12 Aprel 2023 17:40
2 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

Ötən gün Ermənistan tərəfinin Azərbaycan Silahlı Qüvvələrinə təxribat törətdiyi ərazi Laçın rayonu ilə üzbəüz olan bir yerdir. Ona görə də, ərazi ilə bağlı daha çox müzakirə aparılır. Ermənilər də bu ərazidə təxribatı bilərəkdən törədiblər. Çünki bu, açıq, məqsədyönlü şəkildə həyata keçirilmiş bir təxribatdır.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, təxribat üçün Gorusun Dığ yaşayış məntəqəsi ərazisinin seçilməsi heç də təsadüfi deyil:

“Bu, Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun üzbəüz mövqelərinə qarşı öncədən hazırlanmış bir plandır. Ona görə də, burada başqa bir məqsəd axtarmaq lazım deyil. Çünki ərazi ermənilərin təxribatı üçün olduqca əlverişlidir. Eyni zamanda qarşı tərəf təxribatdan öncə baş verən prosesləri də video müşahidə altına alıb ki, sonra Azərbaycana qarşı ittiham irəli sürə bilsin”.

Polkovnik hesab edir ki, erməni təxribatından bir gün öncə Rusiyanın Ermənistandakı səfiri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müşahidə missiyasının bu ölkəyə gəlmək üçün hazır vəziyyətdə olduğunu açıqlamışdı:

“Görünən o idi ki, hansısa bir hadisə baş verdikdən sonra Ermənistan KTMT-nin bu əraziyə gəlməsi üçün müraciət etsin”.

Üzeyir Cəfərova görə, erməni tərəfi bundan öncə Basarkeçər rayonu Yuxarı Şorca kəndi istiqamətində təxribata əl atmaq niyyətində idi:

“Amma bunu özləri üçün məsafə və imkan baxımından məqbul hesab etməyiblər. Dığ yaşayış məntəqəsi istiqamətində isə Azərbaycan ordusu ilə üzbəüz dayanan ərazidə belə bir təxribatın olması, görünür, onlar üçün daha əlverişli olub. Həmçinin həmin ərazidə Azərbaycan tərəfindən postun qurulması üçün müəyyən işlər görülürdü. Bu prosesi pozmaq üçün də təxribat həmin ərazidən törədilib. Sözsüz ki, Ordumuz bu təxribata layiqli cavab verib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər