19 Aprel 2023 18:13
2 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan həmişə hiyləgər oyun oynayır. Bu gün də erməni tərəfi eyni ampulasından çıxış edir. Ona görə də Azərbaycan Prezidenti ötən gün Azərbaycan Televiziyasına müsahibəsində bildirdi ki, A demisinizsə, B demək də mütləqdir. Bu o deməkdir ki, Nikol Paşinyanın “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” kimi açıqlamaları əslində ikibaşlı ifadələrdir. Əslində onlar bu ifadəni ilk dəfə deyil ki, istifadə edirlər. Hətta “Azərbaycanın ərazi bütövlüyünü tanıyıram və 1991-ci ilin Almatı Bəyannaməsinə riayət edirəm” kimi açıqlamalarla ermənilər torpaqlarımızı sanki Qarabağsız təsəvvür edirlər. Bu da sözsüz ki, erməni tərəfinin özlərinin qəbul etdiyi qətnaməyə əsaslanmağa çalışması deməkdir.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

O qeyd edib ki, erməni tərəfi indiki şəraitdə Azərbaycanın onların oynadığı oyunu başa düşməyəcəyini güman edir:

“Onların niyyəti odur ki, qarşılıqlı şəkildə ərazi bütövlüyü məsələsini həll edib Azərbaycanı Qarabağdakı separatçılarla üz-üzə qoysunlar. Eyni zamanda beynəlxalq ictimaiyyətin də diqqətini sülhə yox, Qarabağ məsələsinə yönəldəcəklərini düşünürlər. Ona görə də Azərbaycan Prezidenti konkret olaraq bir daha ölkəmizin mövqeyini açıq şəkildə bəyan etdi. Çünki bizim tələbimiz odur ki, erməni tərəfi etiraf edib deməlidir ki, “Qarabağ Azərbaycandır və Nida”.

Millət vəkili eyni zamanda Xankəndinin separatçılar tərəfindən ələ keçirilməsi və orada olan erməni əsilli insanların faktiki olaraq girov saxlanması məsələsinə də diqqət çəkib:

“Çünki orada olan ermənilər normal yaşaya bilmir. Təbii ki, onların mütləq əksəriyyəti Azərbaycanın ərazisində yaşadıqları üçün ölkə vətəndaşlığını qəbul edib normal həyat sürmək istəyir. Amma separatçılar Xankəndidəki ermənilərə belə bir addım atmağa imkan vermir. Bu o deməkdir ki, Azərbaycan ərazisində hansısa bir separatçı qanunsuz əməllər törədirsə və insanları girov saxlayırsa dövlətimiz konkret addım atmalıdır. Prezident İlham Əliyev bir daha onlara açıq şəkildə bəyan etdi: "Ya ölkə qanunlarına tabe olub yaşayırsınız, ya da ərazimizi tərk edirsiniz”. Bu artıq son xəbərdarlıq idi. Təbii ki, Azərbaycanın səbri sonsuz deyil. Ona görə də Azərbaycan dövləti lazımı addımları atmalı olacaq”.

Səməd Seyidov ölkə başçısı tərəfindən Ermənistana və dünya ictimaiyyətinə çatdırılan mesajın əhəmiyyətinin indiki məqamda vacib olduğunu söyləyib:

“Sözsüz ki, bu çox düzgün və vaxtında edilən bir xəbərdarlıq idi. Azərbaycan iki ildən artıqdır ki, səbr və təmkinlə, bütün beynəlxalq qanunlara əməl etməklə, öhədliklərə və imza atılan sənədlərə hörmət edərək davranış göstərir. Amma buna baxmayaraq erməni tərəfində revanşist qüvvələr yenidən baş qaldırır, azğınlaşırlar. Onlar hesab edirlər ki, artıq nəyəsə nail ola bilərlər. Ona görə də Azərbaycan Prezidenti açıq şəkildə bəyan etdi ki, biz hər şeyə hazır olmalıyıq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər