Bu gün dünya ölkələrinin qarşısında dayanan əsas məqsədlərdən biri cəmiyyətin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün imkanların yaradılmasıdır. Azərbaycan müsəlman Şərqində və türk dünyasında qadına seçmək və seçilmək hüququnun verən ilk ölkədir. 105 il əvvəl belə bir hüququn əldə edilməsil ilə biz bir sıra Avropa ölkələrini qabaqlamışıq. Bütün müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb 122 il bundan qabaq Bakıda yaradılıb. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli- mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini vermişlər. Azərbaycanda qadınların inkişafı, gender bərabərliyinin təmin olunması istiqamətində sistemli şəkildə ardıcıl tədbirlər həyata keçirilir.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova deyib.
Professor qeyd edib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır:
“O 1969-cu ildə respublikamıza ilk dəfə rəhbər təyin edildiyi vaxtdan etibarən fəaliyyətinin hər dövründə qadın problemləri və haqlarının müdafiəçisinə çevrilib. Qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilib. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olub. Ulu Öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlardır. Azərbaycanda lider qadınlar, sahibkar qadınlar yetişir. Qadınları iqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, bir sözlə, bunu hər sahədə görmək olar. Hökumətdə, nazirliklərdə, Milli Məclisdə qadınlarımızın fəallığı artmaqda davam edir. 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılması qadın hüquqlarının müdafiəsi istiqamətində müstəsna əhəmiyyətli hadisə hesab edilir. Heydər Əliyevin iştirakı ilə elə həmin ildə Azərbaycan qadınlarının I qurultayı, 2003-cü ildə isə II qurultayı baş tutub. Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanı isə ölkədə qadın siyasətinin daha da güclənməsinə gətirib çıxardıb. Məhz Heydər Əliyevin müəllifi olduğu ölkə Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib və qeyd edilib ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Bununla da, demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılıb”.
Komitə sədri bildirib ki, qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir:
“2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında yaradılan yeni qurum dövlət başçısının ailələrə, qadınlara və uşaqlara olan diqqət və qayğısının aydın təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoyub. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, Onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanımın gördüyü işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun timsalında əks olunub. Heydər Əliyev Fondu Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümumilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrın reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. O, Ali Baş Komandan, Prtezident İlham Əliyevin ən yaxın silahdaşı kimi, Azərbaycanın inkişafı, daha da güclü və qüdrətli dövlət olması üçün əlindən gələni əsirgəmir”.