Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərində bir çox məqamlar diqqəti çəkir. Səfər məhz o dövrə təsadüf edir ki, hazırda Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi davam edir. Ermənilər böyük bir cəhdlə Rusiyanın təsir dairəsindən çıxmaq istəyirlər. Rusiya isə Cənubi Qafqazda özünə yeni bir müttəfiq axtarır. Bu fonda isə Azərbaycan daha çox onların diqqətini cəlb edir. Rus dilinə Azərbaycanda olan münasibət və digər amillər burada daha çox önə çıxır.
Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
O hesab edir ki, Lavrovun bu səfərindən müsbət nəsə gözləmək olmazdı: “Onun Bakıdan Ermənistanla bağlı verdiyi bəyanatlar onlara yönəlmiş mesaj idi. Məhz bu da onu ehtiva edir ki, siz Qərbə tərəf daha çox yönəlsəniz də bizim Azərbaycana dəstəyimiz çox olacaq. Amma bunun fonunda Azərbaycanın Rusiyanın Cənubi Qafqaz siyasətinə alət rolu oynaması mümkün deyil. Azərbaycan Rusiya ilə ancaq qarşılıqlı faydalı münasibətlər formalaşdıra bilər”.
Partiya sədrinə görə, ümumiyyətlə Ukraynadakı müharibə Rusiyanın nüfuzuna ciddi təsir edib: “Eyni zamanda Ermənistan son zamanlar açıqlama verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxa bilər. Paralel olaraq Rusiya sərhəd qoşunlarının da Ermənistan sərhədlərindən uzaqlaşdırılması ilə bağlı fikirlər yayılır. Çünki Ermənistan iqtidarı Qərb qüvvələrini ölkə ərazisinə gətirib. Bununla yanaşı İranla da geniş platformada əlaqələr qurur. Təbii ki, bütün bunlar Rusiyanı qıcıqlandırır”.
Sərdar Cəlaloğlu Lavrovun Bakı səfərində bir növ ermənilərə acıq vermək, onları qısqandırmaq kimi mesajların olduğunu da söyləyib.