Azərbaycanla Ermənistan bir neçə dəfə sülh sazişi imzalamağa yaxın olub. Ötən ilin payızında belə bir real şərait yaranmışdı. İndiki halda isə daha çox ABŞ tərəfindən belə bir təşəbbüs var. Ötən il isə sülh prosesinə Rusiya və Fransa tərəfindən neqativ təsirlər olub. Ona görə də Azərbaycanla Ermənistan arasında sülh baş tutmadı.
Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O qeyd edib ki, bu ilin sülh prosesi müstəvisində necə gedəcəyini söyləmək çox çətindir:
“Çünki Rusiyanın burada proseslərə təsir mexanizmləri hələ də qalıb. Burada digər problem Ermənistan rəhbərliyinin davranışıdır. Çünki Ermənistan iqtidarı tez-tez mövqeyini dəyişir. Bu isə prosesin pozulmasına səbəb olur. Bu baxımdan proseslə bağlı konkret bir əminlik yoxdur”.
Fərid Şəfiyev hesab edir ki, sülhə mümkün yaxınlıq var:
“Hazırda sülh sənədi üzərinə aparılan müzakirələr mövqeləri bir qədər yaxınlaşdırıb. Sadəcə olaraq erməni tərəfi hələ də çalışır ki, “Dağlıq Qarabağla” bağlı müəyyən maddələr sülh sazişində əks olunsun. Ona görə də, burada bir sıra çətinliklər var”.