“Atlas” Aradırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Türkiyə seçkiləri ilə bağlı fikriniz necədir? Seçkilərə qədər sorğularda reytinqi yüksək görünən müxalifətin namizədi Kamal Kılıçdaroğlu və onun rəhbərlik etdiyi CHP niyə qələbə ehtimalını doğrulda bilmədi?
- Türkiyə müxalifətinin konseptual səhvləri oldu. Müxalifət və Kamal Kılıçdaroğlu hesab edirdi ki, ölkədə iqtisadi vəziyyət ağırdırsa, dərin infilyasiya varsa, Ərdoğan avtomatik məğlub olacaq, yəni ona səs verməyəcəklər. Amma görünən budur ki, iqtisadi durum yaxşı olmasa da, insanlar təhlükəsizliyə səs verdilər. Çünki Ərdoğanın komandası belə kampaniya aparırdı ki, Kılıçdaroğlu seçilsə, Abdullah Öcalan və digər PKK-çılar sərbəst qalacaq, Fəthullah Gülənin terror şəbəkəsinə (FETÖ) bağlı olanlar Türkiyəyə qayıdacaqlar və sair.
Düzdür, bu o demək deyil ki, bunların hamısı olacaqdı, amma təbliğat belə qurulduğundan insanlar Kılıçdaroğluna səs verməkdən çəkindilər.
İkinci konseptual səhv zəlzələ bölgəsi ilə bağlıydı. Düşündürdülər ki, zəlzələ zamanı 50 min insan həlak olub, binalar dağılıb, zərər böyükdür və sair. Müxalifət bunlara görə hökuməti tənqid edirdi. Hesab edirdilər ki, həmin bölgələrdə yaşayanlar da Kamal Kılıçdaroğluna səs verəcəklər. Amma nəticələr fərqli oldu. Bütün zəlzələ bölgəsinin 54 faizi Ərdoğana səs verdi, səsin cəmi 41 faizi Kılıçdaroğluna getdi.
Müxalifət çaşqınlıq içindədir ki, niyə belə oldu? Sual verdilər ki, niyə yaxınlarını itirənlər, evləri dağılanlar Ərdoğana səs verdilər? Bunun səbəbi sadədir. Ərdoğan o bölgəyə tez-tez səfərlərində deyirdi ki, bir ilə hamınızın evini tikəcəm və inşaat da dərhal başlamışdı. Bu da insanları o qənaətə gətirdi ki, indiki prezidentə səs verək və evlərimizdə rahat yaşayaq, Kılıçdaroğlu seçilsə, bu prosesin davam edib-etməyəcəyi məlum deyil.
Üçüncü səhv müxalifətin namizəd seçimi ilə bağlıdır. Maral Akşənər hələ seçkilərdən xeyli əvvəl demişdi ki, gəlin, qazanacaq namizəd seçək. Hətta buna etiraz olaraq martın 2-də masadan qalxdı, dedi ki, Kılıçdaroğlunun yox, Mansur Yavaş və ya Əkrəm İmamoğlunun namizəd olmasını istəyir. Onda da, indi də hesab edirəm ki, onların şansları daha çox ola bilərdi. Amma fərqli qərar verdilər.
Dördüncü səhv qurulan koalisiya ilə əlaqəlidir. Onda da hesab edirdim ki, elə də nüfuzu olmayan Əli Babacan, Əhməd Davudoğlu niyə bu koalisiyada təmsil olunur? Heç bir faiz səsləri də yoxdur.
Vaxtilə Əhməd Davudoğlunun xarici işlər naziri kimi səhvləri olmuşdu. Əli Babacan keçmişdə uğurlu nazir olsa da, xarizmatik siyasətçi deyil. Məsələn, Məhərrəm İncə Kılıçdaroğluna daha optimal variant təklif etmişdi ki, üçlü koalisiya yaradaq: Məmləkət Partiyası, CHP və İYİ Partiya. Bu, güclü koalisiya ola bilərdi. İncənin səsi Babacan, Davudoğlu, Gültəkin Uysal və Təməl Karamollaoğlunun partiyalarının birlikdə səslərindən daha çox olardı. Məncə, bu da müxalifətin ciddi səhvlərindən biri idi.
İndi proses ikinci tura gedir. Kılıçdaroğlu ilə Ərdoğan arasında iki milyonluq bir fərq var və bunu aradan qaldırmaq çətin olacaq. Məncə, Kılıçdaroğlu ikinci turda uduzsa, Akşənər onu ittiham edəcək. Deyəcək ki, gördünüz, mən vaxtilə uda biləcək namizədin irəli sürülməsini söyləmişdim.
Faktiki olaraq, parlament seçkilərində də məğlub oldular. Kılıçdaroğlu öz ideyasından artıq vaz keçməlidir. Deyirdi ki, seçilsə, Türkiyə yenidən parlament sisteminə qaytarılacaq. Amma həm parlament, həm də prezident seçkilərinin nəticələri göstərdi ki, bu nisbətlə ideyanı həyata keçirmək mümkün deyil. AKP yenidən parlamentdə səs çoxluğuna malikdir. CHP-nin yerləri isə azdır, bununla o sistemə keçid mümkün deyil. Millət İttifaqı və Kılıçdaroğlu burda da böyük uğursuzluğa düçar oldu.
- Bəs Kılıçdaroğlu niyə birlikdə səsləri heç bir faiz etməyən keçmiş AKP-çilər - Əhməd Davudoğlu və Əli Babacan, eləcə də Təməl Karamollaoğlu və Gültəkin Uysalla ittifaqa getdi, 7-8 faizlik sabit səsi olan İncəylə yox?
- Bu sual məni də düşündürür. Keçən il iki dəfə Türkiyədə oldum, bunu araşdırmağa çalışdım. Keçən ilin oktyabrında Ankarada Gültəkin Uysalla görmüşəm. Ona Millət İttifaqının necə irəliləyəcəyi ilə bağlı suallarım oldu. O sualı da ünvanladım ki, müxalifət qələbə qazanarsa, Cənubi Qafqaz siyasəti necə olacaq və sair.
Gültəkin Uysal ağıllı və məntiqli siyasətçidir, amma hər halda reytinqi yüksək deyil. Düzdür, onun Demokrat Partiyası keçmişdə məşhur olan Ana Vətən və Doğru Yol partiyalarının birləşməsindən yaranıb, amma sonrada populyarlıqlarını itirdilər, çünki seçkilərdə məğlub olmuşdular.
Bəli, məntiqlə ittifaq İncə ilə daha güclü ola bilərdi. Amma ortada bir şəxsi qarşıdurma var. Məhərrəm İncə CHP-dən küsüb ayrılmışdı. İntriqa imkan vermədi ki, belə bir blok yaransın. Amma məsələn, İncənin Akşənərə münasibəti müsbətdir. Kılıçdaroğlu şəxsi ambisiyasından yan keçib İncəylə koalisiya qura bilsəydi, bəlkə də indiki nəticə fərqli ola bilərdi. Etmədi, bu da çox ağır nəticəyə gətirib çıxardı.
Məhərrəm İncənin geri çəkilməsi Sinan Oğanın da işinə yaradı. Məncə, İncə geri çəkilməsəydi, Oğan 5 faiz səs toplaya bilməyəcəkdi, 1-2 faiz yığardı. Oğan İncənin səslərini topladı. İndi Oğanın səsləri uğrunda mübarizə gedir ki, ikinci turda kimə gedəcək. Hətta kiçik ehtimalla Oğan tərəfdarlarına müraciət edib desə ki, ikinci turda Kılıçdaroğluna səs verin, bu o demək deyil ki, 5 faizin hamısı ona gedəcək. Cəmi 1 faizi Ərdoğana getsə, qələbə qazanacaq. Bu məsələ də var.
Kılıçdaroğlunun bəzi açıqlamaları Azərbaycanda da məyusluq yaratdı. Azərbaycan cəmiyyətinin əksər hissəsi Ərdoğanın qələbəsi arzulayır, amma Kılıçdaroğlunun təqdim etdiyi xəritə cəmiyyətimizdə məyusluq yaratdı. Çünki Azərbaycan həmin xəritədən kənar qalmışdı.
Üstəgəl, Azərbaycanın o xəritədə yer alan nəqliyyat yoluna böyük ümidi var, Zəngəzur dəhlizinin önəmi də bununla bağlıdır. Mərkəzi Asiya ölkələri də buna ümidlidir, Türkmənistan prezidentinin bununla bağlı yaxınlarda Tacikistana səfəri olmuşdu. Yəni hiss olundu ki, Kılıçdaroğlu xarici siyasət məsələlərində ciddi problemlər yaşayır.
Rusiyanı da açıq şəkildə prosesə müdaxilədə ittiham etdi. İndidən Rusiya ilə münasibətləri korlamaq bir siyasətçi üçün təhlükəli gedişatdır. Bütün bu amilləri nəzərə alsaq, ikinci turda Kılıçdaroğlu üçün çətin olacaq.
- Bəs Sinan Oğan ikinci turda kimi dəstəkləyə bilər? Bunun üçün həm Ərdoğan, həm də Kılıçdaroğlunun qəbul etməyəcəyi şərtləri də var.
- Sinan Oğan hər iki tərəfə bərabər məsafədə dayanır, ikisini də kəskin tənqid edir. Cümhur İttifaqını onda ittiham edir ki, Ərdoğan islamçı kürd partiyası HÜDA-PAR-la blok qurub. Kılıçdaroğlunu da ittiham edir ki, o da radikal solçu kürdlərlə, PKK-nın siyasi qanadı (HDP) ilə ittifaqa gedib. Düşünürəm ki, Ərdoğan HÜDA-PAR-la ittifaqa getməsəydi, rahatlıqla ona dəstək verə bilərdi. Ümumiyyətlə, HÜDA-PAR-la ittifaqın mənasını anlamadım. Bu, Ərdoğana çox böyük səs gətirmədi.
Düşünürəm ki, Oğan hər iki tərəfə bərabər məsafədə qalmağa çalışacaq. Düzdür, Kılıçdaroğluna hörməti var, onunla fikir mübadiləsi olub. Hətta Oğanın anasının yasına keçmiş lideri Dövlət Bağçalı yox, Kamal Kılıçdaroğlu gəlmişdi. Amma PKK-nın siyasi qanadı ilə ittifaq Oğana imkan vermir ki, birbaşa Kılıçdaroğlunu dəstəkləsin. Hətta olsa belə, bu o demək deyil ki, onun bütün səsləri CHP sədrinə gedəcək. Beş faizlik səsin içində etiraz səsləri də var. Yəni bunlar birbaşa Oğana dəstəkdən irəli gəlmir. Bəziləri həm Kılıçdaroğlu, həm də Ərdoğana etiraz edərək Oğana səs vermişdilər. Bu səslər parçalanacaq.
- İkinci turda uduzacağı yüksək ehtimal kimi dəyərləndirilən Kamal Kılıçdaroğlunun, ümumən CHP-nin taleyi necə olacaq?
- Kılıçdaroğlu udsa da, qələbə qazansa da CHP-nin sükanı arxasında olmayacaq. Əkrəm İmamoğlunun partiya liderliyinə iddialı olduğunu düşünürəm. Düzdür, hazırda İstanbul bələdiyyəsinin sədridir, amma onu da nəzərə alaq ki, 9 ay sonra Türkiyədə yenidən bələdiyyə seçkiləri keçiriləcək. Zənnimcə, İmamoğlu bu dəfə bələdiyyə sədri olmaqdansa, CHP rəhbəri olmağa üstünlük verəcək. Çünki CHP-nin sədri olmaq, gələcəkdə prezidentliyə iddialı olmaq deməkdir. Bu perspektiv var.
Digər yandan, Kılıçdaroğlu məğlub olsa, həm CHP-dən getməli olacaq, həm də müxalifətdə parçalanmalar yaranacaq. Çünki dünyanın istənilən ölkəsində seçkilərdə məğlubiyyət həm bölünmələrə, həm də istefalara səbəb olur. Məncə, bu durumda Millət İttifaqı dağılacaq. Yenə deyirəm: Babacan və Davudoğlu ilə koalisiya Millət İttifaqına heç bir xeyir gətirmədi. Amma Kılıçdaroğlu imkan verdi ki, bu kiçik partiyalar CHP-nin siyahısı ilə parlamentə girsinlər.
İstisna deyil ki, onlar parlamentdə CHP-dən ayrılıb, başqa bir blok yaratsınlar. Bu da Kılıçdaroğlunun səhvlərindən biri olacaq. Çünki CHP-də çox adam var ki, niyə onların yox, bu kiçik partiyaların isimlərinin siyahıya salınmasına etiraz edə bilərlər. Bunun da dərin fikir ixtilafı yaratması mümkündür.
- Bu, limit olaraq (iki dönəm hakimiyyət) Prezident Ərdoğanın sonuncu şansıdır. Sizcə, o, qarşıdakı mümkün hakimiyyəti dönəmində yerinə bir varis hazırlayacaqmı?
- Ərdoğan xarizmatik fiqurdur. Ötən 20 ildə 14 seçkidə qələbə qazanıb. Türkiyə tarixində belə bir şey olmayıb ki, bir siyasətçi 20 il ard-arda bu qədər seçkidə qalib gəlsin. Süleyman Dəmirəl də uzun müddət baş nazir seçilib. Amma bir dəfə udurdu, bir də qələbə qazanıb geri qayıdırdı. Ərdoğan isə 21 ildir hakimiyyətdədir. Bu beş ili də sona çatdırmaq istəyir.
Bu ilin oktyabrında Türkiyə Cümhuriyyətinin 100 illiyidir, bunu özü qeyd etmək istəyir. Amma insan əbədi deyil, yəqin ki, özündən sonra üçün varis haqda düşünəcək. Hələlik partiyasında (AKP) Ərdoğan qədər ikinci xarizmatik fiqur hələlik tanımıram.
Ərdoğan bu seçkidə də bütün yükü özü daşıdı. Qarşısında təkcə Kılıçdaroğlu yox idi, koalisiya ilə mübarizə apardı, aparır. Kılıçdaroğlu, Akşənər, Yavaş və İmamoğlu – hər biri özlərinə görə siyasi fiqurlardır. Ərdoğan bütün yükü öz çiynində daşıdı.
Seçkidə qələbədən sonra yeni hökumət quracaq. Çünki bütün nazirlərin hamısı millət vəkili seçildi – başda müdafiə naziri Hulusi Akar olmaqla, xarici işlər naziri Mövlud Çavuşoğluna qədər. Ərdoğanın qarşısında çox ciddi çağırışlar var. Bunlar da əsasən iqtisadi məsələlərlə bağlıdır. Sosial-iqtisadi durum ağırdır, inflyasiya dərindir, qiymətlər artır və sair. Əslində, iqtisadiyyatda problemlər olmasaydı, Ərdoğan birinci turda çox rahatlıqla seçiləcəkdi.
Ərdoğanın digər sahələrdə uğurları böyükdür. Xüsusən də müdafiə və hərbi sənayedə, nəqliyyat sahəsində və sair. Bir çox istiqamətlərdə uğurları çoxdur, amma iqtisadiyyatdakı dərin problemlər birinci turda qələbəsinə mane oldu. Buna görə də növbəti beş ildə əsas vəzifə iqtisadiyyatı düzəltmək, insanların rifah halını yüksəltmək olacaq. Güclü komanda formalaşdıra bilsə, bu hədəflərinə də çata bilər.