1 May 2023 16:50
3 810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan tərəfindən Laçın yolunun ölkə ərazisinə giriş hissəsində yaradılan post üçtərəfli sənəd əsasında fəaliyyət göstərir. Bu da müvəqqəti xarakter daşıyır. Ona görə də, burada Azərbaycana giriş-çıxış, pasport və ölkədə olma rejimi qaydaları şamil olunmur. Bu qaydalar Laçındakı sərhəd-buraxılış postunda şamil olsa, hazırkı müddətdə oradan heç kəs gedib-gələ bilməyəcək.

Bunu Teleqraf.com-a açıqlamasında İnsan Hüquqları üzrə Birgə Qrupun katibi Sahib Məmmədov deyib.

O hesab edir ki, hazırda Laçında digər keçid məntəqələrində olan rejim tətbiq edilməyib:

“Müvəqqəti rejim qüvvədə olduğuna görə, hələ ki ,adi qaydada işlər təşkil edilib. Ona görə, hazırda Laçındakı sərhəd-keçid məntəqəsində bizim üçün sənəd sayılmayan kağız parçasını hansısa bir qondarma rejimin sənədi kimi təqdim edə bilər. Amma bütün bunlar bizim üçün maraqlı deyil. Çünki Qarabağda yaşayan ermənilər özləri bundan sonrakı talelərini, necə yaşayacaqlarını müəyyənləşdirməlidir. Onlar Azərbaycan vətəndaşı kimi hüquq və vəzifələr daşımaq imkanı qazana biləcəklər. Bunun üçün də 1992-ci ilin yanvar ayının 1-ə qədər Qarabağda yaşamış ermənilər, o cümlədən onların övladları avtomatik qaydada Azərbaycan vətəndaşlığını bərpa edə bilərlər”.

Ekspertə görə, əraziyə sonradan gələnlər və buraya gəlib nikaha girənlər isə naturalizasiya prosesini keçdikdən sonra Azərbaycan vətəndaşlığı ala biləcəklər:

“Bu da Azərbaycan qanunvericiliyinə uyğun olan bir addımdır. Hələ ki, bu proses başlamayıb. Hazırkı mərhələdə Azərbaycanın əsas istək və tələbi odur ki, ərazimizə Ermənistan və digər yerlərdən qanunsuz heç kim və heç nə gətirilməsin. Sonrakı mərhələdə erməni mənşəli insanların seçim üçün vaxtları da qalmış olacaq. Buna qədər isə vətəndaşlıq aktlarının qeydiyyatı ilə bağlı proses başa çatmalıdır. Ardınca sosial və qanun sisteminə inteqrasiya, mülkiyyət, təhsil, kommunikasiya məsələləri həll edilməlidir. Ona görə də, Laçındakı sərhəd postunun ölkəmizin digər məntəqlərindəki analoji strurkturlardan fərqli formatda fəaliyyət göstərir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər