28 Fevral 2023 17:41
1 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran-Azərbaycan münasibətləri molla rejiminin davranışlarından, sərgiləyəcəyi münasibətdən asılıdır. Burada Azərbaycanla bağlı bir məsələ yoxdur. Çünki bu məsələlərdə bütün məsuliyyət İranın üzərinə düşür. Eyni zamanda bu ölkə Azərbaycanla bağlı yanaşmasını və münasibətini dəyişməyib. Tehrandakı Azərbaycan səfirliyinə qarşı qanlı terror hücumu baş verdi. Amma bu günə kimi İrandan bu terrorla bağlı Azərbaycan tərəfində heç bir rəsmi izahat və məlumat verilməyib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, bunun əksinə İranın Ermənistanla əməkdaşlığını daha da gücləndirdiyinin şahidi oluruq:

“Bir neçə gün öncə İranın mina təmizləmə agentliyi ilə Ermənistandakı analoji qurum arasında əməkdaşlıq sənədi imzalanıb. Bunun ardınca isə 44 günlük müharibədə yaralanan erməni əsgərlərinin İranda müalicəsinin davam etdirilməsi ilə bağlı sənədlər də üzə çıxdı. Bütün bunlar onu göstərir ki, İran yanaşmasını dəyişmək istəmir. Azərbaycana qarşı molla rejimi tərəfindən təxribatlar yenə də davam etdirilir”.

Deputat hesab edir ki, səfirliyə hücumla bağlı prosesin molla rejimi tərəfindən uzadılması də bu qanlı terrorun arxasında məhz İranın dayanmasını bir daha təsdiqləmiş olur:

“Əgər belə olmasa idi İran bu məsələdə səmimi yanaşma ortaya qoyardı, Azərbaycanla münasibətlərin qurulmasına çalışardı. Fakt odur ki, İranın indiki halda Azərbaycana olan yanaşmasında, münasibətində bunu görmək olmur”.

Ceyhun Məmmədovun fikrincə, İranın Ermənistanla sıx əməkdaşlığı daha çox onun özünə ziyandır:

“İran Azərbaycana olan yanaşmasını, münasibətini, baxışlarını mütləq dəyişməlidir. Çünki bu gün də İran mediasında və rejimin təsirində olan sosial media hesablarında Azərbaycana qarşı təhdidlər var. Belə olduğu halda Azərbaycanın bu ölkəyə qarşı səmimi davranış sərgiləməsi də mümkünsüzdür. Müsəlmanlara atəş açmış, onları qətlə yetirmiş erməni əsgərlərinin İran tərəfindən müalicəsinin öz üzərinə götürülməsi əslində Azərbaycana qarşı düşmənçiliyin növbəti təzahürüdür”.


Müəllif: Tapdıq Qurbanlı