Artıq Xankəndi və ətrafında olan separatçılar tam bloklanıb. Xankəndi istiqamətində mümkün torpaq yollara da Azərbaycan ordusu nəzarət edir. Eyni zamanda sözsüz ki, zəruri addımlar atılır. Amma orada görüləsi işlər də çoxdur. Hətta açıqlamalar verilir ki, ermənilər yenidən nəsə bir addımlar ata bilər. Ona görə də, Azərbaycan tərəfi sülhməramlıların üzərinə götürdüyü öhdəliklərin icrasını tələb etməlidir.
Bunu Teleqraf.com-a hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, rus sülhməramlıları üzərinə düşən öhdəlikləri icra etdiyi təqdirdə Azərbaycan üçün burada başqa bir problem qalmayacaq:
“Əsas məsələ üçtərəfli razılaşmanın 4-cü bəndinin icrasıdır. Bu bəndin tələbləri icra edildiyi halda orada bir nəfər də olsun silahlı qala bilməz. Bu baxımdan üçtərəfli bəyanatın müddəalarının icra edilməsi gündəmə gəlməlidir. Son hadisələrin ardınca Rusiya Müdafiə Nazirliyi üçtərəfli sənədə istinad edib. Amma Rusiya tərəfi burada üçtərəfli razılaşmanın 1-ci və 6-cı bəndlərinin pozulması ilə bağlı absurd iddialar səsləndirib”.
Polkovnikin fikrincə, burada Rusiya tərəfinin səsləndirdiyi kimi heç bir təmas xətti ola bilməz:
“Ərazi Azərbaycana məxsusdur. Çünki indiyə kimi Laçın-Xankəndi yoluna alternativ olan torpaq yollarla separatçılara silah-sursat, hərbi texnika daşınıb. Amma Azərbaycan ordusu artıq bu yollara nəzarəti götürüb. Buna baxmayaraq ərazidə bəzi yollarda onların çıxış imkanları hələ də qalıb”.
Üzeyir Cəfərov bildirib ki, Kosalar-Mirzəli-Turşu yolu ilə bağlı üzərində tam nəzarət var:
“Amma bununla da kifayətlənmək olmaz. Çünki oradakı kənd yollardan və dərələrdən istifadə edib nələrsə daşına bilər. Ona görə də, Azərbaycan tərəfi bu məsələyə birdəfəlik son qoymalıdır. Azərbaycan ordusu 25 martdan etibarən Sarıbaba dağının yaxınlığında keçən yola nəzarət etməklə rus sülhməramlılarının biznes üçün çıxışını da qapatmış olub. Bu yollarla rus sülhməramlılar qeyri-qanuni silahlı birləşmələr üçün yüklərin daşınmasına imkan yaradırdı”.