Ermənistanın Baş naziri Nikol Paşinyanın bəhs etdiyi 1975-ci il xəritələri de-fakto ləğv edilib. Çünki 1977-ci ildə keçmiş SSRİ-nin yeni konstitusiyası qəbul ediləndə müvafiq təşkilatlara xəritələrin dəqiqləşməsi ilə bağlı tapşırıqlar verilib. Bununla da keçmiş SSRİ-də təmsil olunan müttəfiq respublikaların sərhədləri yenidən müəyyənləşib. Həmin tarixdən sonra yeni xəritələr tərtib edilib. Ona görə, 1975-ci il sərhədləri və o dövrə aid xəritələr artıq mövcud deyil.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O qeyd edib ki, burada Rusiyanın Azərbaycanla Ermənistan arasındakı delimitasiya məsələlərində iştirakla bağlı vermiş olduğu açıqlamalar da diqqətdən yayınmamalıdır:
“Çünki bütün dövlətlərdə ən dəqiq xəritələr ordunun baş qərargahında olur. Hərbi əməliyyatları onlar apardıqlarına görə, bu bir qayda olaraq belə müəyyənləşib. Kiçik və böyük miqyaslı xəritələr də həmişə baş qərargahların arxivində toplanır. Hətta dövlətlər arasında ən kiçik təpəciklər belə burada öz əksini tapır”.
Politoloqa görə, Google MAP, kosmosdan aparılan çəkilişlər dövründə yer üzərində hansısa bir topoqrafik dəqiqləşmələrin əhəmiyyəti o qədər də ciddi deyil:
“Bu gün müasir yanaşmalarla yer ərazisi dəqiq çəkilir və bilinir. Ona görə də, burada əsas məsələ ortaya qoyulan siyasi iradədir”.
Zərdüşt Əlizadə hesab edir ki, Paşinyanın məhz 1975-ci il xəritələrinin üzərində dayanması da heç təsadüf deyil:
“Fakt var ki, həmin dövr və ondan sonrakı mərhələdə bir çox Azərbvaycan kəndləri Ermənistana güzəştə gedilib. Keçmiş SSRİ-i dövründə ərazi mübadilələri yerli icraiyyə komitələrinin qərarları ilə aparılırdı. Daha sonra isə bu iş mərkəzi icra orqanlarının qərarları ilə həyata keçirilib”.