təşkilatlar qarşısında nümayiş etdirilməsidir.

Fondun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlər xaricdə yayılır.

Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində soyqırımı dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunur”.

“Xocalı şəhidlərinin qanı yerdə qalmadı”

Millət vəkili Xocalı soyqırımının bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmasının əhəhmiyyətindən bəhs edib: “Belə ki, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib.

Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. Əlbəttə ki, bütün bu terror aktları, soyqırımı xalqımıza qarşı edilən bu amansız cinayətlər xalqımızın, millətimizin vüqarını, inamını sındırmadı. Əksinə, bizi daha mübariz, qorxmaz və sarsılmaz etdi. Nəticədə Xocalı şəhidlərinin qanı yerdə qalmadı, 44 günlük müharibədə ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tək Xocalı faciəsinin deyil, ermənilər tərəfindən törədilən cinayət qurbanlarının da qisasını aldı.

Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. İllər keçdi. 2020-ci ildə baş verən Vətən müharibəsində müstəqilliyin övladları 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “Dəmir Yumruq” qalib gəldi.

44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən bütövləşdi. Bununla da xalq öz rəhbərinin ətrafında yumruq kimi birləşərək tarixi hədəflərinə qovuşdu".

"Xalqımız Xocalı soyqırımını heç vaxt unutmayacaq"

Hicran Hüseynovanın sözlərinə görə, hər il soyqırımı qurbanlarının əziz xatirəsinin ümumxalq səviyyəsində yad edilməsi onu göstərir ki, Xocalıda ermənilərin həyata keçirdiyi dəhşətli qətliam xalqımızın yaddaşından heç vaxt silinməyəcək, gələcək nəsillər Xocalı soyqırımının dəhşətlərini heç zaman unutmayacaq: "Bu soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaqlar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər