31 Mart 2023 11:56
6 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Son əməliyyatımız da uğurlu oldu, strateji yüksəkliklərə və yollara nəzarəti bərpa etdik. Sizcə, proses davamlı olacaqmı, yarımçıq qalan işimizi tam yekunlaşdırmaq üçün zəmin varmı?

- Əlbəttə, zəmin var, proses davam edəcək. Çünki baş verənlər bir məntiqə əsaslanır. Məntiq də budur ki, Azərbaycan qalib ölkədir və bu addımları da öz ərazilərində atır. İndi bəzi ərazilərə müvəqqəti olaraq Rusiya sülhməramlıları nəzarət edirlər. Bütün hallarda proseslər öz məntiqinə uyğun getməlidir. Son gəlişmələri də bu kontekstdə qiymətləndirmək olar.

Azərbaycan 2022-ci ilin avqustunda Laçın yoluna çəkilən alternativ xəttin tikintisini tamamladı və Rusiya sülhməramlılarının müvəqqəti nəzarətinə verdi. Artıq sülhməramlılar köhnə Laçın yolundan çıxaraq, yeni məntəqələrdə dislokasiya edilib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri bu 5 kilometrlik dəhlizdə müəyyən korrektələr olmalıydı. Bu da baş verdi. İndi hərbçilərimiz şimaldan cənub istiqamətində öz postlarını qururlar. Üstəgəl, digər alternativ yollar və bunların ətrafındakı strateji yüksəkliklərə də nəzarətimiz bərpa olunub. Bu da təhlükəsizlik baxımından önəmli məsələdir.

Prezidentimiz ötən günlərdə Laçın rayonu üzrə yeni xüsusi nümayəndəsini qəbul edəndə dedi ki, ilin axırına qədər bu ərazilərə təxminən 10 min nəfər insan köçürüləcək. Əlbəttə, bu insanların təhlükəsizliyi təmin olunmalıdır. Bunu təmin etmək üçün indiki tədbirlər görülür. Köçmə prosesinə paralel olaraq lazım olan digər addımlar da atılacaq.

Baş verənlərə praqmatik yanaşmaq lazımdır. Bu da ondan ibarətdir ki, bütün addımlarımız əsaslandırılmış şəkildə atılır. Laçına qayıdacaq insanlarımız özlərini təhlükəsiz hiss etməlidirlər, bunu prezident də dedi.

- Laçın yoluna alternativ xətt istifadəyə verildi. Bəs bu gəlişmə haqda necə düşünürsünüz: nəhayət, həmin yolda nəzarət-buraxılış məntəqəsinin qurulması məsələsi prosesin məntiqinə uyğun olaraq öz həllini tapacaqmı?

- Həllini tapmalıdır. Dəfələrlə demişik ki, bu, sərhəd infrastrukturunun qurulması məntiqinə cavab verir. Bəli, humanitar yol saxlanılır, bu məsələ üçtərəfli sazişdə də göstərilib və digər məsələlər üzrə də danışıqlar aparılır. Heç kim bunu inkar etmir. Amma eyni zamanda, heç yanda yazılmayıb ki, biz sərhədlərimizi müəyyənləşdirməməliyik, sərhəddə lazımi infrastruktur qurulmamalıdır. Post qoyulmalıdır. Amma təəssüf ki, bu yöndə maneələr var, indi Rusiya sülhməramlıları müvəqqəti olaraq bu yola nəzarət edirlər. Onlarla bu məsələdə fikir ayrılığı var.

Düşünürəm ki, indi həll olunan bir sıra məsələlər kimi, bu problem də çözüləcək. Bundan əvvəl də müəyyən məsələlərlə bağlı fikir ayrılıqları olurdu. Məsələn, Fərrux, Sarıbaba yüksəklikləri və digər məsələlərlə əlaqədar. Amma bunlar bizə mane olmadı, öz işimizi gördük, məqsədlərimizə çatdıq. Düşünürəm ki, bununla bağlı da fərqli fikir ola bilməz, həmin məntəqə qurulmalıdır və qurulacaq.

- Ermənistan Laçın yolu istiqamətindəki (öz ərazisində) silahlı qüvvələrini sərhəd qoşunları ilə əvəzləyəcək. Bunu da Baş nazir Nikol Paşinyan açıqlayıb. Bəs bu proses qarşılıqlı formada bütün sərhəd boyu davamlı ola bilərmi? Bu baş versə, sərhəddə təxribatlar aradan qalxacaqmı?

- Əslində, bu, məntiqə uyğun prosesdir. Söhbət sərhəddən gedirsə, sərhədi sərhəd qoşunları qorumalıdır – həm Azərbaycan, həm də Ermənistan tərəfindən. Əlbəttə, Ermənistan bu məsələdə səmimi olacaqsa, Azərbaycan da öz müvafiq addımını atacaq. Əlbəttə, bu durumda Ermənistanın sərhəddəki təxribatları da bitə bilər. Ona görə də sərhəddə sərhəd qoşunları olmalıdır, Rusiya hərbçiləri yox. Rusiya hərbçiləri bura müvəqqəti gəliblər.

Sərhədlər tədricən demarkasiya və delimitasiya olunmalıdır. Bu kontekstdə də sərhəddə sərhədçilər durmalıdır. Amma iş ondandır ki, paralel olaraq, sərhədlər müəyyən edilməlidir. Təəssüf ki, biz bunu görmürük. Bu da gərginlik yaradır. Əgər xarici vasitəçilər regionda gərginlik istəmirlərsə, şərait yaratmalıdırlar ki, delimitasiya və demarkasiya prosesi getsin.

- Ermənistan mətbuatı sülh danışıqları ilə bağlı maraqlı iddia ilə çıxış edib. Həmin iddiaya görə, Ermənistan rəhbərliyi Rusiyanın vasitəçiliyindən imtina etməyə hazırlaşır, artıq qərar verilib, yaxın zamanlarda rəsmi Moskvanın diqqətinə çatdırılacaq. İrəvan bunu edə bilərmi?

- Ermənistan bunu etsə, bu, atdığı silsilə anti-Rusiya addımlarının bəlkə də yekunu olacaq. Bundan sonra KTMT və Avrasiya Birliyindən çıxmaq məsələləri qalacaq. Belə bir addım bu anlama gələcək. Amma onların bu addımı atmağa cürətlərinin çatacağına inanmıram. Ermənistan birtərəfli qaydada Rusiyanın vasitəçiliyindən imtina etsə, İrəvanla Moskvanın son zamanlarda gərginləşən normal münasibətlərinə son qoyulacaq. Bundan sonra Ermənistanın gələcəyinin necə olacağını təsəvvür etmək olar. Ən azı düşünmürəm ki, bu, Ermənistana müsbət nəsə gətirəcək.

Digər yandan, Ermənistanın nə cəsarəti, nə də resursları var. Cəsarətləri olsaydı, ən azı KTMT-dən çıxardılar. Bunu edə bilmirlər. Ona görə də bu addımın reallaşacağını düşünmürəm.


Müəllif: Mənsur Rəğbətoğlu