Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Uzun sürən müzakirələrdən sonra Türkiyə müxalifətinin “Altılıq” blokunun prezidentliyə namizədi CHP sədri Kamal Kılıçdaroğlu oldu. Sizcə, CHP lideri Prezident Rəcəb Tayyib Ərdoğan üçün ciddi rəqibdirmi?
- Kılıçdaroğlu Ərdoğan üçün zəif siyasi rəqibdir. İndiyədək onun ciddi siyasi uğurları olmayıb. Ayrıca, Türkiyə cəmiyyətində Kılıçdaroğlunun ciddi düşüncəyə xidmət etdiyi fikri mövcud deyil. O, səhər dediyini axşam danan siyasətçidir. CHP sədri hər gün bir-birinə zidd açıqlamalar verməklə özü haqda qeyri-ciddi siyasi obraz yaradıb. Düşünürəm ki, bütün bu amilləri nəzərə aldıqda, Kılıçdaroğlunun namizədliyi bəri başdan müxalifətin məğlubiyyətini ehtiva edir.
Bir sıra partiyalar “Altılıq Masası” ətrafında birləşərək, Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq istəyirlər. Hesab edirəm ki, bu, Türkiyə daxilindən gələn sifarişlə baş vermir. “Masa”nı yaradan və idarə edən xarici amillərdir. Bu prosesin başında Qərb və ya ABŞ dayanır. ABŞ bunu öz nəzarətində olan FETÖ vasitəsilə idarə edir. Kılıçdaroğlunu vahid namizəd kimi irəli çıxaran da FETÖ-dür.
Xatırlayırsınızsa, “Masa” aylarla namizədlə bağlı qərara gələ bilmirdi. İYİ partiyanın başqanı buna etiraz etdi və öz alternativlərini irəli sürdü. Bu qəbul edilmədikdə, Akşənər “Masa”dan getdiyini açıqladı və bu blokda iştirak edən qüvvələri ciddi şəkildə ittiham etdi. Amma bir gün sonra Akşənər geri qayıtdı, konkret şərtlərlə Kılıçdaroğlunu dəstəkləyə biləcəyini bəyan elədi.
Bu sualın cavabı bəlli olmadı. Heç kim bilmədi ki, Akşənər niyə getdi və geri döndü. Bir gündə nə dəyişdi ki, bu addımı atdı? Hesab edirəm ki, bu, FETÖ-nün Akşənərə etdiyi təzyiqlə əlaqəli idi. Göstəriş verildiyi deyə, İYİ partiya başqanı geri döndü. Akşənər Kılıçdaroğlu seçiləcəyi təqdirdə İmamoğlu və Yavaşın vitse-prezident olacağı təklifi ilə qayıtdı. Əslində, bu, öz simasını qorumaq üçün atılmış addım idi. Bu, Kılıçdaroğlunun nüfuzunu qaldırmadı.
Əslində, seçiləcəyi təqdirdə onun üçün yeddi vitse-prezidentin təyin ediləcəyi təklifi Kılıçdaroğlunun nə qədər zəif olduğu görüntüsü yaratdı. Bunun Türkiyə ictimaiyyətinin diqqətindən qaçdığını düşünmürəm.
Bir sözlə, Kılıçdaroğlunu Ərdoğana ciddi siyasi rəqib saymıram. İndi onun üçün “ciddi obraz” yaradan amil “Masa”da birləşmiş 6 pariya və PKK terror təşkilatının siyasi qanadı HDP-nin onu dəstəkləməsidir. Kürdlərin də ən azı 10 faiz seçici elektoratı var. CHP-nin də təxminən 20 faizlik daimi seçicisini də nəzərə aldıqda, Rəcəb Tayyib Ərdoğana müəyyən mənada başağırısı yarada bilər. Fərdi olaraq isə Kılıçdaroğlu ciddi siyasi fiqur, Ərdoğan səviyyəsində olan rəqib deyil.
- Akşənər isə iddia edir ki, Kılıçdaroğlunun yerinə Mansur Yavaş və Əkrəm İmamoğludan biri olsaydı, qalib gələ bilərdi. Siz bu haqda necə düşünürsünüz?
- Məncə, bu da şişirdilmiş fikirdir. İmamoğlu bələdiyyə seçkilərində “Hər şey yaxşı olacaq” şüarı ilə seçilmişdi. Amma İstanbulun milyonlarla sakini bu illər ərzində “necə yaxşı olacaq” sualına cavab tapa bilmədi. Ayrıca, İstanbul seçiciləri bu insanın öz işinə nə qədər etinasız və məsuliyyətsiz yanaşdığını da gördü. Eyni sözləri Mansur Yavaş haqda da demək olar.
Zəlzələlərə qədər Ərdoğanən daxili reytinqi kifayət qədər yüksək idi, bu yöndə heç bir problem yox idi. Zəlzələlər AKP hakimiyyəti üçün müəyyən problemlər yaratdı. Yəni baş verənlərin prosesə mənfi təsir etdiyi danılmazdır. Amma bu məsələnin ictimai rəydə müsbət tərəfləri də var. Bu zəlzələlər türk xalqını bir daha düşünməyə vadar etdi ki, AKP-nin yerinə “Altılıq Masası” hakimiyyətdə olsaydı, bu miqyasda təbii fəlakətin zərərlərini necə aradan qaldırmaq olardı? Bu sual insanları hələ də düşündürür.
Qərarların çevik qəbul edildiyi və həll olunduğu sistem, o cümlədən Ərdoğanın qlobal nüfuzu sayəsində edilən yardımlarla bunun öhdəsindən gəlmək mümkün oldu. Bir il ərzində dağılmış minlərlə evin yenidən tikilərək vətəndaşlara təhvil verilməsi məsələsi də var. Artıq bu problemin həllinə başlanılıb və bu, yüz milyardlarla maddi vəsait tələb edir. Bunu “Altılıq Masası” təmin edə bilərmi? Bu da türk seçicisini düşündürür.
Türkiyə bu yerdə şanslı oldu ki, belə bir güclü iqtidar, belə bir qlobal səviyyəli xarizmatik lider olduğu üçün ölkə bu zəlzələnin altında qalmadı.
- Kılıçdaroğlunun bu günlərdə Ermənistan mediasında, ermənilər arasındakı populyarlığı da diqqət çəkir. Ermənilər CHP sədrinin seçiləcəyinə ümidlərini açıq şəkildə dilə gətirirlər. Bu, nə ilə əlaqəli ola bilər?
- Zaman-zaman Kılıçdaroğlunun anasının erməni olması ilə bağlı məlumatlar yayılır. Bu, indiyədək təkzib olunmayıb. Hələ də Kılıçdaroğlu özlərindən sayan ermənilər var, bunu açıq formada dilə gətirirlər. Ermənilər düşünürlər ki, Kılıçdaroğlu prezident seçiləcəyi təqdirdə, Azərbaycana Türkiyə səviyyəsində edilən yardım kəsiləcək, bu da Azərbaycanı Ermənistan və onun havadarları ilə təkbətək qoyacaq.
Ermənilər zənn edirlər ki, bu, Azərbaycanı zəiflədəcək və ondan istədiklərini qopara biləcəklər. Belə bir yanlış fikir var, eyni zamanda, bu haqda bəri başdan danışmaq da çətindir.
Diqqətçəkən başqa bir məqam da var. 44 günlük müharibə zamanı CHP Kılıçdaroğlunun müavinləri səviyyəsində Türkiyənin Azərbaycana dəstəyi tənqid olunmuşdu. “Türkiyənin Azərbaycanda nə işi var” sualını verənlər də CHP-nin liderləri idilər. Bu gün CHP uzağı görməyən siyasətçilərlə, Qərbin casusları ilə doludur. Atatürkçülər - əsl cümhuriyyətçilər Kılıçdaroğlunun dönəmində CHP-dən uzaqlaşdırıldılar. Ona görə, ermənilər Kılıçdaroğlunu dəstəkləyirlər.
Kılıçdaroğlu o qədər zəif bənddir ki, PKK-çılardan da dəstək umur. PKK-çılar da bu dəstəyi ona verirlər, çünki düşünürlər ki, Kılıçdaroğlu seçilsə, Türkiyədə “muxtariyyət” əldə edəcəklər. Sualların cavabı buradadır.