19 May 2023 09:14
1 732
12 Punto 14 Punto 16 Punto 18 Punto

ReAL Partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan Brüsseldəki görüşdən sonra da 86.6 min kvadratkilometr ərazisində Azərbaycanın bütövlüyünü tanıdığını təkrarladı. Bu həm də o deməkdir ki, Ermənistan Qarabağa separatçı iddiasından əl çəkməklə yanaşı, anklavları da qaytarmalıdır. Sizcə, yerindən tərpənən proses bu nöqtəyədək gedəcəkmi?

- Əslində, burada problem Rusiyanın mövqeyi ilə əlaqəlidir. Çünki hər dəfə Qərbdəki görüşlərdə irəliləyiş əldə olunan kimi, Rusiya buna qısqanclıqla yanaşır. Rusiya “bölgədə yeganə moderator və sülh danışıqlarının nəticə verdiyi mərkəz rolu”ndan kənara çəkilmək istəmir.

Mayın 19-da xarici işlər nazirləri Moskvada görüşəcəklər. Ümid edirəm ki, bu görüşdə ciddi problem yaşanmayacaq. Rusiya yenidən “yeganə moderator və sülh danışıqlarının keçirildiyi mərkəz” olduğunu israr etsə, bu zaman Praqa, Brüssel və Vaşinqton danışıqlarında əldə edilmiş irəliləyişin axsaması mümkündür. Moskva bilir ki, Azərbaycan prezidenti və Ermənistan baş nazirinin iyunun 1-də Kişinyovda da görüşü nəzərdə tutulub. Bundan başqa, iyulda Brüsseldə liderlərin digər bir görüş planlaşdırılıb, bu barədə Şarl Mişelin ofisindən də məlumat verilib. Görünən budur ki, Brüssel və Vaşinqtonda bu işin ciddi şəkildə sürətləndirilməsi ilə bağlı strateji yanaşma, qərar var.

Qərbdə aparılan danışıqlarda gözlə görülə biləcək irəliləyişlər də əldə olunur. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı suallara aydınlıq gətirilməsi və Paşinyanın bununla bağlı açıqlama verməsi də, prosesdə irəliləyişin olduğunu deməyə əsas verir. Çünki Ermənistan uzun illərdir bu fikri qəbul etmək istəmirdi. Buna görə də gedişat Rusiyanın Ermənistana nə qədər təzyiq edib-etməməsindən asılı olacaq. Çünki Rusiyanın Azərbaycana təsir rıçaqları olsa da, çox azdır. Azərbaycan kifayət qədər müstəqil xarici siyasət yürüdür. Amma Ermənistanın asılılıqları var. Rusiya bundan istifadə edib növbəti dəfə Ermənistana geri durması ilə bağlı təzyiq etsə, təəssüf ki, məsələ uzana bilər.

Ən optimal ssenari bu ola bilərdi ki, yaxınlarda iki ayrı sənəd imzalansın. Biri Brüssel, digəri Moskva formatında imzalana bilər ki, hər iki tərəfin ambisiyalarını qarşılamaq mümkün olsun.

- Bəs sülh prosesinin sürətlənməsini istəyən Qərbin, yaxud Brüssel və Vaşinqtonun bölgə ilə bağlı hansı hesabları var?

- Açığını deyim ki, onlar üçün məsələnin necə və ya kimin xeyrinə həll olunacağı o qədər də vacib deyil. Qərb üçün vacib olanı budur ki, sülh danışıqları yekunlaşsın və bölgədə Rusiyanın təsirinin azaldılması ilə bağlı projelərə start verilsin. Bunun içində maliyyə dəstəyi də var. Məsələn, Avropa Birliyi sülh sazişinin imzalanmasından sonra Azərbaycana 2.2, Ermənistana isə 2.4 milyard avronun ayrılacağı ilə bağlı qərar verib. Bu, kifayət qədər böyük məbləğdir. Ermənistan üçün isə çox böyük rəqəmdir, az qala, büdcəsinə bərabərdir. Əlbəttə, Azərbaycanın büdcəsi daha böyükdür, iqtisadi imkanları daha genişdir. Amma bu, azad edilmiş Qarabağ və digər ərzilərimizdə aparılan quruculuq işləri üçün önəmli ola bilər.

Qərbin əsas istəyi Rusiyanın sıxışdırılıb bölgədən çıxarılmasıdır. Qərb “sülh müqaviləsi olacaqsa, Rusiyanın bölgədəki nüfuzu azalacaq” hesabı ilə hərəkət edir.

- Ola bilərmi ki, Moskva “yeganə moderator rolu”nu saxlamaq məqsədinə prosesi pozmaqla yox, konkret anlaşmanın əldə edilməsinə vasitəçi olmaqla çatsın?

- Obrazlı desək, Rusiya tarixən həmişə əlində “qamçı” ilə gəzib, “kökə”si olmayıb. Brüssel və Vaşinqton sülh müqaviləsinin imzalanması qarşılığında “kökə” də vəd edir. Amma Rusiya həmişə təhdidlə davranır, bildirir ki, onun dediyi olmasa, ciddi problemlər yaranacaq. İndi zaman yetişib ki, Rusiya da bir “kökə” versin. Anlaşmanın qarşılığında nəsə vəd edə bilər. Bunu etsə, Rusiya önə keçə bilər.

Açığını deyim ki, hələ də Rusiyanın bölgəyə təsir rıçaqları Qərbinkindən daha çoxdur. Buna görə də gedişatın Moskvanın niyyətindən asılı olacağını düşünürəm. Əgər Moskvanın niyyəti bölgədə nüfuzunu qoyub-saxlamaq yolu ilə ədalətli sülhün əldə etməkdirsə, Ermənistana müəyyən təzyiqlər edərək, prosesdə öndə ola bilər. Amma təəssüf gələn siqnallar onu göstərir ki, Rusiyanın əsas hədəfi böyük sülh sazişi yox, “yeganə moderator rolu”nu və bölgədəki mövcudluğunu qorumaqdır. Bu da ciddi problem yaradır.

Rusiya rəsmiləri deyirlər ki, məsələlər mərhələli şəkildə həll olunsun. Məsələn, birinci mərhələdə kommuniksiyaların açılmasını, ikincisində sərhədlərin müəyyənləşdirilməsini təklif edirlər. Ən əsası da Azərbaycanın rəsmi qərarına baxmayaraq, Rusiya Qarabağla bağlı “status” məsələsini gündəmdə saxlayır. Rusiya bildirir ki, “status məsələsi” gələcəkdə həll olunsun. Azərbaycanın yekun qərarına və mövqeyinə baxmayaraq, Rusiyanın qeyri-səmimiliyindən xəbər verir.

- Rusiya xarici işlər naziri Sergey Lavrovun bir açıqlaması da diqqət çəkir. O deyir ki, Ermənistan KTMT missiyasının sərhəddə yerləşdirilməsinə razı olsaydı, bundan uduşlu çıxardı. Sizcə, o nə demək istəyir, bu, Azərbaycana yönəlmiş hədədirmi?

- Əslində, Azərbaycana xəbərdarlıq, Ermənistana da bir hədədir ki, siz Avropa Birliyinin missiyasına ümid edirsiniz, amma onların sizi qorumaq üçün səlahiyyət və imkanları yoxdur, sizi ancaq biz qoruya bilərik. Zənnimcə, Lavrov bunu demək istəyir.

- Rusiya və İran Rəşt-Astara dəmir yolunun tikintisinə dair saziş imzaladı. Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində inşa olunan xəttin Azərbaycandan keçən hissəsinin tikintisi də uzun müddətdir müzakirə mövzusudur. Prezident Vladimir Putin də imzalama mərasimində bu məsələdə Azərbaycanla əməkdaşlığın önəminə diqqət çəkdi. İran-Azərbaycan gərginliyinin davam etdiyi vaxtda bu projenin reallaşması nə qədər mümkündür?

- Əslində, bu layihə ilə bağlı ilk təklifi Azərbaycan verib. Amma İranın qeyri-səmimi, hətta anormal yanaşmasına görə bu layihə gecikdi. Rəşt-Astara dəmir yolunun İrandan keçən hissəsinin maliyyəsini belə Azərbaycan verməyə hazır idi. Hətta bir neçə il əvvəl 500 milyon dollara yaxın investisiya layihəsi də nəzərdə tutulmuşdu. Bu, İranın qeyri-səmimi münasibətinə görə gecikdi. Yəqin İran istəyirdi ki, Azərbaycan dəmir yolunda haqq sahiblərindən biri olmasın. Bu layihənin Rusiya ilə həyata keçirilməsi özü üçün uyğun görür. Hər ikisinin burada öz marağı var.

Hər halda Şimal-Cənub dəhlizi Azərbaycandan keçməlidir, bunun başqa yolu yoxdur. Azərbaycana möhtacdırlar. İndi öz aralarında razılaşsınlar, onsuz da sonda Azərbaycanla anlaşmaq məcburiyyətindədirlər. Çünki Azərbaycansız bunu reallaşdırmaq mümkün olmayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər