Müasir Azərbaycan dövlətçiliyinin banisi olan Ulu Öndər Heydər Əliyev hər zaman xalqımızın gələcəyini, rifahını, onun müstəsnalığını düşünüb və bu istiqamətdə vacib addımlar atıb. Hələ sovetlər dönəmində belə Ümummilli Lider Heydər Əliyev azərbaycanlı gənclərin elmə, təhsilə, yüksək hərbi biliklərə və digər sahələrdə bacarıqlı kadrlar kimi formalaşması üçün tarixi qərarlara imza atıb. Məhz bunun nəticəsində Azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ali təhsil ocaqlarında yüksək elmi biliklərə yiyələnməsi təmin olunub. Heç təsadüfi deyil ki, həmin gənclər Azərbaycanın yenidən qurulmasında, çiçəklənməsində bacarıqlı kadrlar kimi müstəsna rol oynayıblar.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor bildirib ki, sovetlərin dağılmasından sonra yenidən öz müstəqilliyinə qovuşan Azərbaycan müstəqilliyin ilk illərində böyük çətinliklər üzləşmişdi. Azərbaycan yenidən böyük təhlükələr və təlatümlər qarşısında idi. Dövlətçiliyimiz yox olması təhlükəsi ilə üzləşmişdi. Ölkədə mövcud olan hərc-mərclik mərkəzi hakimiyyətin olmaması böyük çətinliklər yaratmışdı. O vaxt iqtidarda olan qüvvələrin dövlət idarəçilik qabiliyyət və təcrübələrinin olmaması ölkəni xaosa, anarxiyaya sürükləyirdi. Belə bir məqamda Azərbaycan xalqı ümidini itirmir Müdrik Lider Heydər Əliyevin yüksək idarəçilik bacarığı, zəngin təcrübəsi sayəsində dövlətçiliyimizin xilas olacağına inanırdı. Xalqım istəyi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini yox olmaqdan, tarixi ağır sınaqlarından xilas edərək müasir və güclü dövlətçiliyin əsasını qoydu.
O qeyd edib ki, müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır: “Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyənləşdirib. Müstəqilliyin qorunub saxlanması üçün düzgün hərtərfli siyasi strategiyanın həyata keçirilməsi sayəsində iqtisadi inkişafa nail olunub. Xalqda özünəinamın yaradılması, ölkənin daxili siyasi, iqtisadi, ictimai, hərbi sabitliyin bərqərar edilməsi başlıca önəm kəsb edirdi. Həyata keçirilən əsaslandırılmış xarici siyasət bütüvlükdə milli maraqların qorunmasına və inkişafına hədəflənmişdi. Bütün bu uğurlu strateji gedişlər sözsüz ki, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır”.
Deputat bildirib ki, ölkəmizdə Ordu quruculuğunun formalaşması dövlətçiliyimiizn memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsidir:
“Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi “Silahlı Qüvvələrimiz Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun layiqli varisidir”. Təbii ki, Ordumuzun formalaşamasının tarixi Azərbaycan Xalq Cumhuriyyətinin yaranması ilə bağlıdır. 23 ay yaşamasına baxmayaraq AXC Ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atmışdı. Amma AXC-nin süqutu ilə ordu quruculuğu sahəsində görülən işlər də yarımçıq qalıb. Yalnız, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Onun müstəsna xidmətləri sayəsində ölkəmizdə bir çox sahələrdə peşəkar kadrların hazırlanması ilə yanaşı, hərbi kadrların hazırlanması prosesinə başlanıldı. Ulu Öndər Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Ulu Öndər Heydər Əliyevin mahir diplomatiyası və uzaqgörən siyasəti nəticəsində Azərbaycanda hərbi məktəbin yaradılmasına qarşı olan bütün cəhdlərin qarşısı qətiyyətlə alındı. Sonralar bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasında mühüm töhfə vermiş oldu. Məhz C.Naxçıvanski adına Hərbi Lisey ölkəmiz ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra ordu quruculuğunda, peşəkar zabit heyətinin hazırlanmasında fundamental baza rolunu oynadı. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması sonrakı dövrlər üçün böyük önəm kəsb edirdi. Bu kadrlar sonradan Azərbaycanda müstəqil ordu quruculuğunun qurulmasında, formalaşmasında və inkişafında mühüm rol oynadılar. Sözsüz ki, bu amillər Müdrik Liderin uzaqgörənliyi və Azərbaycanı müstəqil görmək arzusu, Onun milli zabit kadrları ilə güclü ordu formalaşdıra bilmək hədəfləri ilə bağlı idi”.
Millət vəkili hesab edir ki, müstəqillik illərində də ordu quculuğu sahəsində həyata keçirilmiş uğurlu işlər Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: “1993-cü ilin yayından Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ordu quruculuğu sahəsində Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən qətiyyətli və uzaqgörən siyasət Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirilib. Sonradan Cənubi Qafqazın ən güclü Ordusuna çevrilən qalıb Azərbaycan Ordusu məhz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu, praqmatik siyasətə əsaslanıb. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünyanın ən güclü orduları sırasında öz yerini tutub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə Ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Silahlı Qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların Orduya cəlb edilməsi Prezident İlham Əliyev siyasətinin strateji istiqamətlərindən birini təşkil edib. Məhz bunun sayəsində Azərbaycanın Müzəffər Ordusu dövlət və xalqla sarsılmaz birlik nümayiş etdirərək “Dəmir Yumruq” olub düşməni məhv edib. Ordumuzun gücü, Müzəffr Ali Baş Komandanın qətiyyəti sayəsində döyüş meydanında düşmən məğlub edildi və o kapitulyasiya aktına imza atmağa məcbur oldu. 44 gündə Azərbaycan Ordusu özünün döyüş qabilliyyətini nəyə qadir olduğu düşmənə və bütün dünyaya nümayiş etdirdi. Məhz bu tarixi Zəfər nəticəsində Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi, tarixi torpaqlarımız düşmən tapdağından azad olundu”.
Eldar Quliyev vurğulayıb ki, hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələrinin döyüş hazırlığı yüksək səviyyədədir: “Düşmən üzərində qazanılmış möhtəşəm qələbənin qeyd olunduğu tarixi zəfər Paradında nümayiş olunan ən müasir silahlar və düşmənə vurulan maddi-texniki ziyan ordumuzun gücünün, qüdrətinin növbəti təzahürü idi”.