18 Aprel 2023 11:50
2 723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Azərbaycanla sülh prosesində Ermənistan tərəfindən səslənən fikirlər sonrakı dövrdə inkar edilir. Bu hansı amillərlə bağlıdır və nə vaxta qədər davam edə bilər? Nikol Paşinyan komandasına qarşı müxalifətin mövqeyi burada hansı təsirə malikdir?

- Ermənistanın siyasi seqmentində bəzi elementlər var ki, onları mütləq qeyd etmək lazımdır. Ənənəvi siyasi mübarizədə iştirak edən partiyaların fəallığı fonunda bir neçə aksiya baş tutub. Onların sayı az olsa da bu baş verib. Eyni zamanda bu konteksdə məsələyə münasibət bildirsək, görərik ki, erməni cəmiyyəti fəal deyil. Bu cəmiyyət nə Paşinyana qarşı olan mitinqlərdə iştirak edir, nə də ki, müxalifətə dəstək verir. Hətta köhnə erməni siyasətçilərinə də cəmiyyətdən lazımi dəstək yoxdur. Ümumiyyətlə, erməni cəmiyyətində siyasi konteksdə bir yorğunluq mövcuddur. Amma eyni zamanda erməni siyasi elitasının fəallığı da nəzərdən qaçmır. Ermənistanda bəzi dövlət qurumları, əksəriyyəti təmsil edən hərbçilər, təhlükəsizlik xidməti, polis və digərləri sanki müxalif mövqedə cəmləşib.

- Azərbaycan qarşı 11 aprel təxribatında erməni müxalifətinin ordudakı qanadının əlinin olduğu ilə bağlı fikirlər səslənir. Bu nə dərəcədə məntiqli yanaşmadır?

- Təxminən bir il öncə Ermənistanda siyasi böhran yaşandı. Bu, erməni ordusunda olan qiyamla bağlı idi. Erməni ordusunun baş qərargah rəisi, generalların 5-10 nəfərinin istefaya göndərilməsi faktları unudulmamalıdır. İndi isə müşahidə edilən odur ki, əsas proseslər bir növ orduda cəmləşib. Burada da daha çox Paşinyana qarşı olan müxalif kəsim toplaşıb. Sonuncu proses onu göstərdi ki, bu fakt mövcuddur. Hətta Paşinyanın özü də qeyd edib ki, erməni ordusunda 5-ci kolon var. Belə fikir var ki, 5-ci kolon Rusiyadan idarə olunur. Rusiya tərəfdarları orduda, təhlükəsizlik xidmətində əsas mövqelərə malikdir. Amma indiki halda Ukrayna müharibəsi dövründə görünən odur ki, Rusiyanın bu proseslərə təsir və imkanları azalıb. Ona görə də, bu hərbi elita indi özünə xaricdə hansısa dayaqlar axtarır.

- Belə olan halda Ermənistanda İrana olan meyillər nə ilə bağldır?

- Onlar yaxşı başa düşürlər ki. Qərb birmənalı olaraq prosesi sülhə doğru aparır. Ona görə də, onlar daha çox İrana meyl etməyə çalışırlar. Bu da özünü açıq şəkildə göstərir. Azərbaycana qarşı erməni təxribatının baş verməsi fonunda Ermənistan ordusunun korpus komandiri və müavinləri cəzalandırılıblar. Bir çoxları vəzifələrini itirib. Bunun fonunda gərginlik dalğası açıq şəkildə hiss olunur. Bu süni şəkildə özünü göstərir.

- Azərbaycan bayrağının yandırılması məsələsinə erməni cəmiyyətinin reaksiyası nə dərəcədə adekvat oldu?

- Azərbaycan bayrağının yandırılması bu mənada xüsusi ilə qeyd edilməlidir. Burada siyasi müxalifət Paşinyana qarşı xaricdən özləri üçün dəstək axtarışındadırlar. İstisna edilmir ki, bu dairələr müxtəlif yerlərə müraciət edərkən dəstək istəyəcəklər. Bu sırada İran xüsusi ilə yer tutur.

- İranın bu məsələdə rolu nə dərəcədə böyükdür?

- Erməni müxalifəti yaxşı başa düşür ki, İranın onlara hərbi baxımdan kömək etməsi mümkün deyil. Bu, Zəngəzur dəhlizi məsələsində ümumiyyətlə real görünmür. Çünki Paşinyan İranla bu istiqamətdə heç bir saziş imzalamayıb. Ona görə də, İranın bu məsələdə Ermənistana dəsətk verməsi üçün heç bir hüquqi əsas yoxdur.

- Ermənistana İran birbaşa kömək etmək imkanları olmasa bunu başqa hansı yollarla və vasitələrlə edə bilər?

- İran və ona yaxın qüvvələr Ermənistana Zəngəzur məsələsində kömək etmək istəsələr burada proksi qüvvələrdən istifadə etmək olar. Bu barədə müxtəlif hərbçilər fikir səsləndirir. Hətta deyilir ki, Zəngəzurda proksi qüvvələri HAMAS təmsil edə bilər. Eyni zamanda Suriyada İrana məxsus SEPAH qüvələri ilə yanaşı, Livandan gəlmiş HAMAS qüvələri də var. Ermənilərin də fikri odur ki, İran onlara birbaşa kömək edə bilmirsə, bunu məhz kənar, yəni proksi qüvvələrin əli ilə etsin.

- Həmin qüvvələrin Zəngəzurda yerləşdirilməsi ehtimalı varmı?

- İndi Ermənistanda olan bəzi qüvvələrin də niyyəti məhz odur ki, İranın əli ilə kənar qüvvələr Zəngəzurda yerləşdirilsin. Əslində bu dalğa hansısa bir proseslərin işarəsidir. İstisna edilmir ki, Ermənistanda gələcəkdə hərbi çevriliş, hərbi təzyiqlərlə Paşinyana qarşı təsir imkanları nəzərdən keçirilsin. Bu da birbaşa sözsüz ki, Azərbaycanla olacaq sülh prosesinə təsirsiz ötüşməyəcək. Paşinyan da bundan istifadə edib məhz köhnə taktikanı işə salacaq, yəni vaxt uzatmağa çalışacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər